Srağagün “Şamaxı”nın təqdimat mərasimində qonaq qismində iştirak edənlərdən biri də Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı idi.
Tədbiqdə çıxış edən professor “Şamaxı”nın tarixinin “Xəzər Universiteti”ndən götürüldüyünü bildirməklə yanaşı, universitet komandasının yaranması barədə də məlumat verdi:
“Bir dəfə mənə dedilər ki, üç tələbə gəlib sizinlə söhbət etmək istəyir. Dedilər, biz burda oxuyuruq, futbol oynamaq istəyirik, futbolçuyuq. Səhv etmirəmsə, üçü də gənclər yığmasında oynayırdı. Birinin adı, deyəsən, Elmar idi. Dedim, istəsəz, komanda qurun, təəssüf ki, universitetlər liqası yoxdu. Onlar da “həvəskarlar liqası var, orda oynayırıq” söylədilər və İsmayıl Əliyev adlı məşqçini dəvət etdilər. Onlardan soruşdum ki, biz həvəskarlar liqasından peşəkarlara keçə biləcəyik? Dedilər asan iş deyil. Böyük işlər heç vaxt asan olmur, zəhmət tələb edir. Universitet kimi nəyə gücümüz çatdısa, onu da etdik. Həvəskarlar liqasında oynadıq və iki ilə üst sıralarda yer aldıq. Ondan sonra yüksək liqada oynamaq istəyirdik. Bildirdilər ki, bir komanda yüksək liqadan çıxır, gəlin, oynayın. Biz də oynamağa başladıq. Pis də alınmadı”.
Hamlet bəyin adını çəkdiyi Elmar hazırda “Qəbələ”nin baş məşqçisi postunu tutan Elmar Baxşıyevdi. Belə çıxır, dolayısı ilə də olsa, bugünkü “Şamaxı”nın yardılmasının təşəbbüskarı Baxşıyev və onun futbolçu dostları olub. Görəsən, qalan iki nəfər kimdi? Bu suala və 25 il əvvəl yaşananlara aydınlıq gətirmək üçün Baxşıyevlə əlaqə saxladıq:
“Açığı, o söhbətin üstündən uzun illər keçdiyinə görə bütün detalları yada salmaqda çətinlik çəkirəm. Yanılmıramsa, biz əvvəlcə İsmail Əliyevlə bu barədə söhbət etdik. Onunla bəzi məsələləri müzakirə edəndən sonra Hamlet müəllimlə görüşdük. Rektorla görüşə məndən başqa Mikayıl Namazov, səhv etmirəmsə, ya Rəşad Abdullayev, ya da Aqşin Ömərov yollanmışdı. Hamımız eyni yaşda olsaq da, mən U-21-ə dəvət alırdım. Adını qeyd etdiklərim isə U-19-da çıxış edirdilər. Hamlet müəllim biz çox yaxşı qarşıladı, fikirlərimizi dinlədi. Özü də futbol həvəskarı olduğundan lazımi şərait yaradılacağına söz verdi. İsmayıl müəllim də komandanın baş məşqçisi oldu. O görüşdən sonra “Xəzər Universiteti”nin əsası qoyuldu. Həmin vaxt özümüz də həmin universitetin tələbəsiydik”.
RƏŞAD