Sizin reklam burada

“Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq

Baxış Sayı:532

“Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq
Avropadakı soydaşlarımız 1000-dən danışır
“Qarabağ” çərşənbə axşamı “Tofiq Bəhramov”da tarix yazdı. Belə ki, ağdamlılar ilk dəfə təmsil olunduğumuz Çempionlar Liqasının pley-off mərhələsində qələbə qazandı. “Kopenhagen”i mərkəzi arenada minimal hesabla (1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri cavab görüşü ərəfəsində müəyyən üstünlüyə malikdi. Artıq Danimarkada da uğurun davamını gətirmək lazımdı. Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqənin sahibi məhz Kopenhagendə bilinəcək. İnanaq ki, ölkə futbolunda bir sıra ilklərə, rekordlara sahib olan Ağdam təmsilçisi daha bir tarixi nailliyətə imza atacaq. Azərbaycanlı azarkeşlərin böyük maraqla və səbirsizliklə gözlədiyi matç “Telia Parken” stadionunda gerçəkləşəcək.
“Qarabağ” tək qalmayacaq
Hər kəsi düşündürən əsas suallardan biri budu: görəsən, “Qarabağ”ı səfər matçında azarkeş dəstəkləyəcək? Yoxsa “köhlən atlar” yalnız rəqib fanatların təzyiqi ilə üz-üzə qalacaq? Nəzərə alaq ki, hələ Bakıdakı oyundan öncə Kopenhagendəki matça getmək istəyənlər sosial şəbəkələrdə fəallaşmışdı. Bəziləri “Telia Parken” stadionunda baş tutacaq matça getmək istədiklərini dilə gətirmişdilər. Hətta onlayn bilet almaq istəyənlər “Qarabağ”a bununla bağlı suallar ünvanlamışd. Qeyd edək ki, həmin vaxt Kopenhagendəki matça 48 saat qalmış biletlərin onlayn satışda olacağını xəbər vermişdik. Odu ki, indidən “Qarabağ”ın rəqib meydanında tək qalmayacağını əminliklə söyləmək olar. Həm Danimarkada, həm də başqa Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də türklər bu matçda ölkəmizi təmsil edəcək.
Təmsilçimizə 1903 yer ayrılıb
Məlum olduğu kimi, belə qarşılaşmalarda rəqib komandanın azarkeşləri üçün stadionun 5 faizi ayrılır. “Telia Parken” stadionu isə 38065 tamaşaçı tutumuna malikdi. Deməli, “Qarabağ” üçün həmin arenada 1903 yer ayrılıb. Düzdü, “köhlən atlar”ı sırf bu qədər azarkeş irəli səsləyərsə, müsbət haldı. Ancaq həmin günm arenada “Qarabağ”sevərlər daha çox ola bilər. Bu ölkənin vətəndaşı olan azərbaycanlılar və türklər də ağdamlılara dəstək vermək üçün arenaya yollansa. Çünki onlar qonaqlar üçün ayrılan 5 faiz yerə yox, başqa sektorlara da bilet ala bilərlər. Hərçənd qiymətlər elə də ucuz deyil. Belə ki, biletlərin qiyməti 25 avrodan başlayaraq artır. Maraq üçün Danimarkada yaşayan türklərin və azərbaycanlıların sayını da diqqətinizə çatdıraq. Bu ölkədə soydaşlarımız elə də çox deyil. Belə ki, Danimarkadakı azərbaycanlıların sayı 6 mini keçmir. Ancaq orda kifayət qədər türk var. 5,7 milyon əhalisi olan yarımada ölkəsində 70 min civarında türk yaşayır. Təbii, göstərilən rəqəmin çox az bir hissəsi oyuna maraq göstərsə, “Qarabağ”ı kifayət qədər azarkeş dəstəkləmiş olacaq. Maraqlıdı ki, sosial şəbəkələrdə Kopenhagenə yollanmaqla bağlı müzakirələr başlayıb. Turizm şirkətinin təklif etdiyi yolla oyunu izləmək istəyənlər 3 min manatdan çox xərcə düşür. Bu zaman həmin şəxs Kopenhagendə 3 gün oteldə qalacaq. Lakin Bakı – Milan – Kopenhagen, Bakı – Praqa – Kopenhagen reysi ilə hərəkət edib, Danimarkanın paytaxtında yalınız bir gecə qalmaqla daha az pul xərcləmək olar. Belə ki, bu yolla təxminən cavab oyunu üçün 1000 manat bəs edir.
Millət vəkili xaricdəki soydaşlarımıza səsləndi
“Qarabağ”ın oyunu böyük ajiotajla müşayiət olundu. Bir sıra tanınmışların da bu oyuna biganə yanaşmadığını daha öncə də qeyd etmişdik. İstər millət vəkilləri, istərsə də başqa siyasətçilər Bakıdakı uğura reaksiya vermişdi. Elə səfər oyunu da əksəriyyətin maraq dairəsindədi. Belə ki, Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “Tofiq Bəhramov”dakı qələbə ilə bağlı fikirlərini “feysbuk”da bölüşüb. O, xaricdə yaşayan azərbaycanlılara da səslənib: “Qarabağ”ın “Kopenhagen” üzərində qələbə qazanması xalqımızın yaddaşından uzun müddət getməyəcək. Bu gün “Qarabağ” xalqımızın sevimli klubuna çevrilib. Hər kəs “Qarabağ”la fəxr edir. Azarkeşlərin güclü dəstəyi “Qarabağ”ın oyunlarda qələbə qazanmasına böyük stimul yaradır. Avqustun 23-də “Qarabağ”ı çətin sınaq gözləyir. İnanıram ki, “Qarabağ” qələbə qazanıb Çempionlar Liqasının qrup mərhələsinə düşüb dünyanın nüfuzlu klublarını ölkəmizə gətirəcək. Cavab oyunu Kopenhagendə olduğuna görə Azərbaycan icmasının üzərinə böyük məsuliyyət qoyur. Xaricdə yaşayan soydaşlarımız “Qarabağ”ı tək qoymamalıdı. Komandanın onların dəstəyinə böyük ehtiyacı var. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, komandaya uğurlar arzulayıram”.
Klub azarkeş aparmır
“Qarabağ” avqustun 21-i səhər saatlarında vətəni tərk edəcək. Komanda Kopenhagenə çarter reysi ilə uçacaq. Əslində bu mənada klub 50-60 azarkeşini də özü ilə apara bilər. İstər çempionat, istərsə də beynəlxalq oyunlarda onu tək qoymayan fanatlardan söhbət gedir. Belə bir önəmli matçda cüzi kömək və ya dəstək də komandanın xeyrinədi. Bu haqda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun fikirlərini öyrəndik: “Bilirik ki, oyuna maraq kifayət qədərdi. Klub azarkeş aparmayacaq. Onsuz da komandanı aparan təyyarə elə də böyük deyil. Ümumiyyətlə, belə şey nəzərdə tutulmayıb. UEFA-nın reqlamentinə görə rəqib komandaya tutumun 5 faizi ayrılır. Həddən artıq maraq göstərən var. Həm Bakıdan, həm də Avropadan yazanlar var. Bizə A11 sektoru ayrılıb. Ora biletin qiyməti təxminən 25 avrodu. Komandanı dəstəkləmək istəyənlər həmin sektora bilet ala bilər. ÇL-in pley-offunda oynayırıq. İstərdik ki, daha çox azarkeş gəlsin. Azarkeşlərin marağını nəzərə alsaq, komandamızın tək qalmayacağını deyə bilərik”.
Şamil Mustafayev: “Qonaq azarkeşlərin sayı rekord həddə çatacaq”
Yığmalarımız, eləcə də klublarımız səfər matçlarında tək qalmır. Ölkədən kənarda yaşayan azərbaycanlıların yaratdığı “Milli dəstə” təmsilçilərimizə daim dəstək olur. Odu ki, adı çəkilən azarkeş qrupunun fəal üzvlərindən olan Şamil Mustafayevlə əlaqə saxlayıb, matça hazırlıqla bağlı fikirlərini öyrəndik: “Bildiyiniz kimi, “Milli dəstə”nin məqsədi Azərbaycan klublarını və millilərini Avropada dəstəkləməkdi. Ötən ilin martından - yarandığımız tarixdən bəri bütün matçlarda iştirak etməyə çalışırıq. Təəssüf ki, azarkeş qrupumuzun hər 3 təşkilatçı üzvü şəxsi işi ilə bağlı matçda iştirak edə bilməyəcək. Başqa üzvlərimizin orada iştirakına baxmayaraq, bannerimiz olmayacaq. Ancaq təbii ki, “İmarət Avropa” orda olacaq və bütün təşkilatı işləri onlar görəcək. Hamımız da yaxın dost olduğumuz üçün bizə müraciət edən bütün soydaşları “İmarət Avropa”ya yönəldirik. Oyuna maraq çox böyükdü. Bu gün şəxsən mənə 2 nəfər zəng edib və böyük kütlənin olduğunu bildirirək, bilet istəyiblər. Ancaq “Kopenhagen”lə “Qarabağ” arasında bilet razılığı əldə olunmadığına görə bu dəfə azarkeşlər özləri bilet almalıdı. Bizə müraciət edən hər bir şəxsə bunu bildiririk. Təbii ki, etiraz edən də az deyil, ancaq bunu anlayışla qəbul etmək lazımdı. Zatən hər zaman pulsuz bilet paylanılıb. Bir dəfə isə özünü azarkeş sayan şəxs bileti pulla alsa, düşünürük ki, heç bir problem olmaz. İstər diaspor, istər Danimarkada yaşayan soydaşlarımız, istər türk xalqları (türklər, türkmənlər, cənubi azərbaycanlılar), istərsə də ətraf ölkələrdə yaşayan həmvətənlilərimiz matça gələcəyini bildirirdilər və hazırda bilet almaqla məşğuldudular. “İmarət Avropa” isə tribuna işlərini davam etdirir. Cari vəziyyət belədi. Fikrimizcə, bu matçda qonaqlar üçün ayrılan sektora gələn azarkeşlərin sayı rekord həddə çatacaq. Ən azı 500-600 azarkeşin gələcəyini təxmin etmək çətin deyil. Hətta çox da ola bilər”.
Olimpiya stadionunda ÇL ab-havası
Kopenhagenə getmək istəyən, lakin müxtəlif səbəblərdən buna imkanı çatmayanları Bakı Olimpiya Stadionunun (BOS) rəhbərliyi nəzərə alıb. Belə ki, həmin gün ölkənin ən nəhəng arenasında ÇL ab-havası yaşanacaq. BOS-un saytındakı xəbəri diqqətinizə çatdırırıq: “Hər zaman ən mötəbər tədbirlər və yeniliklərlə vətəndaşlarımızı və qonaqlarımızı qarşılayan Olimpiya stadionu yenə fərqli layihə ilə gəlir. Arena avqustun 23-dən etibarən müntəzəm açıq havada futbol nümayişinə başlayır. AÇ-2016-nın yarımfinal və final oyunları üçün keçirilmiş azarkeş zonasından ilhamlanaraq yaradılan tədbirin açılış oyunu isə təsadüfi seçilməyib. Ölkə çempionu “Qarabağ”ın ÇL-in pley-pff mərhələsindıki cavab oyunu bizim ilk nümayişimiz olacaq. Bu qarşılaşma ölkə futbolu tarixində də əhəmiyyətli rol oynayır. Belə ki, ilk oyunda 1:0 qalib gələn təmsilçimizin ÇL-in qrupuna çıxmaq şansı daha çoxdu. Böyüklü-kiçikli, qadınlı-kişili bütün azərkeşləri yenidən bir araya toplamaq, stadion ruhunu hiss edərək “Qarabağ”ı dəstəkləmək üçün BOS avqustun 23-ü saat 19.00-dan etibarən qapılarını bütün tamaşaçıların üzünə açır. Oyunun mahiyyətini və tamaşaçıların sayını nəzərə alaraq, tədbirə yalnız öncədən rezerv etmiş şəxslər daxil ola biləcəklər. Rezervasiya etmiş şəxslər girişdə 5 manat ödəyərək əraziyə daxil ola biləcək və yaradılacaq əyləncələrdan və satışlardan yararlana biləcəklər”. Qeyd edək ki, sonda qeydiyyyatdan keçmək istəyənlər üçün saytda nömrə də qoyulub. Əraziyə içki və qida gətirmək qadağandı. Spirtli (pivə) və spirtsiz içkilər, çərəzlər və sendviçlər münasib qiymətə təklif olunacaq. Media nümayəndələri üçün giriş sərbəst olacaq.
FARİZ

Statistika deyir ki...
Əlbəttə, statistika Quran ayəsi deyil. Amma onun da öz hökmü var. Bu hökmə inansaq, ÇL-in qrupuna “Kopenhagen” yox, məhz “Qarabağ” düşəcək. Belə ki, ağdamlılar ev oyunlarında top buraxmamaq şərti ilə qələbə qazandığı hallarda ümumi qələbəni əldən vermir.
“Kopenhagen”lə oyunda olduğu kimi, 2013/14 mövsümünün Avropa Liqasında ağdamlılar evdə İsveç “Gefle”sinə 1:0 hesabıyla qalib gəlmişdi. Səfər oyununda isə Qurban Qurbanovun komandası 2:0 hesablı qələbə qazanmış və turnirdə çıxışını davam etdirmişdi.
Ümumiyyətlə, “Qarabağ” ilk oyunda doğma meydanda qol buraxmırsa, istisnasız növbəti mərhələyə vəsiqə qazanır. Belə başa çatan 6 oyundan sonra “Qarabağ” səfər görüşlərində də uğurla çıxış edib. “Gefle” ilə yanaşı, bu siyahıya Hollandiyanın “Tvente” (0:0, 1:1), Monteneqronun “Rudar” (0:0, 1:0), Lüksemburqun “Düdelanj” (2:0, 1:1), Gürcüstanın “Samtredia” (5:0, 1:0) və Moldovanın “Şerif” (0:0, 2:1) komandaları ilə oyunları salmaq olar.
Xatırladaq ki, avqustun 23-də keçiriləcək “Kopenhagen” - “Qarabağ” oyunu saat 22.45-də başlayacaq.

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR