Sizin reklam burada

Faiq Cabbarov 1000 manata görə həbs olunub

Müəllif: football Tarix: 9-08-2017, 13:47 755 Baxış
Faiq Cabbarov 1000 manata görə həbs olunub
Səttar Cabbarov: “Mən bir qardaş kimi həmişə ona dəstək olmuşam, ancaq indi bacarmıram”
1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilmiş, müxtəlif klubların heyətində dəfələrlə ölkə çempionu olmuş, butslarını mismardan asandan sonra aşağı dəstədə məşqçilik etmiş Faiq Cabbarovun həbs olunduğunu ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, veteran futbolçunun dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb bir neçə şəxsə borcunun olmasıdı. Borc yiyələri Cabbarovun ödəniş etmədiyini görərək, sonda ondan polisə şikayətçi düşüblər.
Dünən bu məsələ ilə bağlı yeni bilgi əldə etdik. Daha doğrusu, Faiq bəyin böyük qardaşı Səttar Cabbarovla əlaqə saxlayıb qardaşının başına gələnlər barədə məlumat əldə etdik: “Mən ölkəyə dünən (srağagün) qayıtmışam. Faiqin başına gələnlərdən xəbərsizəm. Yalnız onu bilirəm ki, o həbs olunub. Ancaq onu polis yox, məhkəmə tutub. Əslində Faiqin son vaxtlar nə iş gördüyündən, harda olduğundan xəbərim yoxdu. Çünki qardaşım bizimlə əlaqə saxlamırdı. Onun bu vəziyyətə düşməsinin günahı oturub-durduğu adamlar oldu. Adam nə qədər yeyib-içər, nə qədər məclislərə pul xərcləyər? Dəfələrlə böyük qardaş kimi onu qarşımda otuzdurub öyüd-nəsihət vermişəm. Bu yolun sonunun olmadığını bildirmişəm. Ancaq nə faydası? İnsana nə qədər kömək etmək olar? İçi mən qarışıq hamımız ona yardım etmişik, vəziyyəti pis olanda əlindən tutmuşuq. Dəfələrlə onun borclarını bağlamışam. Artıq mənim də imkanım yoxdu. Öz ailəmin dolanışığını çətinliklə həll edirəm. Bir insan ki yalana öyrəndi, onu düz yola qaytarmaq çətindi. Hər dəfə mənə düz yola qayıdacağına dair söz versə də, əməl etmirdi. Bir neçə dəfə tövbə edib, namaz qılıb, ibadətlə məşğul olub. Ancaq çox keçmədən ordan-burdan eşitmişəm ki, “qardaşın yenə kef məclislərindədi”. Məni, bir başqasını aldatmaq olar. Ancaq Allah qarşısında günah edəndə sonu belə də olmalıydı. Ailəsi ilə bir yerdə olub-olmadığını da bilmirəm. 53 yaşım var, ailədə böyük qardaşam, ata yurdunda qalıram. Mən Faiqi axtarmalıyam, yoxsa o məni? Artıq neçə vaxtdı onunla əlaqəm yoxdu. Uzun müddətdi mənə baş çəkmir. Bir neçə ay öncə yolu bu tərəflərə düşüb. Onda qohumlara deyib ki, artıq işləməyə başlayıb. Səhv etmirəmsə, “Kəpəz” rəhbərliyi onu işlə təmin etmişdi”.
Səttar bəy bizimlə söhbətdə Faiq bəydən incik düşdüyünü bildirsə də, yenə də böyük qardaş kimi tərəfini də saxlamağı unutmadı: “Faiq çox güclü futbolçu olub. Bunu heç kim dana bilməz. İstər futbol oynadığı dönəmdə, istərsə də məşqçi kimi çalışan vaxtda ətrafında həmişə çoxlu insanlar olub. Bayaq qeyd etdiyim kimi, onu yoldan çıxaranlar da məhz onlar oldu. Bu gün mətbuat Faiqi unutmur, vaxtilə futbolda etdiklərinə görə hər zaman onunla maraqlanır. Bəs həmin dostlar hardadı? Mən bir qardaş kimi həmişə ona dəstək olmuşam, ancaq indi bacarmıram. Mənə çatan informasiyaya görə, Faiqi polis həbs etməyib. Onu Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə gözaltına alıblar. Qohumlara dediyinə görə, 1000 manat borcu olub və onu ödəməsi ilə bağlı gecikmə yarandığından başına bu iş gəlib. Borc borcdu, onu danmaq, qaytarmamaq mümkün deyil. Sadəcə, elə insanlar var ki, milyonları çapıb-talayıblar, ölkəyə nə qədər ziyan vurublar. Ancaq onlara heç kim “gözün üstə qaşın var” demir. Faiq isə 1000 manata görə dəmir barmaqlıqlar arxasına göndərilib. Onu hansı müddətə həbs etdiklərini də bilmirəm. Siz bu məsələni Nizami rayon Məhkəməsindən aydınlaşdıra bilərsiz”.
Səttar bəylə danışdıqdan sonra Gəncənin Nizami rayon Məhkəməsinə zəng vurduq. Lakin gün ərzində opertarorun ”hazırda bu kanal məşğuldu, bir azdan zəng edin” sözlərindən başqa heç nə eşitmədik. Bu səbəbdən məhkəmədən Cabbarovun hansı müddətə gözaltına alındığını dəqiqləşdirə bilmədik.
RƏŞAD
SON XƏBƏRLƏR