Sizin reklam burada

Dünya mətbuatı Ramil Quliyevdən yazır

Baxış Sayı:505

Dünya mətbuatı Ramil Quliyevdən yazır
Həmyerlimiz nə qədər pul qazandı?
İngiltərənin paytaxtı Londonda keçirilən dünya çempionatında 200 metr məsafəni 20,09 saniyəyə başa vurmaqla dünya çempionu olan Ramil Quliyevə Beynəlxalq Atletika Federasiyası (İAAF) tərəfindən 60 min dollar verilib. Türkiyə hökuməti bu tarixi uğura görə həmyerlimizi 375 Cümhuriyyət qızılı (368 min lirə) ilə mükafatlandırıb. Ümumilikdə sprinterin qazancı 572 min lirə (təxminən 277 min manat) olub.
Yeri gəlmişkən, Quliyevin qazandığı qızıl medal dünyanın nüfuzlu mətbu orqanlarının da diqqətini çəkib. BBC Quliyevin Cənubi Afrika nümayəndəsi, bu mundialda 400 metr məsafəyə qaçışda dünya çempionu olan Vayde Van Nikerkdən əvvəl finişi keçməsini şok nəticə kimi qiymətləndirib. Xəbərin içində Ramilin qələbədən sonrakı açıqlamasına da yer verilib. “Eurosport” atletin bu uğurla Türkiyə ilə yanaşı, ana vətəni Azərbaycanı da sevindirdiyini xüsusi qeyd edib. “The Guardian” jurnalı isə bu xəbəri “400 metrin ardınca 200 metrdə çempion olub, röyasını gerçəkləşdirmək istəyən Van Nikerki Quliyev oyandırdı” başlığıyla işıqlandırıb. Amerikanın nüfuzlu nəşrlərindən olan “New York Times” hadisəni belə şərh edib: “Bu yarışdan sonra gələcəyin Useyn Boltu kimi qiymətləndirilən bir idmançının (Van Nikerk nəzərdə tutulur) hələ mövcud olmadığı üzə çıxdı. Quliyev Türkiyəyə dünya çempionatında 2-ci medalı qazandırdı”.
Fransanın “L’Equipe” qəzeti də Ramil Quliyevin çempionluğunun şok effekti verdiyini qeyd edib. Cənubi Afrikanın mətbu orqanı EWN isə “Quliyev 400 metrdə dünya rekorduna imza atmış olimpiya çempionu Van Nikerkə qalib gəldi” başlığıyla xəbər paylaşıb.
Bu arada Türkiyənin gənclər və idman naziri Aşkın Bak Ramili və DÇ-də qardaş ölkəyə gümüş medal qazandıran Yasmani Kopelyo Eskobarı qəbul edib və bunları deyib: “Bunlar çox böyük uğurlardı. Əminəm ki, idmançılarımız bundan sonra böyük nailiyyətlərə imza atacaq. Biz sizdən Tokio Olimpiadasında da medal gözləyirik. Bunun üçün sizə əlimizdən gələn yardımı edəcəyik”.
Öz növbəsində Quliyev qarşıdakı hədəflərindən danışıb: “Bundan sonra da məşqlərimizi davam etdirəcəyik ki, yeni uğurlar qazanaq. İrəlidə Avropa çempionatı var. Əlimdən gələni edəcəm ki, bu yarışda da Türkiyəyə medal qazandırım. Bundan sonra Olimpiada haqda düşünmək olar”.
İndidən həmyerlimizin Türkiyədə ilin idmançısı seçilməyə ən real namizəd olduğunu da qeyd edək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR