
“İnter” rəhbərliyi bəyanat yaydı
Elxan Məmmədovu da söhbətə qoşdular
"İnter" rəhbərliyi qalmaqallı şəkildə düşərgəni tərk edərək, "Kukesi" ilə müqavilə bağlayan Rauf Əliyevlə bağlı bəyanat yayıb. Bəyanatda futbolçunun hərəkəti pislənilir.
"Premyer-liqanın 2016/17 mövsümü başa çatandan sonra "İnter"in rəhbərliyi Avropa Liqasının oyunlarına hazırlıq ərəfəsində komandanın məşqçi heyəti və futbolçuları ilə görüş keçirdi. Həmin görüş zamanı klub rəhbərliyi maliyyə çətinliyinə baxmayaraq, komanda üzvlərinə hərtərəfli dəstək veriləcəyini bildirdi və hər bir futbolçunun klub üçün dəyərli olduğunu vurğuladı. Bununla yanaşı, görüşdə futbolçuların diqqətinə çatdırıldı ki, “İnter”də qalıb-qalmamaqla bağlı seçimləri də var. Təlim-məşq toplanışına gələn futbolçular (Səlahət Ağayev istisna olmaqla), o cümlədən Rauf Əliyev klubdan ayrılmayacaqlarını bildirdilər. Lakin yeni mövsümün başlamasına 4 gün qalmış Rauf Əliyev klub rəhbərliyi ilə görüşərək komandadan ayrılmaq istədiyini bildirdi. Klub rəhbərliyi belə istəyin çempionatın başlanmasına ən azı 1 ay qalmış irəli sürülməsinin əhəmiyyətini Əliyevin diqqətinə çatdırdı. Bununla yanaşı, UEFA-nın məlum transfer qadağası olduğuna görə heyətin formalaşdırılmasında çətinliklərin olacağı və komandanın baş məşqçisi Zaur Svanadzenin onun xidmətində maraqlı olduğu Raufa izah edildi. Klub rəhbərliyi onunla görüşdə xüsusi olaraq vurğuladı ki, "İnter"dən getmək istəyini Avropa Liqasına hazırlığa başlamamış bildirməli idi, çünki belə olacağı təqdirdə hücumçunun yerinə əvəzedici heyətdən oyunçu cəlb edilə və həmin futbolçunu Avropa Liqası, eyni zamanda premyer-liqanın yeni mövsümünə hazırlamaq mümkün ola bilərdi. Buna görə də klub rəhbərliyi Əliyevin komandadan ayrılmaq istəyinin futbol qaydalarına uyğun həll edilməsində maraqlı olduğunu bir daha futbolçunun diqqətinə çatdırdı.
Bununla belə, klub rəhbərliyi ilə danışıqlardan sonra Rauf AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək, Azərbaycandan kənarda oynamaq arzusunda olduğunu bildirdi. Milli komandaya cəlb olunan futbolçuların xarici klublarda oynamasını dəstəkləyən baş katib Əliyevlə bağlı "İnter"ə müraciət edərək, azərbaycanlı futbolçuların xaricdə oynamalarına dəstək verilməsini və bütün bunların hüquqi müstəvidə həll olunmasını tövsiyə etdi. Ancaq həmin görüşdən sonra futbolçu məşqlərə qatılmayaraq və klub rəhbərliyinə məlumat verməyərək Albaniyaya getdi. “İnter" rəhbərliyi yığmanın hər bir üzvünün inkişafına təsir göstərəcək istənilən addımları dəstəkləyir və bundan sonra da dəstəyini əsirgəməyəcək. Lakin Rauf “İnter”dən ayrılmasına görə kluba hər hansı bir təzminat ödəməkdən intina edərək, məsələni Kütləvi İnformasiya Vasitələri üzərindən həll etməyə çalışır ki, bu da xoşagələn hal deyil. "İnter" rəhbərliyi bir daha bəyan edir ki, klub azərbaycanlı futbolçuların xarici komandalarda oynamasnı dəstəkləyir, ancaq istənilən halda bu məsələ sivil qaydalara uyğun olmalıdı. Ümid edirik ki, Əliyev də bu qaydalara uyğun addım atacaq".