Sizin reklam burada

MOİK-də yeni məşqçi

Baxış Sayı:721

MOİK-də yeni məşqçi
Elvin Yaqubov: “Düşərgədəkilərin əksəriyyəti premyer-liqa təcrübəsi olanlardı”

Premyer-liqa artıq start götürdü. Təxminən bir ay sonra isə birinci divizionda yeni mövsüm başlayacaq. Artıq aşağı dəstədə çıxış edəcək komandalardan bir çoxu hazırlığa start verib. O cümlədən MOİK. Lakin komanda haqda hazırda elə də dolğun informasiya yoxdu. Düzdü, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv bir aya yaxındı toplanış keçir, məşq edir. Lakin son durumun nə olduğu, komandaya hansı futbolçuların gəldiyi bəlli deyil. Bir müddət əvvəl klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov qəzetimizə açıqlama vermişdi ki, ordunun 100 illiyi ilə bağlı MOİK rəhbərliyi birinci divizionda çempion olmağı və elitaya vəsiqə qazanmağı qarşına hədəf qoyub. Klubdakı son durumla maraqlanmaq üçün yenidən Elvin bəylə əlaqə saxladıq. O, komandanın hazırda “Bakı”nın bazasında məşq etdiyini bildirdi: “Əvvəlcə planda məşqləri “Bayıl Arena”da keçmək var idi. Amma bildiyiniz kimi, adı çəkilən arena hazırda təmirə bağlanıb. Ona görə də başqa stadion tapmalı olduq. Hazırda komanda gündə bir dəfə "Bakı"nın bazasında məşq edir. Hava durumuna görə məşqləri axşam saatlarına salırıq. Komandada ab-hava yüksəkdi. Artıq bir yoxlama oyunu keçirmişik. Avqustun 5-də "Səbail"in əvəzedicilərdən ibarət komandasıyla görüşdə 5:4 hesablı qələbə əldə olunub. Komandamızın qollarını Bilal Qəmbərov, Ruslan Nəsirli, Emin Quliyev və Elgün Abbaslı vurub. Növbəti oyunu isə sabah (bu gün) Lökbatanda "Qaradağ Lökbatan"a qarşı keçirəcəyik. Sonrakı oyunlarla bağlı danışıqlar gedir. Premyer-liqada mövsüm başladığından, çox güman, sınaqçı-rəqiblər elə divizon komandaları olacaq. Komanda məşqləri Bakıda keçəcək. Ölkə xaricinə çıxmaq planımız yoxdu. Ev oyunlarını keçirəcəyimiz stadiona gəlincə, bu məsələ hələ dəqiqləşməyib. Danışıqlar gedir, müəyyən nəticə əldə olunan kimi ictimaiyyətə xəbər veriləcək”.
Klub rəsmisinin sözlərinə görə, hələlik iki futbolçu ilə müqavilə bağlanıb: “Komandamız artıq iki futbolçu ilə rəsmi müqavilə imzalayıb. Bunlar hücumçu Rəhman Musayevlə müdafiəçi Cəmil Hacıyevdi. Hər ikisi ilə 3 illik razılaşmaya imza atılıb. Eyni zamanda, düşərgəmizdə yeni transferlərlə yanaşı, bir neçə başqa futbolçu da var. Onlarla bağlı qərar yaxın zamanlarda, uzağı gələn həftə veriləcək. Növbəti transferlər də komandanın qarşısına qoyulan məqsədə uyğun şəkildə olacaq. Ad çəkmək istəmirəm, amma düşərgədəkilərin əksəriyyəti premyer-liqa təcrübəsi olanlardı. Müəyyən detallar var ki, onları da dəqiqləşdirmədən ad çəkmək doğru olmaz. Amma bir məqamı deyə bilərəm ki, heyət məhz məqsədə uyğun formalaşdırılacaq”. Yaqubov MOİK-in hədəfinin dəyişməz qaldığını bildirdi: “Komanda qarşısına qoyulan məqsəd dəyişməyib: Azərbaycan Ordusunun yüzilliyində çempion kimi elitaya vəsiqə qazanmaq. Rəhbərlik məqsədə çatmaq üçün hər cür şərait yaradıb. Yeni mövsüm üçün idman geyimləri, ləvazimatlar sifariş edilib, məşq meydançası təmin olunub, bir sözlə, uğur üçün baza formalaşıb”. Mətbuat xidmətinin rəhbəri komandaya yeni məşqçinin cəlb olunduğunu da açıqladı: “Vadar Nuriyev bundan sonra baş məşqçi Ramil Əliyevin köməkçisi kimi çalışacaq. O, millidə, premyer-liqa klublarında işləmiş mütəxəssisdi. Bizə çox köməyi dəyəcəyinə əminəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR