Sizin reklam burada

Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi

Baxış Sayı:762

Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi
Birinci divizion təmsilçiləri yeni mövsümə hazırlığı davam etdirir. 2018-ci ildə ordunun yüzilliyi ilə bağlı qarşısına daha böyük hədəf qoyan – aşağı dəstədə qalib olmaq istəyən MOİK daha bir yoxlama oyununda qüvvəsini sınayıb. "Hərbçilər" Lökbatanda "Qaradağ Lökbatan"la qarşılaşıb. Matçı üstün şəkildə keçirən MOİK ikinci hissənin ortalarına qədər iki qol vurub. Bəhruz Teymurov ilk yarıda hesabı açıb, fasilədən sonra isə Elton Hüseynov fərqi artırıb. Baş məçqçi Ramil Əliyevin düşərgədəki bütün futbolçulara şans vermək məqsədi ilə etdiyi əvəzetmələr oyun ritminin və intizamının itməsiylə nəticələnib. Rəqib də bundan yararlanaraq hesabı bərabərləşdirib – 2:2. Beləliklə, ilk yoxlama oyununda "Sabail"in əvəzedicilərinə 5:4 hesabıyla qalib gəlmiş MOİK bu dəfə məhsuldar heç-heçə ilə yadda qalıb. Komanda yalnız məşq etmək və oyun keçirməklə məşğul deyil. Paytaxt klubu həm də heyətini gücləndirir. “Bakı”nın bazasında toplanış keçən komandaya daha bir futbolçu cəlb olunub. "Hərbçilər" ötən il "Turan"nın bombardiri olmuş Rəhman Musayevlə üçillik müqavilə bağlayıb.
***
Aşağı dəstədə debüt edəcək “Binə” hazırda Gürcüstanda - təlim-məşq toplanışındadı. Komanda artıq iki yoxlama oyunu da keçirib. İlk görüş azərbaycanlı futbol azarkeşlərinin yaxşı tanıdığı “Samtredia”ya qarşı olub. Oyun gözənilməz hesabla, yəni “Binə”nin qələbəsi ilə yekunlaşıb - 3:0. Onu da qeyd edək ki, oyun yoxlama xarakteri daşıdığına görə rəqib tam heyətlə çıxış etməyib. İkinci görüş isə “Maçaxela” klubuna qarşı baş tutub. Bu oyunda “Binə” uduzub - 0:1. Birinci divizionun debütantı transfer çalışmalarını da davam etdirir. Komandaya daha bir futbolçu cəlb olunub. Bu təcrübəli qapıçı Amil Ağacanovdu. Onunla birillik müqavilə bağlanıb. Xatırladaq ki, Ağacanov ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib.
***
“Azenco” şirkəti “Şahdağ”a dəstəyini davam etdirir. Artıq şirkət AFFA-nın klubdan tələb etdiyi 200 min manatlıq bank təminatını da quruma təqdim edib. Qusarlılar yeni mövsümə hazırlığın birinci mərhələsini Xaçmazın Qoçaqlı kənd stadionunda keçirib. Baş məşqçi Kamran Əlibabayev yetirmələrini ikitərəfli oyunda sınaqdan keçirib. Məşqçilər korpusu ümumi dəyləndirmədən sonra kimlərin komandada qalacağı, kimlərin gedəcəyi ilə bağlı qərar verəcək. Ardınca "Şahdağ" toplanışın ikinci hissəsi üçün Qusar Olimpiya İdman Kompleksində məskunlaşıb. Əlibabayev bir neçə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutur.
Maraqlıdı ki, komanda yeni mövsümə hazırlaşdığı dövrdə “Şahdağ”da bir ayrılıq da baş verib. Klubun vitse-prezidenti Rüstəm Əzimov tutduğu vəzifədən istefa verib. O, məsələyə belə münasibət bildirib: “Sadəcə, yoruldum. Bir az istirahət etmək istəyirəm. Özüm çıxmışam. İstefamın başqa səbəbi yoxdu”.
Qeyd edək ki, Rüstəm Əzimov 2011-ci ildə "Şahdağ"ın mətbuat katibi, 2016-cı ildə isə vitse-prezident vəzifəsinə təyinat almışdı.
***
Birinci divizionun daimi iştirakçısı “Ağsu” hazırlığa avqustun 1-dən start verib. “Azqranata” tərəfindən bazadan çıxarılan komanda hazırda yerli Olimpiya İdman Kompleksində məşqləri davam etdirir. Rüfət Quliyevin rəhbərliyi altında keçirilən məşqlərə U-15 komandasından üç futbolçu cəlb olunub. Eyni zamanda daha bir oyunçu ilə yollar ayrılıb. Klubun “feysbuk” səhifəsində yayılan xəbərə görə, Elnur Səmədovla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Xəbərdə Səmədovun 3 klubla danışıq apardığı qeyd olunub.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR