
“Qarabağ”ı darmadağın edən “Bröndbü” rəqibini də yendi
Solbakken: “Üzərimizdə böyük təzyiq var”
“Qarabağ”ın ÇL-in pley-offdakı rəqibi “Kopenhagen”in Danimarka superliqasında işləri yolunda getmir. Belə ki, Stole Solbakkenin komandası 4-cü turda “Bröndbü” ilə derbidə məğlubiyyətlə üzləşib. Prinsipial rəqibinin qonağı olan paytaxt təmsilçisi minimal hesabla uduzub. Bu oyunun nəticəsi həm də ona görə maraq doğururdu ki, “Qarabağ”ın bu yay, konkret iyulun 2-də Avstriya toplanışı çərçivəsində sonuncu sınaqçı-rəqibi məhz “Bröndbü” olmuşdu. Xatırladaq ki, Qurban Qurbanov bu oyunda 1:5 hesablı darmadağınla üzləşmişdi.
“Brondbü” “Qarabağ”ın rəqibini də üstələyib. Stole Solbakkenin start heyətində Robin Olsen, Per Benqtsson, Erik Yohansson, Mihael Luftner, Nikolay Tomsen, Yussef Tutu, Villiam Kvist, Yan Qrequş, Benjamin Verbiç, Federiko Santander və Andriya Pavloviçə yer verib. Oyunun gedişində “Kopenhagen”in heyətində üç dəyişiklik olub ki, Peter Ankersen 58-ci dəqiqədə Tomseni, Veros Sotiriu 70-ci dəqiqədə Santanderi, Uroş Matiç isə 82-ci dəqiqədə Verbiçi əvəz edib. Matçboyu üstün olan “Brondbü” derbidən 90-cı dəqiqədə vurduğu qolla qalib ayrılıb.
Qeyd edək ki, “Kopenhagen” 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Ümumiyyətlə, “Kopenhagen”in işləri yolunda getmir. “Qarabağ”ın rəqibi son 8 oyunun cəmi 3-də qələbə qazanıb, 2-də heç-heçə edib və 3 matçda uduzub.
“Brondbü” – “Kopenhagen” derbisində həmçinin insident yaşanıb. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Kopenhagen” azarkeşləriylə asayiş keşikçiləri arasında dava düşüb. Əvvəlcə fanatlardan biri stüardı vurub. Olaya müdaxilə etmək istəyən polislər isə baraban, bayraq dirəkləri və digər əşyaların “yağışına” tuş gəlib, həmçinin oturacaqlara od vurulub. İğtişaş əlavə polis qüvvəsinin hadisə yerinə cəlb olunmasıyla yatırılıb. Nəticədə hakim final fitini təxminən 10 dəqiqə gec səsləndirməli olub.
Baş verən hadisə “Kopenhagen” rəsmiləri kimi, komandanın çalışdırıcısını da məyus edib. Yerli mətbuata açıqlama verən Solbakken bunları deyib: “Bizim üçün cansıxıcı hadisədi. Təbii ki, “Kopenhagen” adından üzr istəməliyik. Bundan sonra isə aranı qatan azarkeşlərin kim olduğunu aydınlaşdıracağıq. Həmin fanatların bir də oyunlarımıza gəlməyəcəyini düşünürəm”.
Solbakken ÇL-dən də söz açıb: "Üzərimizdə böyük təzyiq var. Həm Çempionlar Liqasında, həm də daxili çempionatda belə oynayırıq. Baxmayaraq ki, mövsümün əvvəlidi. "Brondbü" matçda layiqli qələbə qazandı. Onlar daha çox hücum etdilər. Xüsusən ikinci hissə kabus kimi keçdi. Lakin əksinə olmalıydı. Çünki rəqib bir neçə gün öncə Avropa Liqasında oyun keçirmişdi və yoğrun olmalıydı. Biz indi komandada olan problemləri həll etməliyik".
MİRAĞA