Sizin reklam burada

Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək

Baxış Sayı:813

Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək
Rövşən Qasımov: “Sonra bu layihəni daha da böyütmək niyyətindəyik”
Son vaxtlar ölkədə yeni futbol klublarının yaradılması, köhnələrin bərpası yönündə müəyyən canlanma var. “Səbail”, “Binə”, “Karvan” və başqaları buna bariz nümunədi. Bu adlar sırasına daha biri əlavə olunub. Bu klubun adı “Xəzər”di. Xeyr, “Xəzər Lənkəran” yox. Yeni klub Bakıda yaradılıb. Bu haqda məlumatı “sportinfo” portal yayıb. Artıq yeni futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Paytaxtda məskunlaşan komanda növbəti mövsümdən birinci divizionda mübarizə aparacaq. Deyilənlərə görə, artıq Peşəkar Futbol Liqası (PFL) ilə danışıqlar aparılıb və razılıq əldə olunub. "Xəzər" dünəndən seleksiyaya başlayıb. İlk mərhələdə çalışmalar "Sərhədçi" İdman-Sağlamlıq Mərkəzində təşkil olunub.
“Xəzər”i kimin çalışdıracağı dəqiqləşib. Ötən mövsüm "Səbail"də Elman Sultanovun köməkçisi işləyən Rövşən Qasımov “sükan arxasına” gətirilib. Gənc mütəxəssisin qarşısına iddialı kollektiv qurmaq vəzifəsi qoyulub. Klubun prezidenti isə Mahir Məmmədovdu. Xeyr, söhbət AFFA İcraiyyə Komitəsinin üzvü, "SOCAR Georgia"nın prezidentindən getmir. Bu şəxs də iş adamıdı, İngiltərədə ali təhsil alıb. Məqsədi ən qısa müddətdə "Xəzər"i premyer-liqada görməkdi.
Klubla bağlı daha ətraflı bilgi almaq üçün Rövşən Qasımovla əlaqə saxlamağı lazım bildik. O artıq bütün lazımi sənədlərin PFL-ə göndərildiyini bildirdi: “Bəli, “Xəzər”in əsasının qoyulması ilə bağlı məlumatlar doğrudu. Belə bir planımız var. Artıq Ədliyyə Nazirliyində qeydiyyatdan da keçmişik. Yaxın zamanlarda ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Rəhbərlik konkret qərar verib. Artıq işlərin 90 faizi həllini tapıb. Bəzi texniki məsələlər qalıb. Bizim nümayəndəmiz PFL-ə müraciət edib. Bütün müvafiq sənədlər quruma təqdim olunub. Klubun maliyyələşdirilməsi ilə bağlı konkret nəsə deyə bilmərəm. Mənim işim əsas məşq prosesinə rəhbərlik etməkdi”. Qasımovun sözlərinə görə, artıq komandanın seleksiya xarakterli məşqləri də başlayıb: “Bəli, artıq toplaşmışıq. Bu gün (dünən) ilk məşqə çıxdıq. Sıralarımızda o qədər çox futbolçu yoxdu. Məşqlərimiz seleksiya xarakterlidi. Danışıq apardığımız oyunçular var. Onların bəziləri istirahətdədi. Bir qismi də bizə söz verib. Düşünəcəklərini deyənlər də var. Yaxın zamanda heyətimiz tam olacaq. Ev oyunlarımızın harda keçiriləcəyi bəlli deyil. Bu suala da 10 gün ərzində tam aydınlıq gələcək. Bir sözlə, bütün işlər birinci divizionda çıxış etmək üçün qurulub. Ümid edirəm ki, aşağı dəstədə oynayacağıq. Sonra bu layihəni daha da böyütmək niyyətindəyik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR