Sizin reklam burada

Divizon klublarının qarşısına sərt tələblər qoyuldu

Baxış Sayı:831

Divizon klublarının qarşısına sərt tələblər qoyuldu
Elxan Muradov: “Bütün problemlərimiz həll olundu qaldı bir sayt məsələsi”
AFFA və PFL rəhbərliyi premyer-liqanın ardından yeni mövsümdən birinci dəstə klubları üçün də yeniliklər tətbiq edəcək. Bu haqda assosiasiyanın saytında məlumat yerləşdirilib: “Birinci divizionda danışılmış oyunlar ehtimalının qarşısının alınması, sabitliyin və şəffaflığın təmin olunması məqsədilə AFFA və PFL-in apardığı birgə müzakirələrin nəticəsi olaraq yeni sistemin tətbiqinə qərar verilib. Bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Qrupunun hazırladığı təkliflər İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub.
Nəticədə baş katiblik komitə üzvləri ilə fərdi qaydada müzakirə aparıb. İcraiyyə Komitəsinin əlavə və dəyişiklikləri nəzərə alındıqdan sonra aşağı dəstədə çıxış etmək istəyən klublar üçün müraciət qaydaları hazırlanıb.Tətbiq olunacaq yeniliklər əsasən növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir. Müraciət etmiş klubun birinci divizionda çıxışı üçün müsbət cavab verilib-verilməməsinə təqdim olunmuş sənədlərin tamlığı, AFFA-nın təyin etdiyi Komissiya və ya müvafiq orqan tərəfindən aparılmış araşdırma və təhlilin nəticələri, eləcə də 2016/17-ci il mövsümü ərzində UEFA-dan “danışılmış oyunlarla” bağlı daxil olmuş hesabatlar kimi faktorlar təsir edəcək”.
Ötən saylarımızın birində aşağı dəstənin problemlərinə toxunmuşduq. Bildirmişdik ki, peşəkar status daşımasına baxmayaraq, 3-4 klubu çıxmaq şərti ilə birinci divizonda çıxış edən klubların əksəriyyəti həvəskar komandaları xatırladır. Mövsümün gedişində bu klublar ya maliyyə, ya stadion, ya da başqa problemlərlə üzləşirlər ki, bu da istər-istəməz çempionatın imicinə mənfi təsir göstərir. Son vaxtlar isə bəzi iş adamlarının birinci divizonda komanda saxlamağa həvəsi artıb. Biznes aləmində “bir günlük firmalar” kimi, aşağı dəstədə də “mövsümlük komandalar” peyda olmağa başlayıb. Həmin firmaları yaradanların əsas məqsədi qanundan kənar maliyyə əməliyyatları keçirməkdisə, “mövsümlük komandalar”ının məramı futbolda çirkin əməliyyatlar aparıb şəxsi büdcələrini artrmaqdı. Heç kimə sirr deyil ki, həmin şəxsləri nə klubun inkişafı, nə uşaq futbolu, nə də elitaya yüksəlməsi maraqlandırır. Onların əsas hədəfləri bukmeker kontorlarından pul qazanmaqdı. Bunu necə edirlər? Çox sadə sxemlə. Klub prezidenti oyundan öncə komanda da söz sahibi olan bir neçə futbolçunu yanına çağıraraq qarşıdakı matçın hansı hesabla başa çatmalı olduğuna dair göstəriş verir. Təbii ki, bu məsələdə rəqibin də razılığı olmalıdı. Rəhbər şəxs bir neçə bukmeker kontoruna pul qoyuluşu etdikdən sonra hər iki komandanın formallıq xatirinə meydana çıxdığı oyun “kontor komandası”nın prezidentinin istəyinə uyğun hesabla başa çatır. Neçə illər idi ki, aşağı dəstə qumarbazların poliqonuna çevrilmişdi. Nəhayət ötən mövsüm UEFA-nın da işə qarışmasından sonra bu məsələyə ciddi diqqət ayrıldı, ölkə futbolunun “kontor komandalar”ından təmizlənməsinə start verildi.
Yeni mövsümdən aşağı dəstə təmsilçilərinə qarşı tətbiq edilən yeniliklərdən belə başa düşmək olar ki, bu ilin yanvarından başlayan təmizləmə əməliyyatı 2017/18 “futbol ili”n də daha sərt formada davam etdiriləcək. AFFA və PFL-in irəli sürdüyü şərtlərə əməl etməyənlər çempionata buraxılmayacaq. Ancaq bu məsələ də əmmalar da çoxdu. Yuxarıda qeyd etdiyimiz kimi hazırda aşağı dəstədə yalnız 3-4 klub yeni şərtlərə əməl etmək iqtidarındadı. Bəs qalanları necə olacaq? “Energetik”, “Göyəzən”, “Şahdağ”, “Bakılı” kimi illərdi maliyyə burulğanında boğulan klubların əvvəlcədən təsdiq olunmuş büdcəni, inkişaf konsepsiyasını, klub saytını hazırlayıb PFL təqdim edəcəyi heç də inandırıcı görünmür. Belə çıxır ki, ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər bilərəkdən qaydaları sərtləşdirməklə maddi-texniki bazası olmayan, bu günün tələblərinə cavab verməyən klubları sıradan çıxarıb aşağı dəstədə peşəkar mühitin formalaşmasına çalışırlar.
Tətbiq olunacaq yeniliklərlə bağlı aşağı dəstənin bəzi klublarının rəsmiləri ilə danışmağı lazım bildik. Görəsən, onlar bu məsələyə necə münasibət göstərir? Öncə “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevlə danışdıq: “Fikrimcə, aşağı dəstə üçün bu tələblər çoxdan irəli sürülməliydi. Birinci dəstədə çıxış edən klublar peşəkar status daşıyırsa, onlar da elita təmsilçiləri kimi bütün işləri yüksək səviyyədə görməlidi. O ki qaldı “Şahdağ”ın yeniliklərə hazır olub-olmamasına, çalışacağıq bütün tələbləri yerinə yetirək. Artıq aşağı yaş qrupu üzrə iki komanda yaratmışıq. Bank zəmanəti də klubun sponsoru “Azenko” şirkəti tərəfindən həll ediləcək. Saytın üzərində isə iş gedir”.
Yeni mövsümdə birinci divizionda çıxış edəcək “Göyçə”nin baş məşçisi Bəhmən Həsənov yeniliyi alqışlayanlar arasındadı: “Rəhbərlik PFL-in tələb etdiyi yeni şərtlər barədə məlumatlıdı. Artıq bu yöndə müəyyən işlər görülür. Yaxın vaxtlarda həm mətbuatı xidmətimiz yaradılacaq, həm də saytımız istifadəyə veriləcək. Ümumiyyətlə, fikrimiz var ki, çempionat ərəfəsində klub rəhbərliyi ilə mətbuat nümayəndələri arasında görüş təşkil olunsun. Və həmin tədbirdə bütün bu məsələlər haqda ətraflı məlumat veriləcək. Divizion klubları qarşısına belə sərt tələblər irəli sürmək, əslində, çox yaxşıdı. İndi hamı işinə daha ciddi yanaşmaq məcburiyyətindədi”.
“Göyəzən”in baş məşqçisi Elxan Muradov isə PFL və AFFA-nın yeni tələblərindən xəbərsiz olduğunu bildirdi: “Bank təminatı ilə bağlı məsələni “Turan Bank” həll edəcək. Ancaq qeyd etdiyiniz yeni şərtlərdən xəbərsizəm. “Göyəzən”in də saytı olmalıdı? Çox maraqlıdı, bütün problemlərimiz həll olundu qaldı bir sayt məsələsi. Yəqin ki, klub rəhbərliyi tələb olunan şərtləri yerinə yetirmək üçün lazımi addımlar atacaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR