“Zirə” “Kəpəz”in təklifini rədd edib
Ayxan Abbasov: “Azərbaycanda stadion tapılmasaydı, onlar təklif edənlə razılaşmaq olardı”
Onsuz da maliyyə baxımından bəxti gətirməyən “Kəpəz”in başı indi başqa bir məsələyə görə dərddədi. Gəncə stadionu meydançanın yenilənməsi ilə bağlı təmirə bağlandığından, “sarı-qaralar” ilk dövrədəki ev oyunlarının yerini dəyişməyə məcburdu. Ya da rəqiblərini qəbul etmək üçün başqa stadion tapmalıdı.
Artıq xeyli vaxtı bununla bağlı müzakirələr getsə, ortaya müxtəlif variantlar atılsa da, yekun qərar yoxdu. Bir ara “Bakı”nın təlim-məşq bazasının adı çəkildi, sonra “Əlincə Arena” variantı müzakirə olundu. Və ən yekunda Tovuzdakı stadionun üzərində dayanıldı. Lakin bu da yekun qərar deyil. Amma yaşanan bir hadisədən sonra gec-tez Tovuz variantının üzərində dayanılacağını düşünmək olar.
Təqivmə görə, “Kəpəz” ilk dövrədə 7 oyundan 4-nü evdə keçirməlidi. Stadion probleminə görə klub rəhbərliyinin istəyi belə olub ki, həmin 4 ev oyununun yeri rəsmilər arasındakı razılaşmaya görə dəyişdirilsin. Yəni, gəncəlilər avqust və sentyabra təsadüf edən 7 görüşün hamısını səfərdə keçirsin, ikinci dövrədə borc qaytarılsın. Tutaq ki, birinci dövrədə “Qəbələ” Gəncəyə səfər etməlidisə, ikinci dövrədə rəqibini doğma azarkeşləri önündə qəbul etməlidi. “Kəpəz”lilərin istəyi belə olub ki, “Qəbələ” “Kəpəz”i bu dəfə evində qəbul etsin, ikinci dövrədə Gəncəyə yollansın. Yumşaq dillə desək, yerləri dəyişdirilsin. Həmin 4 komandadan “Qəbələ”, “Keşlə” və “Səbail” rəsmiləri məsələdə problem görmədiklərini bildirsələr də, “Zirə” buna razı olmayıb. Qərblilərə üstüörtülü şəkildə mesaj göndəriblər ki, bəs, Gəncədəki stadionda təmir işləri aparıldığına görə ev oyunlarınızı başqa stadionda keçirin. Təki ev-səfər oyunlarının yeri və vaxtı dəyişdirilməsin. “Zirə”lilərin bu cavabından sonra “Kəpəz” çıxılmaz vəziyyətdə qalıb. Belə deyək, özlərinə yeni stadion axtarmağı qərara alıblar. Bakıda oynamaqları mümkün deyil. Çünki bu daha çox “Zirə”yə sərf etmiş olur. Yəni “qartallar” paytaxtı tərk etmədən Gəncə səfərindən qurtulmuş olur. Ona görə də “sarı-göylər” Tovuz variantına üstünlük verməyi qərara alıb.
Buna görə kiminsə “Zirə” rəsmilərini, yaxud baş məşqçi Ayxan Abbasovu “asıb-kəsə” bilməz. Cavab vermək haqqı onlarındı. İstəsələr “hə” deyərlər, istəməsələr “yox”. Sadəcə, ortada Azərbaycan reallığı, “dəmir qapının da taxta qapıya işi düşər” deyimi var. İndiyə qədər müxtəlif komandaların timsalında yerdəyişmələrə az rast gəlməmişik. Lakin kiminsə kimə imtina cavabı verdiyini eşitməmişik, görməmişik. Ona görə də “qartallar”ın gəncəlilərə rədd cavabı verməsi bir qədər qəribə görünür. Söz yox, bu fakt iki komanda arasında intriqanın təməlinin qoyulmasına gətirib çıxaracaq. “Atışmalar” da olacaq, bir-birilərini görməməzlikdən gəlmək də. Bizim işimiz isə əsl səbəbi üzə çıxarmaq, xəbərin doğruluğunu faktlarla sübut etməkdi.
Bu məqsədlə həm “Kəpəz”in, həm də “Zirə”nin baş məşqçiləri ilə danışmaq qərarına gəldik. Öncə Şahin Diniyevi aradıq. Təcrübəli mütəxəssisin dediklərindən sonra məlumatın doğruluğuna şübhə yeri qalmadı: “Açığı, bu kimi işlərlə mən yox, klub rəhbərliyi məşğul olur. Ona görə də söhbətin dərinliyindən xəbərsizəm. Məndə olan məlumata görə, Klublar Komitəsinin sonuncu iclasında digər klub rəsmilərindən xahiş olunub ki, “Kəpəz”in ev oyunlarının səfərlə əvəzlənməsi mümkün olsun. Hətta çempionatın püşkatmasından sonra da məsələ yenidən gündəmə gətirilib. Xahişə kimin necə cavab verməsiylə bağlı əlimdə fakt yoxdu. Kimsə təklifimizi qəbul etmirsə, bu onların öz işidi. Amma mən olsaydım, baş məşqçi kimi buna razılıq verərdim, anlayışla qəbul edərdim. Çünki hər birimizin başına gələ biləcək işdi. Xatırlayıram, belə bir təkliflə ”Qəbələ” bizə müraciət etmişdi. Səhv etmirəmsə, iki il əvvəl “Borussiya” ilkə Bakıdakı oyun öncəsiydi. Gəncədəki meydança pis vəziyyətdə olduğundan, “Qəbələ” rəsmiləri bizə səfər oyununun yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdilər. Rəhbərlik baş məşqçi kimi fikrimi öyrəndi və dərhal “heç bir problem yoxdu” dedim. Gəncədəki yararsız qazonda “Qəbələ”nin hansısa futbolçusu zədələnə bilərdi deyə, qarşı tərəfin təklifinə isti yanaşdım. Onsuz da ciddi mənada fərq etmir. İki oyunu səfərdə, digər ikisini evdə oynayırsan. Sadəcə, vaxtla bağlı yerdəyişmə olur. Yenə deyirəm, təklifə necə yanaşmaq hər kəsin öz işidi. Ona görə də başqa nəsə demək istəmirəm”.
Əslində Şahin bəyin dediklərindən sonra söhbətin nədən getdiyini anlamaq çətin deyildi. Buna baxmayaraq, ədalət prinsiplərini qorumaq, həm də imtinanın səbəbini öyrənmək üçün Ayxan Abbasovla da danışmağı məqsədəuyğun saydıq: “Biz hər kəsi başa düşürük. Kömək etmək də normal haldı. Amma baxır harda, necə. Çempionat bir yarışdı, buranın öz qaydaları var. Ona görə də bütün detalları göz önünə alırsan. Birinci dövrədə “Kəpəz”i evdə qəbul etmək bizə sərf etmir. Niyə? Çünki ikinci dövrədə ardıcıl 3 oyunu səfərdə keçirməli olacağıq. Birinci dövrənin son oyunu səfərdə “Qarabağ”a qarşıdı. İkinci dövrənin ilk oyununda Gəncəyə səfər etməli olsaq, ardınca yenidən “Sumqayıt”la səfərdə oynamalıyıq. Bu da istər-istəməz komandada həm psixoloji yüklənmə, həm də yorğunluq yarada bilər. “Kəpəz” hardasa stadion icarəyə götürüb oynaya bilər. Burda nə problem var ki? Tovuzda oynamaq istəsələr, lap yaxşı. Gedib oynayarıq, söhbət bağlanar. Hansısa qayda pozuntusuna yol verdiyimizi düşünmürəm. Sırf “Zirə”nin mənafeyini düşünərək bu addımı atmışıq. Azərbaycanda stadion tapılmasaydı, onlar təklif edənlə razılaşmaq olardı. Sözün düzü, dediyiniz məsələ geniş müzakirə olunmayıb. Mənə dedilər ki, “Kəpəz” rəqiblərini Tovuzda qəbul edəcək. Hətta yerdəyişmə ilə bağlı fikrim soruşulsaydı, cavabım dediyim kimi olacaqdı”.
Bu da Ayxan Abbasovun cavabı. Baş məşqçinin dediklərində hansısa mənfi cəhət axtarmaq mümkün deyil. Adam peşəkarlığı, komandasının mənafeyini ön plana çəkir. Amma bir şey dəqiqdi ki, avqustun 20-sindəki “Kəpəz” – “Zirə” qarşılaşması bir başqa oyun olacaq. Hər halda, gözləməyə dəyər.
HƏBİB

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər