Sizin reklam burada

Faiq Həsənov susdu!

Baxış Sayı:637

Faiq Həsənov susdu!
“Futbol+”in ötən sayında qadın şahmatçılarımız arasında reytinqi ən yüksək olan, son ölkə çempionu Günay Məmmədzadənin (2393) Azərbaycan Şahmat Federasiyasına (AŞF) etiraz məktubunu dərc etmişdik. Xanım şahmatçı qeyd edirdi ki, avqustun 21-26-sı aralığında Bakıda qadınlardan ibarət yığmamızın Almaniya komandası ilə yoldaşlıq oyunlarında iştirak etmək istəmir. Həqiqətən də Günayın şahmatçıların reytinqinə təsir edəcək oyunlardan kənarda qalmaq istəyi təəccüb doğurdu. Onun məktubundan sonra bəlli oldu ki, AŞF-nın vitse-prezidenti Faiq Həsənov ilk turun püşkü atılmadan ağ rəngi qonaqlara verib. Belə mənasız addımın isə səbəbi bilinmir. Həsənovun püşksüz bu cür addım atmasının nəticəsi kimi Məmmədzadə ikinci oyunda da qara fiqurlarla oynamalıdı. Amma o, bundan imtina edir və oyunlara qatılmaq niyyətində deyil. Məsələ ilə bağlı dünən Həsənovun özü ilə danışmaq istədik. Onunla söhbətimiz qısa oldu.
- Faiq bəy, “Futbol+” qəzetindən narahat edirik. Günay xanımın etirazıyla bağlı açıqlama almaq istəyirik.
- Mən sizin qəzetə danışmaq istəmirəm.
- Niyə?
- Çünki birtərəfli yazırsız. O üzdən müsahibə və ya açıqlama vermirəm.
- Biz də sizə müraciət edib, məsələyə dair hər iki tərəfin reaksiyasını öyrənmək istəyirik.
- Xeyr, bu haqda danışmayacam. Nə danışım ki? “Futbol+”də sizdən əvvəl də bir şəxs işləyirdi. O da birtərəfli və qərəzli yazırdı. Ona görə danışmıram.
Faiq bəy, od olmayan yerdən tüstün çıxmaz. Biz hər zaman doğrunu yazmışıq. Çünki qəzetimizin şüarı “Vətən idmanı və idmançıları ilə ucalsın”dı. Heç kim birtərəfli yazıb, kiməsə haqsızlıq etmək istəməz. Yəqin ki, haqsızsız, bu üzdən də susursuz, geri çəkilirsiz. Onsuz da mövzunu davam etdirəcəyik.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR