Sizin reklam burada

Güləş yığmalarının toplanışları bərpa olunub

Baxış Sayı:525

Güləş yığmalarının toplanışları bərpa olunub
Firdovsi Umudov: “Heç bir güləşçiyə “xain” damğası vurmamışam”
Bir müddət öncə güləşçilər maaş və başqa problemlərə görə etiraz aksiyası keçirmiş, bu məsələ bir anda ölkənin gündəminə çevrilmişdi. Az qala əksər tanınmış insanlar bu məsələylə bağlı mövqeyini sosial şəbəkələrdə bildirmişdi. Bir çox məsələlərdə olduğu kimi, bu problemə də yanaşma eyni cür olmadı. Fikirlər haçalandı, mübahisələr düşdü. Kimisi güləşçiləri nankorluqda qınadı, kimisi də Fazil Məmmədovun başında durduğu federasiyanı tənqid atəşinə tutdu. İndi sular durulub. Komandalar normal qaydada təlim-məşq toplanışı keçir. Sərbəst və yunan-Roma güləşi yığmalarımız Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirir. Qadınlar isə baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında mundiala hazırlaşır. Zərif cinsin nümayəndələri dünəndən Ukrayna toplanışına başlayıb. Onlar avqustun 21-dək yerli yığmayla birgə hazırlıq keçəcək.
Dünya çempionatı avqustun 21-dən 26-dək Fransanın paytaxtı Parisdə baş tutacaq. Proqrama əsasən ilk iki gündə yunan-Roma, avqustun 23-24-də qadın güləşçilər, son iki gündə isə sərbəst güləşçilər xalça üzərinə çıxacaq.
Dünən son vəziyyətlə tanış olmaq üçün sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudovla əlaqə saxladıq: “Hər şey öz axarıyla gedir. Komanda tam tərkibdə hazırlığı davam etdirir. Hacı Əliyev də, Ağahüseyn Mustafayev də, Əşrəf Əliyev də, Cəbrayıl Həsənov da təlim-məşq toplanışında iştirak edir. Tanınmış güləşçilərdən yalnız Toğrul Əsgərov sıralarımızda deyil. Bunun da səbəbini bilirsiz. Dopinqə görə cəzalı olduğundan millinin toplanışında iştirak edə bilməz. Həkimlər də, masajçılar da komandayla bir yerdədi. İnanmırsızsa, məşqlərimizi gəlib izləyə bilərsiz. Təxminən bir həftəyə dünya çempionatına yollanacaq komandanın heyəti açıqlanacaq. Bu zaman media nümayəndələri önündə açıq məşq baş tutacaq. Mən də sözümü deyəcəm. Mənim guya güləşçiləri xain adlandırdığımı yazıblar. Bunu hardan götürüblər, bu qənaətə necə gəliblər, anlaya bilmirəm. Yalnız bu hadisədən sonra “feysbuk” səhifəmdə status yazmışam. Özünüz də bilirsiz ki, orda təhqiramiz heç nə yazmamışam. Heç bir güləşçiyə də “xain” damğası vurmamışam. İdmandan başı çıxmayanlar ortalığı bulandırır. Dünənə kimi idmançıların pulunu sayanlar, onlara düşmən kəsilən bəzi mətbu orqanlar indi onları qəhrəman adlandırır. Bu məsələ onların əməyi sayəsində Ermənistan mətbuatına da çıxdı. Rəsul Çunayevin Olimpiadada erməniyə uduzduğu şəkli saytda yerləşdiriblər. Bu da onların niyyətindən xəbər verir. Mən yenə də eyni fikirdə qalıram ki, problemlər etiraz aksiyası yoluyla həll olunmur. Hər şeyi oturub müzakirə etməklə, danışmaqla həll etmək lazımdı. Ailə içində müvəqqəti ara-sıra problem, çatışmazlıq ola bilər. Ancaq bunu ictimailəşdirmək doğru deyil. Bu hadisəni bəziləri fərqli cür yozdu. Hamı bilsin ki, güləşçilər dövlətə də, dövlətçiliyə də sadiqdi. Mən prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm. Bu mənim əqidəmdi. Məni gülləylə vurub öldürsələr də, əqidəmdən dönən deyiləm. Avqustun 21-də Fransaya yollanacağıq. Mən istəmirəm ki, jurnalistlər bugünlərdə güləşçiləri narahat etsin. Məsul yarış ərəfəsində onların fikrinin yayınmasını istəmirəm”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR