Sizin reklam burada

“Karvan”ın sponsorları bank təminatı üçün “tər tökür”

Baxış Sayı:596

“Karvan”ın sponsorları bank təminatı üçün “tər tökür”
Kənan Kərimov: “Sənədləşmə işi uğurla bitsə, heyəti tam komplektləşdirəcəyik”
Birvaxtlar ölkə futbolunda adından söz etdirən, 2014-cü ildə isə dağılan “Karvan”ın fəaliyyətini yenidən bərpa etdiyini xəbər vermişdik. Birinci divizionda çıxış edəcəyi gözlənilən komanda toplanışa da başlayıb. Kollektivə gənc mütəxəssis Kənan Kərimov başçılıq edir. Deyilənə görə, “Karvan”a İranda işləyən azərbaycanlı iş adamları maliyyə dəstəyi verəcək. Həmyerlilərimiz "Karvan"ın birinci divizionda mübarizə aparmasına kömək göstərməyə söz veriblər. PFL də artıq bundan xəbərdardı və yevlaxlılara dəstək vəd olunub. Həmçinin Yevlax Rayon İcra Hakimiyyəti də bu ideyaya “hə” cavabı verib. Lakin klub hələ bank təminatı almaqda çətinlik çəkir. “Karvan”a yiyə durmaq istəyənlər avqustun ortalarına kimi bütün sənəd işlərinin həll olunacağını deyiblər.
Komandadakı son durumla maraqlanmaq üçün Kənan Kərimovla əlaqə saxladıq. O, toplanışın davam etdiyini və artıq heyətdə 18 oyunçunun olduğunu açıqladı: “Əsas məqsədimiz birinci divizionda oynamaqdı. Hazırda yeli uşaqlarla məşq edirik. Məşqlərimiz Yevlax şəhər stadionunda baş tutur. Heyətdə 18 oyunçu var. Əksəriyyəti də gənclərdi. Xüsusən uşaqların fiziki durumunu yaxşılaşdırmaq üçün çalışırıq”.
Kərimov artıq üç yoxlama oyunu keçirdiklərini bildirdi: “Bakıda yoxlama oyunları keçirməmişik. Bütün oyunları öz rayonumuzda oynayırıq. İndiyə kimi 3 qarşılaşmada gücümüzü sınamışıq. İki oyunu “Kəpəz”in əvəzedici heyətinə, birini də “Göyçə”yə qarşı keçirmişik. “Kəpəz”i bir dəfə 3:1 udmuşuq, ikincidə isə 1:4 uduzmuşuq. “Göyçə”yə də 2:4 hesabıyla məğlub olmuşuq. Onda toplanışa yeni başladığımız vaxt idi. Oyunlarda tez-tez dəyişikliklər edirik. Hər 20 dəqiqədən bir heyəti dəyişirik. İstəyirik bütün futbolçulara şans verək. Sənədləşmə işi uğurla bitsə, heyəti tam komplektləşdirəcəyik. Döyüşkən komanda formalaşdırmaq istəyirik. Ümid edirəm, bu bizdə alnacaq”.
Kənan bəyin sözlərinə görə, sponsorlar bank təminatı ilə məşğul olur: “Əsas məsələ bank təminatı ilə bağlıdı. Bu, birinci divizionda iştirak etmək istəyən bütün klublara aiddi. Biz də verməliyik. Bu məsələni həll etməyə çalışacağıq. Çempionatın başlamasına bir aydan çox vaxt var. Ümid edirəm ki, bu məsələ yoluna qoyulacaq. Ondan sonra komandaya yaxşı futbolçular dəvət etmək istəyirik. Sənədləşmə işinin hansı mərhələdə olduğunu dəqiq deyə bilmərəm. Bu işlə sponsorlar məşğul olur. Hələlik tam açıqlama vermək istəmirəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR