
Rauf Əliyev “İnter”dən ayrıldı, “Qəbələ”yə keçməyə yaxındı
Səbuhi Səfiyarlı: “Əliyev azad futbolçu olsa, danışıqlara başlayacağıq”
Ötən sayımızda yazmışdıq ki, Rauf Əliyev “İnter”i tərk edə bilər. O, klubun gələcəyi qaranlıq olduğuna görə belə addım atmaq niyyətinə düşüb. Baxmayaraq ki, Rauf ən çətin anlarda belə bakılıların heyətində qalmaq istəyib və nəyin baş verməsindən asılı olmayaraq, qalacağını söyləyib. Görünür, vəziyyət təsəvvür olunandan da ağırdı. Paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze bildirmişdi ki, futbolçu rəhbərlik və məşqçilər korpusu ilə danışmaq istəyib. Artıq sözügedən görüş dünən baş tutub. Rauf görüşdə getmək istədiyini açıq şəkildə rəhbərliyə və məşqçilərə deyib.
Detalları özündən öyrənməyə çalışdıq. O, qısa danışmağı lazım bildi: “Bu gün (dünən) rəhbərliklə görüşdüm. Karyeramla bağlı hansı addımı atacağımı onlara bildirdim. Dedim ki, “İnter”dən getmək istəyirəm. Təkliflər haqda heç nə danışmaq istəmirəm. Çünki hələ tezdi. İki gün sonra hər şey bəlli olacaq. Bu addımı atmağıma nə səbəb oldu? Bunu da hər şey dəqiqləşəndən sonra deyərəm. Komandanın adının dəyişməsinin də qərarıma nə dərəcədə təsir etdiyini açıqlayacam”.
Rauf Əliyevin adı hazırda “Səbail”, “Qəbələ” və “Qarabağ”la yanaşı çəkilir. Lakin birincilərin baş məşqçisi Samir Əliyev onunla danışıq aparılmadığını bildirmişdi. Bəs başqa klublar nə düşünür? Bu suala cavab tapmaq üçün “köhlən atlar” və “qırmızı-qaralar”ın rəsmiləri ilə danışmağı lazım bildik. Odu ki, onları dinləyək.
Səbuhi Səfiyarlı, “Qəbələ”nin idman direktoru: “Rauf Əliyev çox yaxşı hücumçudu. Ötən mövsüm də bunu sübut etdi. O, premyer-liqanın bombardirlərindən biri oldu. Hər komanda onu heyətində görmək istəyər. O cümlədən də “Qəbələ”. Özü də limit məsələsinin bu qədər vacib olduğu bir vaxtda. Lakin hələlik dəqiq heç nə yoxdu. Çünki Raufun “İnter”lə müqaviləsi qüvvədədi. Hansısa kluba məxsus olan, sözləşməsi davam edən futbolçu ilə danışmaq doğru olmaz. Təbii ki, nə vaxtsa Əliyev “İnterdən ayrılsa, azad futbolçu olsa, danışıqlara başlayacağıq. Yaxın günlərdə hər şey ola bilər”.
Asif Əsgərov, “Qarabağ”ın meneceri: “Bu haqda heç nə deyə bilmərəm. çünki mənim xəbərim yoxdu. Hazırda məşqdəyəm, vaxtım azdı”.
Qeyd edək ki, Rauf Əliyev “Qarabağ”ın yetirməsidi. O, 2006-13-cü illərdə Ağdam klubunun formasını geyib və meydana çıxdığı 267 oyunda 27 qol vurub. 2013/14 mövsümündə isə böyük pullar qarşılığında “Bakı”da oynayıb. Forvard “zolaqlılar”ın heyətində keçirdiyi 38 qarşılaşmada 11 dəfə fərqlənib. Ardınca cənuba, “Xəzər Lənkəran”a yollanıb. Orda isə futbolçunun karyerası uğurlu alınmayıb. Cəmi 12 oyunda meydana çıxan futbolçu 3 qolla yadda qalıb. 2015-ci ildə “Neftçi”yə keçən ölkənin ən perspektivli hücumçularından biri ağ-qara formada 11 oyunda iştirak etsə də, hesabında qol yoxdu. Elə həmin ilin yayında “İnter”ə qayıdan Əliyev uzun müddət zədələrdən əziyyət çəkdi. Bu da onun millidən uzaq düşməsi ilə nəticələndi. Ötən mövsüm olduqca yaxşı təsir bağışlayan və çempionatda 11 qol vuraraq “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçlə bombardirlər cədvəlində 1-2-ci yerləri bölüşən futbolçu yenə Prosineçkidən dəvət almadı. Rauf dəfələrlə yenidən yığmaya qayıtmaq istədiyini və yeganə arzusunun bu olduğunu bildirib.
ŞƏFİ ŞƏFİYEV