Sizin reklam burada

“Qəbələ” “Qalatasaray”la oynayacaq?

Title
“Qəbələ” “Qalatasaray”la oynayacaq?
“Beşiktaş”la martda qarşılaşmaq haqda söhbət olmuşdu”
Tez-tez hansısa Türkiyə klubunun Bakıda yoldaşlıq oyunu keçirəcəyi xəbərini eşidirik. Bu mənada “Beşiktaş” və “Qalatasaray”ın adı daha çox hallanır. Ancaq hər dəfə də bu xəbərlər ya əsassız çıxır, ya da klubların planı müxtəlif səbəblərdən baş tutmur. Sonuncu dəfə iki ildi Türkiyə çempionu olan “Qartal”ın paytaxtımıza gələcəyi və “Qarabağ”la qarşılaşacağı deyilmişdi. Bir qədər də dəqiqləşdirsək, bu haqda “ağ-qaralar”ın prezidenti Fikrət Orman açıqlama vermişdi. Tərəflər arasında oyunun bu ilin yanvarında Bakıda keçirilməsi planlaşdırılsa da, bunun üçün heç bir addım atılmadı. İndi isə “Qalatasaray”ın bizimkilərlə oynayacağı qeyd olunub. Türkiyə mətbuatının iddiasına görə, qarşılaşma “Cim-Bom”un yeni transferi Sofian Fequlini sınaqdan keçirməyə hesablanıb. Guya “sarı-qırmızılar” sentyabrın 2-si və ya 3-də “Qəbələ” ilə münasibətləri aydınlaşdıracaq. Ancaq matçın məkanı haqda bir kəlmə belə yazılmayıb. “Qalatasaray”ın bu haqda rəsmi xəbər yaymaması türkiyəli həmkarlarımızın informasiyasının əsassız olduğunu göstərir. Hər halda, “Qəbələ”nin baş meneceri Zaur Əzizov da belə bir oyunun planlaşdırılmadığını söylədi: “Bu haqda heç bir xəbərimiz yoxdu. Bizə yoldaşlıq oyunu keçirmək üçün “Qalatasaray”dan təklif olmayıb. Yalnız bir dəfə “Beşiktaş”la martda qarşılaşmaq haqda söhbət olmuşdu. O da baş tutmadı”.
SƏRXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.