
AÇ-də medal olmasa da, atıcılardan razıdılar
“Bu qədər çətinliyə baxmayaraq, necə 7-ci yeri tutdu, anlaya bilmədim”
Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatının nəticələrini nəzərinizə çatdırmışdıq. Təəssüf ki, nə güllə, nə də stend atıcılarımız medal qazana bildi. Əslində fərqli nəticə də gözlənilmirdi. Hər halda, idmançılarımızın çıxışının dəyərləndirilməsi üçün mütəxəssis rəyini öyrənməyə ehtiyac vardı. Dünən bu məqsədlə əvvəlcə güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumovanın fikirlərini öyrəndik: “İdmançılarımızın çıxışından razı qaldım. Ruslan Lunyov Avropa çempionatına yaxşı hazırlaşa bilməmişdi. Bizdə güllə çatışmazlığı yaranmışdı. Oğlum məşq edə bilmirdi. Hələ bu qədər çətinliyə baxmayaraq, necə 7-ci yeri tutdu, anlaya bilmədim. Yaxşı hazırlıq keçsəydi, ən azı bürünc medal cibində olacaqdı. Silahındakı problemi isə həll etdik. İtaliya silah firmasının nümayəndəsi Bakıya gəlmişdi. 5 dəqiqənin içində tapancanın problemini həll etdi. Silahın yerə dəyməsi üzündən sıradan çıxdığını söylədi. Amma silahı saz vəziyyətə gətirə bildi. Ruslan hazırda ölkə xaricində istirahətdədi”.
Daha sonra stend atıcılığı yığmamızın üzvü Emin Cəfərovla əlaqə saxladıq. Ancaq öncə onu qeyd edək ki, Emin bəy müvafiq millimizin baş məşqçisi Hafiz Cəfərovun oğlu olmaqla yanaşı, həm də Atıcılıq Federasiyasının baş katibi vəzifəsini icra edir. Cəfərov əvvəlcə stend atıcılarımızın AÇ-dəki çıxışını dəyərləndirdi: “Son 3 ildə ölkəmizdə bu idman növü üzrə müxtəlif yarışlar keçirilib. Bura gənclər və böyüklər arasında Dünya Kuboku, eləcə də ilk Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutan turnirlər daxildi. Bu üzdən yarış təcrübəmiz zəngin idi. Belədə Avropa çempionatını keçirməkdə çətinlik çəkmədik. Baxmayaraq ki, qitə birinciliyini ilk dəfə keçirirdik, təşkilatçılıqda hansısa problem olmadı. Əcnəbi idmançıların hamısı burdan vətənlərinə çox razı şəkildə yollandı. İkihəftəlik yarışda tribunalara azarkeş məhdud sayda buraxılırdı. Çünki idmançıların sayı 1400-ə yaxın idi. Bakı Atıcılıq Mərkəzində adam yetərincə çox idi. Həm də silahlara görə təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülmüşdü. Ancaq ümumilikdə yarışa böyük maraq olduğunu söyləyə bilərəm”.
Emin bəy daha sonra stend atıcılarımızın AÇ-dəki çıxışını dəyərləndirdi: “Bir neçə idmançımız şəxsi rekordunu yenilədi. Ancaq bu o qədər də önəmli deyil. Dairəvi stenddə qarışıq komanda növü yeni kateqoriya sayılır və Olimpiadanın proqramına yenicə salınıb. Bu kateqoriyada Fuad Qurbanov və Rigina Meftahətdinovadan ibarət qarışıq komandamız medal qazanmağa çox yaxın oldu. Onlar yarımfinala yüksəldi. Bu mərhələdə uduzduqdan sonra 3-cü yer uğrunda qarşılaşmada olimpiya çempionu olmuş italiyalı cütlüklə qarşılaşdılar. Onlara da məğlub olduqlarından 4-cü yerlə kifayətləndilər. Avropanın 20 komandası arasında 4-cü pillədə qərarlaşmaq çox yaxşı nəticədi. Ötən il də bu kateqoriyada ilk “5-lik”də yer almışdıq. Dünya səviyyəsində stend atıcılığının bu növündə güclü rəqabət olsa da, idmançılarımızın potensialı Tokio-2020-yə lisenziya qazanmağa imkan verir. İslamiadada bu kateqoriyada iki medal qazanmışıq. Səngər stenddə qarışıq cütlük çempion olmuşdusa, dairəvi stenddə gümüş medal qazanmışdı. Üç ildi bu kateqoriya üzrə yarışlar beynəlxalq səviyyədə keçirilir. İlk dəfə Avropa Oyunlarında qarışıq cütlüklər yarışıb. Gələn ildən bütün Dünya Kuboklarının proqramında yer alacaq. Çünki rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən olimpiya kateqoriyası kimi təsdiqlənib. İdmançılarımızın son 2 ildə göstərdiyi nəticələr pis deyil. Gələcək adına ümidlərimiz var”.
Baş katib sentyabrda Moskvada keçiriləcək dünya çempionatına hazırlaşdıqlarını da söylədi: “Avqustun 10-dan komandanın təlim-məşq toplanışı başlayacaq. Heyətdə maksimum 5-6 idmançı olacaq. Onların kimliyi hazırlıq prosesinin nəticələrinə əsasən müəyyənləşəcək. Hələ heç nə dəqiq bilinmir. Bu seçimi baş məşqçi edəcək. Kim daha hazır olacaqsa, mundialda ona da şans veriləcək. Həm fərdi, həm də komanda yarışında təmsil olunacağıq”.
Sonda AAF rəsmisi bu növdə kütləviliyin yarandığını nəzərimizə çatdırdı: “Bakı və Qəbələdəki atıcılıq kompleksləri dünyanın 10 ən yaxşı atıcılıq kompleksi sırasındadı. Silah-sursatla təchizat mənasında da hansısa problemimiz yoxdu. Qeyd etdiyim kimi, 2014-cü ildən ölkəmizdə müxtəlif beynəlxalq yarışlar keçiririk. Həmin vaxtdan bu idman növünə maraq artıb. Tədricən kütləvilik artmaqdadı. Yeniyetmələrin bu idman növünə marağı xeyli artıb. 2009-cu ildən Respublika Stend Atıcılığı İdman Məktəbi fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi tərəfindən bu məktəb dəstəklənir. 19-21 yaşlı idman ustalarımız var. Ümid edirik ki, bu gənc nəsil gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticələr əldə edəcək. Ölkədə bu idman növü üzrə çoxlu yarış keçirilməsi kütləviliyin artmasına böyük təkandı. Uşaqların atıcılığa marağı çox artıb”.
SƏRXAN