Sizin reklam burada

“Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı

Müəllif: football Tarix: 20-08-2017, 13:54 574 Baxış
“Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı
Süleyman Tağıyev: “Nöqsanları aradan qaldırmaq üçün bir az vaxt və vəsait lazım idi”
Premyer-liqa çərçivəsində sabaha nəzərdə tutulan hər iki oyun bölgələrdə keçiriləcək. Biri Qəbələdə, digəri Yevlaxda. Bəli, uzun fasilədən sonra yevlaxlı futbolsevərlər yenidən elita qarşılaşmasına şahidlik edəcək. Lakin qonaqları ev sahibi kimi “Karvan” yox, “Kəpəz” qəbul edəcək. Bu da Gəncədəki stadionda meydançanın yenidən qurulması ilə bağlıdı. Halbuki oyun Tovuzda keçirilə bilərdi.
Lakin bir neçə gün öncə ora səfər edən PFL rəsmiləri arzuolunmaz vəziyyətlə üzləşib. Qəzetimizin ötən sayına açıqlama verən qurumun Təhlükəsizlik Departamentinin əməkdaşı Samir Kərəmov Tovuz stadionundakı şəraitlə bağlı acı faktları dilə gətirmişdi. Texniki zona yararsızdı, paltardəyişmə və duş otaqları bərbad vəziyyətdədi, canlı yayının təşkili üçün istənilən şərait yoxdu, VİP-sektor acınacaqlı durumdadı, yanğınsöndürən maşının gələcəyinə və işıqların sönməyəcəyinə zamənət verən yoxdu. Meydançanın müxtəlif yerlərində əmələ gəlmiş deşiklər də öz yerində. Bir sözlə, premyer-liqa oyunu olan yerdə Tovuz stadionunun adını çəkmək qəbahətdi.
Təbii ki, bunlar PFL rəsmisinin gördükləri, söylədikləri idi. Eşitdiklərimizlə bağlı “Turan” rəsmilərindən münasibət öyrənməsək, olmazdı. Ən azı bu qədər nöqsanı olan arenada birinci divizion matçı keçirməyin özü belə mümkün deyil. Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Tağıyev PFL rəsmisinin söylədiklərinə haqq qazandırdı: “Bəli, bu gün stadionda müəyyən çatışmazlıqlar var. Texniki zona, paltardəyişmə və duş otaqları ilə bağlı deyilənlər həqiqəti əks etdirir. Nöqsanları aradan qaldırmaq üçün bir az vaxt və vəsait lazım idi. Bunun üçünsə PFL-in zamanı yox idi. Çünki həftəsonu “Kəpəz” “Zirə”ni qəbul etməliydi. Hətta stadiondakı çatışmazlıqlar həll olunsaydı belə, meydançada əmələ gəlmiş deşik problemi olduğu kimi qalacaqdı. Çünki bunun üçün örtüyü döşəyən şirkətin əməkdaşları gəlməlidi. Oturacaqların 2 mindən çoxu sınıqdı. Yeniləri ilə əvəzləmək üçün tələb olunan vəsait yoxdu. Yayının təşkili üçün şəraitə gəlincə, vaxtilə burda canlı yayın təşkil olunub. Öncəki mövsümdə ARB telekanalı 3-4 kamera ilə yayın təşkil edirdi. Daha öncə “İdman Azərbaycan” “Qarabağ”la oyunumuzu göstərmişdi. Ümumi götürəndə iradları əsaslı qəbul etmək olar”.
Vəziyyət həqiqətən deyilən kimidisə, növbəti mövsümdə birinci divizionda mübarizə aparacaq “Turan” rəqiblərini hansı stadionda qəbul edəcək? Haqqında söz açdığımız, problemlərini sadalamaqla qurtarmayan həmin arenada? Süleyman bəy durumun yaxşıya doğru dəyişəcəyini dedi: “Mövsümün başlamasına xeyli vaxt var. Çempionat 3 aya yaxındı başa çatıb. Çempionat vaxtı duş otaqları normal vəziyyətdəydi. Texniki zona da əsən güclü küləkdən sonra bu hala düşdü. Hətta tufan deyərdim. Onsuz da paltardəyişmə otaqlarının təmirə ehtiyacı vardı. Artıq bu işə start verilib. Uşaq futbol məktəbi üçün tribunaların alt hissəsində üç paltardəyişə otağı düzəldilir ki, tamamlanma işləri gedir. Meydançayla bağlı yaranmış problemə FSM şirkətindən gəlib baxmalıdılar. Çempionat başlayana qədər əsas nöqsanlar aradan qaldırılacaq”.
HƏBİB
SON XƏBƏRLƏR