Sizin reklam burada

“Kopenhagen”i daha yaxından tanıyaq

Müəllif: football Tarix: 13-08-2017, 13:00 573 Baxış
“Kopenhagen”i daha yaxından tanıyaq
Benqtsson, Verbiç və Pavloviç danimarkalıların əsas “silahlarıdı”
Çərşənbə axşamı futbol ictimaiyyətinin diqqəti Respublika stadionuna yönələcək. Axı, “Qarabağ” tarixi uğurun astanasındadı. Azarkeşləri sevindirmək üçün “köhlən atlar” “Kopenhagen”i Bakıdan məğlub yola salmalı, səfərdən sərfəli nəticə ilə qayıtmalıdı. Danimarka çempionu avrokuboklarda zəngin təcrübəyə sahib olsa da, ağdamlıların rəqibini yaxından tanımırıq ki, bu da normaldı. Ötən sayımızda “Kopenhagen”in futbolçuları haqda ayrı-ayrılıqda bilgi vermiş, yığma üzvlərindən bəhs etmişdik. Bu yazıda “Qarabağ”ın rəqibinin son durumunu, Çempionlar Liqasının cari mövsümündə keçirdiyi 4 oyundakı bəzi detalları diqqətinizə çatdıracağıq. ÇL-in 2-ci təsnifat mərhələsində “Jilina” səddini (3:1, 1:2) adlayan skandinaviyalılar, 3-cü mərhələdə “Vardar”ı durdurmuşdu (0:1, 4:1). Öncə məhz bu qarşılaşmalarda vurulmuş13 qolun xırdalıqlarına varacağıq.
Jilina – Kopenhagen 1:3
Hesabı meydan sahibləri açıb. Cinahdan qapı önünə ötürülən top mərkəz müdafiəçisi Boylesenin başı üzərindən aşaraq uzaq küncdə dayanan Şpalekə gəlib ki, “10 nömrə” başla fərqlənməkdə çətinlik çəkməyib. “Kopenhagen”in cavab qolu baxımlı alınıb. Pavloviç cərimə meydançasının xaricindən solaxay hiyləgər zərbəylə topu uzaq küncə göndərib. Növbəti qol da serb hücumçudan gəlib. Pavloviç topu Verbiçə ötürüb, “7 nömrə” də öz növbəsində onu hücumçuya qaytarıb. Andriya bu dəfə də solaxay vuruşla fərqlənib. Sonuncu qol isə Benqtssonun cinah asmasının nəticəsi olub. Sol cinahdan qapı önünə havalandırılan topu Pavloviç başla qapıdan keçirməklə het-trikə imza atıb.
Kopenhagen - Jilina 1:2
Səfərdə hesabı açan qonaqlar olub. Otubanyo bir hərəkətlə rəqibin sağ cinahdakı oyunçusunu yerə sərərək qapıya zərbə endirib, yolüstü qapıçıya, ardınca dirəyə dəyən top tora qovuşub. Meydan sahiblərinin cavab qolu penaltidən gəlib. Benqtssona qarşı edilən hərəkəti hakim kobudluq kimi qiymətləndirincə, “nöqtə”yə yaxınlaşan Verbiç şansını qaçırmayıb. “Jilina”nın 57-ci dəqiqədə vurduğu növbəti qol künc zərbəsindən sonra reallaşıb. Kaşa komanda yoldaşının havalandırdığı topu iki rəqib futbolçu ilə mübarizədə başla tora qovuşdurub.
Vardar - Kopenhagen 1:0
Makedoniyada vurulan yeganə qol qonaq müdafiəçilərin kobud səhvinin nəticəsi olub. Müdafiəçinin uzaqlaşdırmaq istədiyi top başqa bir “Kopenhagen”liyə dəyərək Balotellinin önünə düşüb. Qaradərilinin vuruşu Olsen üçün əlçatmaz olub.
Kopenhagen – Vardar 4:1
Hesabı 2-ci dəqiqənin başlanğıcında Qrequş açıb. Slovakiyalı yarımmüdafiəçinin uzaq məsafədən vurduğu top o qədər qüvvətli alınıb ki, qonaqlar gördüyünə inana bilməyib. Ardınca onlardan cavab qolu gəlib. “Kopenhagen”in sol cinahından keçid edən “Vardar”lı cərimə meydançasına şığıyan Nikolova ötürmə edib ki, yarımmüdafiəçi təxminən penalti nöqtəsinin üstündən topu silkələməkdə çətinlik çəkməyib. Danimarka çempionu 2-ci qolu künc zərbəsindən sonra vurub. Lüftnerin baş zərbəsi rəqib oyunçuya toxunaraq qapıdan keçib. 3-cü qol da başla vurulub. Bu dəfə Benqtssonun asmasını Santander lazımınca dəyərləndirib. Sonuncu qolda isə makedonlar cərimə meydançası daxilində Verbiçi yıxıblar. “Nöqtə”yə yaxınlaşan Sotiriu şansını əldən verməyib.
Bu “3-lüy”ə diqqət!
Faktlardan da göründüyü kimi, “Qarabağ”ın rəqibi qol vurmağı bacardığı kimi, buraxmağı da “sevir”. Məğlub olmaq isə onlar üçün adi haldı. Təkcə bu 4 oyunun 2-də meydanı başıaşağı tərk etmələrinə nəzər salmaq kifayətdi. Rəqib qapılarında 8 top keçirdikləri halda, 5 dəfə öz qapılarında qol görüblər. Bu isə bir komandanın açıq futbol oynamasının sübutudu. Bir neçə təhlükəli futbolçuları var ki, Qurban Qurbanov artıq indidən onları zərərsizləşdirməyin yollarını tapmalıdı. Müdafiənin sol cinahında çıxış etməsinə baxmayaraq, Benqtssonu əməllu-başlı başağrısı saymaq olar. Yorulmaq bilmədən irəli-geri var-gəl edən futbolçunun əsas üstünlüyü önündə boş zona açması və qapı qarşısına dəqiq asmalar etməsidi. “Kopenhagen”in vurduğu qolların əksərini məhz İsveç yığmasının sabiq üzvü təşkil edib. O qədər də gözə görünməyən Verbiçin faydalı iş əmsalı da həddən artıq yüksəkdi. Yarımmüdafiənin sağında yer almasına baxmayaraq, tez-tez sola keçir və Benqtssonla təhlükəli hücumlar qururlar. İşlək ayağı sol olduğundan bəzən texniki fəndlərdən istifadə edir və rəqib qapıçının sayıqlığını yoxlayır. Ümumiyyətlə, bu futbolçuya boş zona vermək olmaz. Orta sahənin “ağa”sı Qrequş haqda da bəhs etmək olar. Lakin slovakiyalı qırmızı vərəqə cəzalısı olduğundan Bakıda meydana çıxa bilməyəcək. “Kopenhagen”in ən təhlükəli siması isə Pavloviçdi. Serbiya millisinə də cəlb olunan hücumçunun əsas özəlliyi “azad rəssam” funksiyasını daşımasıdı. Gah cinaha çəkilir, gah hücumçunun arxasında oynayır, bir də baxırsan hücumun sivri ucundadı. Boyundan və sol ayağından maksimum yararlanmaqla yadda qalır. Ucaboy Bədavi Pavloviçi qarabaqara izləməlidi. Düzdü, “Kopenhagen”də sıradan futbolçu yoxdu. Lakin bu “3-lük” – Benqtsson, Verbiç və Pavloviç danimarkalıların əsas “silahlarıdı”.
Üstün...
Komanda olaraq üstün cəhətlərinə gəlincə, diqqətçəkən məqam hücumların 70-80 faizini sol cinahdan qurmalarıdı. Bütün toplar məhz bu cinaha ötürülür. Skandinaviya futboluna xas xüsusiyyət - standart vəziyyətlərdən lazımınca yararlanmaq bacarığı özünü göstərir. Qapı qarşısına asmalar və başla dəqiq zərbələr. Uzaq məsafəyə atılan uzun ötürmələri əksər hallarda dəqiq olur. Məhz bu üsulla cinahları dəyişə bilirlər. Və ən əsası, ikihücumçulu sistemdən yararlanmaqla rəqibin müdafiədən rahat çıxmasına imkan vermirlər.
...və zəif tərəfləri
Müdafiənin mərkəzi olduqca bərbaddı. İki arxa xətt oyunçusu bir-birini anlamaqda, “sığortalamaqda” çətinlik çəkir. Ucaboy olmalarından, ya nədənsə, yerlə ötürülən topları zərərsizləşdirməkdə aciz görünürlər. Bir sözlə, “Qarabağ”ın hücumameyilli oyunçuları bu çatışmazlıqdan yararlanmalıdı. Sərt, bir çox hallarda kobud oyuna meyillidilər ki, bu da rəqibin tez-tez cərimə zərbəsi qazanmasına kömək edir. Cinah yarımmüdafiəçiləri arxa xəttə lazımınca kömək etmir.
HƏBİB
SON XƏBƏRLƏR