Sizin reklam burada

Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd

Müəllif: football Tarix: 20-08-2017, 15:11 680 Baxış
Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd
“Azərsun” kömək etsə, qonaq sektorunu tam dolduraram”
Hər kəs səbirsizliklə avqustun 23-nü gözləyir. Həmin gün “Qarabağ” tarixi ilkə imza ata bilər. Söhbət Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdan gedir. Bunun üçün Qurban Qurbanovun yetirmələri ilk görüşdə əldə etdiyi üstünlüyü “Kopenhagen”lə səfər qarşılaşmasında da qorumalıdı. Bu baxımdan “Telia Parken”dəki oyun “köhlən atlar” üçün həyati əhəmiyyət daşıyır. Odu ki, istər Danimarkada, istərsə də yaxın Avropa ölkələrində yaşayan azərbaycanlılar çempionumuzu tək qoymamalıdı.
Ötən sayımızda bu məsələyə müxtəlif prizmalardan yanaşmışdıq. Bu dəfə isə Danimarkadakı Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi ilə danışdıq: “Feysbuk” səhifəmə nəzər salsaz, orda da görə bilərsiz ki, mən burda həmin oyunla bağlı necə təbliğat aparıram. Mən deyəndə Vətən Cəmiyyətini nəzərdə tuturam. Həmin qurumun da sədri mənəm. Püşkatma günündən “Qarabağ”ın Danimarkadakı bütün təşkilatı məsələlərini Cəmiyyətimiz öz üzərinə götürüb. Azarkeşlərin eyni sektorda qərarlaşması ilə bağlı lazımi məlumatları “feysbuk”da qeyd etmişik. Təkcə burdakı azərbaycanlılar və ya türklər yox, türkmənlər də həmin oyunu izləməkdə maraqlıdı. Onlarla sıx əlaqələrimiz var. Odu ki, “Qarabağ”ıln Kopenhagendə dəstəksiz qalmayacağını əminliklə söyləmək olar. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla daim əlaqədəyik. Bütün məlumatları ona ötürürük. Elə bu gün də onunla danışmışam. Ancaq onu deyim ki, problemimiz var. Əvvəlcədən bizə demişdilər ki, biletlər pulsuz olacaq. Biz də bu haqda azərbaycanlılara, türklərə, eləcə də türkmənlərə məlumat vermişdik, təxminən 350-400 nəfərdə bu haqda informasiya vardı. Təəssüf ki, “Kopenhagen” pulsuz bilet verməyə razılaşmadı. “Qarabağ”ın burda günahı yoxdu. Qarşı tərəfin bu hərəkəti insanlarda qıcıq yaratdı. Mən də hər kəsə klubumuzun günahsız olduğunu başa saldım. “Qarabağ” tərəfi deyir ki, biz indiyədək kiminlə oynamışıqsa, biletləri pulsuz barter etmişik. İndi isə “Kopenhagen” buna razılıq vermir. Bunun da səbəbi bəllidi. Danimarkalılar üçün Bakıdakı oyunda biletlərin qiyməti təxminən 5 avro olub. Amma “Kopenhagen” tərəfi biletləri 25 avroya satır. Təsəvvür edin, 5 dəfə baha qiymətə. Odu ki, bütün maraqlananlara bildirmişəm ki, biletləri onlayn şəkildə əldə etməlisiz”.
Səfər bəy başqa Avropa ölkələrindən də oyuna maraq göstərənlərin, ancaq bəzi problemlərin olduğunu da dilə gətirdi: “Almaniya, İsveç, Norveç, hətta Polşadan gələnlər olacaq. Almaniyadan bəzi azarkeşlər matçı canlı izləmək istəyirdi. Düzdü, onlar onlayn şəkildə biletlərini alacaqlar. Ancaq səfər xərci yetərincə bahadı. İstəyirlər ki, avtobus tutub gəlsinlər, oyuna baxıb, həmin nəqliyyat vasitəsilə də qayıtsınlar. Lakin bu proses maliyyə tələb edir. Almaniyada olan Bakı Cəmiyyətinin sədri Sevda Bayramova “Qarabağ”ın sponsoru “Azərsun Holdinq”ə müraciət edib. Biletləri özləri alırlar, sadəcə, avtobus üçün kömək istəyiblər. Çox təəssüf, şirkət onlara cavab verib ki, biz “Qarabağ”a sponsorluq edirik, azarkeşlərə yox. “Azərsun Holdinq” çox böyük bir şirkətdi, Azərbaycanda milyonlar qazanır. “Qarabağ” hər an gəlib Avropada oyun keçirmir. “Neftçi” və ya başqa bir klub gəlsəydi, mənə o qədər təsir eləməzdi. Ancaq “Qarabağ” deyəndə, artıq bu idmandan çıxır, siyasiləşir. Bütün 39 min insan görəcək ki, “Qarabağ”, “Azərbaycan” qışqırırıq. Yəni o torpaqlar bizimdi. Özüm də Vətən Cəmiyyətinin sədri olmaqla yanaşı, həm də Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentiyəm. Bu dəqiqə mənə müraciət edənlərin sayı təxminən 300-350 nəfərdi. Ancaq gəlmək istəyən çoxdu. Onları maliyyələşdirsələr, daha çox azarkeş ola bilər. 25 avro “Azərsun Holdinq” üçün belə böyük puldu? Qonaq sektoru təxminən 1500 adam tutur. 1500 olmasın, 1000 nəfərin pulunu versin. Bu şirkət üçün o böyük puldu? Başa düşürəm, klub azarkeş üçün bilet almalı deyil. Amma sən ki Azərbaycanda pul qazanırsan, azarkeşlərə sponsorluq edəndə nə olar? Beş manatın azalacaq? Bəs vətənpərvərlik, Azərbaycansevərlik harda qaldı? Şirkət kömək etsə, qonaq sektorunu tam dolduraram. Bütün Avropa bu oyuna gəlmək istəyir. “Qarabağ” elə-belə komanda deyil. Azarkeşlər avtobuslə qonşu ölkələrdən gələ bilərlər, lakin buna maliyyə lazımdı. Cənublu soydaşlarımızı da saysaq, burda azərbaycanlıların sayı yetərincədi. Sadəcə, hamısın üzə çıxarmaq lazımdı. Onlara pulsuz bilet paylasam, kifayət qədər azarkeş gələr. Özüm təqaüdçüyəm, elə Vətən cəmiyyətinin də güclü maliyyəsi yoxdu ki, o insanları kömək edim. “Azərsun Holdinq” güclü təşkilatdı, yardım etsinlər. Şirkətdən də əlavə, Avropada nə qədər iş adamımız var. Hamısı yatır. Yalandan “vətənpərvərik” deməklə iş bitmir. Biz öz təbliğatımızı aparırıq. Lakin hansısa işi tam şəkildə həyata keçirmək üçün maliyyə lazımdı”.
FARİZ
SON XƏBƏRLƏR