Sizin reklam burada

“Mil-Muğan”da köhnə-yeni baş məşqçi

Baxış Sayı:644

“Mil-Muğan”da köhnə-yeni baş məşqçi
Yağışdan sonra artan göbələklər kimi son günlər ölkənin futbol səhnəsində də yeni klublar peyda olmaqdadı. Hər gün mətbuatda hansısa yeni yaranmış komandanın rəhbərliyinin PFL-in “elçi daşının üstündə oturduğunu” eşidir, rəsmilərin iddialı açıqlamalarıyla tanış oluruq. Hamısı da sanki sözləşibmiş kimi iddialı olacaqlarını, ilk mövsümdəcə hədəflərinin premyer-liqaya yüksəlmək olduqlarını söyləyirlər. Ən acınacaqlısı isə odu ki, yeni klubların hamısı da Bakını təmsil edir. Artıq paytaxtda az qala hər məhəllənin bir komandası var, hamısı da peşəkar statusu daşıyan liqada mübarizə aparmaq niyyətindədi.
Çox təəssüf ki, Bakı komandalarının sayının durmadan artdığı ərəfədə bölgə təmsilçilərinin sıraları gündən-günə seyrəlir. Bugünlərdə əldə etdiyimiz xəbərə görə ötən mövsüm birinci dəstədə çıxış edən “Mil-Muğan”ın yeni “futbol ili”n də burda oynaması sual altına düşüb. İmişli təmsilçisinin maliyyə çətinlikləri səbəbindən dağılmaq təhlükəsi ilə üzləşdiyi söylənilir.
Məsələyə aydınlıq gətirmək üçün dünən “Mil-Muğan”ın prezidenti Mirheydər Səfiyevlə əlaqə saxladıq. Mirheydər bəy komandanın yaşayacağını bildirsə də, düşərgədə dəyişikliklərin olduğunu etiraf etdi: “Mil-Muğan” növbəti mövsümdə də birinci dəstədə çıxış edəcək. Ancaq ötən ildən fərqli, kollektivdə müəyyən dəyişikliklər olub. Belə ki, bu il komandanı Xaliq Mustafayev çalışdıracaq. Aqil Məmmədov tutduğu postdan ayrıldı. Mustafayev əsasən yerli futbolçuların hesabına komanda formalaşdırmağa planlaşdırır. Artıq bir neçə gündü məşqlərə start verilib. Ötən il olduğu kimi, klub yenə də AFFA-dan maliyyələşəcək. Büdcədə dəyişikliyin olub-olmaması isə yaxın günlərdə bilinəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR