“İnter” hücumçunu buraxmaq istəmir, ikili müqavilə gerçəyi ortada
Ötən həftə iki yerli futbolçunun ölkə xaricinə yollanması ilə bağlı xəbər yayıldı. Söhbət Araz Abdullayevlə Rauf Əliyevdən gedir. Araz artıq srağagün Cənubi Kiprin “Anortosis” klubu ilə birillik müqavilə bağlayıb. Ondan fərqli Raufun keçidi düyünə düşüb. Belə ki, “İnter” rəhbərliyi forvardın klubla daha birillik müqaviləsi olduğunu əsas gətirərək, Əliyevin Albaniya təmsilçisi “Kukesi”yə keçidini mümkünsüz sayır. Paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Zaur Axundov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablayarkən bu fikirləri səsləndirib: "Rauf insanlığa yaraşmayan hərəkət etdi. O, komandada qalmalıydı. Çünki Raufun 2018-ci il iyunun 30-na qədər bizimlə müqaviləsi var. Niyə Albaniyaya çıxıb gedib - bilmirəm. Uşaq kimi hərəkət edir. Albaniya klubuna onun qüvvədə olan müqaviləsini də göndərdik. FİFA qaydalarını bilirlər. Kimsə onunla müqavilə imzalamaz".
Ancaq yığmanın da şərəfini qoruyan forvard Axundovun söylədikləri ilə razı deyil. Dünən mətbuata açıqlama verən Rauf yaşananlara belə reaksiya verib: “Mənim “İnter”lə müqaviləmin müddəti bitib. Bakı klubunda qardaşlıq məsələsini qabardırlar. Biz futbolçular bu cür sözlərdən çox əziyyət çəkmişik. “Kukesi” ilə müqavilə bağlamağa hazırlaşıram. Ancaq “İnter” transfer vərəqimi gecikdirir. Nə olur-olsun, “Kukesi” ilə müqavilə bağlayacam. Yeni klubum “İnter”ə probelm yarada bilər ki, mən hadisələrin bu məcrada davam etməsini istəmirəm. Albaniya təmsilçisi yaşananlarla görə FİFA-ya müraciət edə bilər. Bu məsələdə heç bir problemlə üzləşməyəcəyimə əminəm. Sabiq komandamdan sakit şəkildə ayrılmaq istəyirəm. Daha iki gün gözləyəcəm”.
Bu arada prosport.az saytına açıqlama verən “Kukesi”nin idman direktoru Naim Halili yaşananlara görə “İnter” rəhbərliyini qınayıb: "İnter"i başa düşə bilmirəm. Sizin klub artıq bir dəfə UEFA tərəfindən sanksiyaya məruz qalıb və indi də keçmişdə etdiyi səhvləri təkrarlayır. Bu onlar tərəfindən ədalətli yanaşma deyil. Biz AFFA və futbolçunun özü ilə maraqlanmışdıq. Bizə deyilmişdi ki, onun "İnter"lə müqaviləsi başa çatıb və sərbəst futbolçudu. Belə olan halda biz niyə "İnter"ə artıq pul ödəməliyik?!"
Göründüyü kimi, həm Rauf, həm də “Kukesi” rəsmisi transferin düyünə düşməsinə görə “İnter” rəhbərliyini tənqid edir. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq üçün AFFA-ya yaxın mənbəmizin fikirlərini öyrənməyi lazım bildik. Adının çəkilməsini istəməyən məlumatlı şəxs məsələyə belə reaksiya verdi: “İnter” rəsmiləri Rauf məsələsində haqlı tərəf olsaydı, hücumçunun adı komandanın yeni mövsüm üçün sifariş ərizəsinə salınardı. PFL-ə təqdim olunan siyahıda Raufun adı yoxdusa, deməli, rəhbərlik onun gedişi ilə barışıb. Sadəcə, rəsmilər bu keçiddən pul qazanmaq üçün haray-həşir salıb. Bu məsələdə Rəmiş Malıyev amilini də unutmaq lazım deyil. Məhz bu şəxs AFFA-da Oyunçuların Statusu və Transfer komitəsinin sədridi. Tutduğu vəzifədən istifadə edən Rəmiş bəy bəzi şəxslərin təkidi ilə Raufu şantaj etməklə məşğuldu. O da yaxşı bilir ki, ötən mövsüm demək olar ki, “İnter” üçün pulsuz oynayan Raufun klubla müqavilə müddəti bitib. Bir futbolçunu bu qədər istismar etmək, taleyi ilə oynamaq heç də yaxşı hal deyil”.
Məsələ ilə bağlı bizə məlumat ötürən mənbə Raufun adından qeyri-qanuni müqavilənin imzalanmasını da istisna etmədi: “İnter” rəhbərliyi sabah Raufun imzası ilə ortaya müqavilə çıxarsa, buna da təəccüblənmərəm. Yaxın keşmişdə əksər klublarımız bu təcrübədən yararlanıb”.
RƏŞAD