
Skidan dünya beşincisi oldu
Nazim Babayev üçün yarış erkən bitdi
Londonda atletika üzrə dünya çempionatı davam edir. Dünən təmsilçilərimizin üçü də mübarizə aparıb. Üçtəkanla tullanmada təsnifat yarışı keçirilib. Kubalı legioner Aleksis Kopello 16,89 metr məsafəyə tullanaraq A qrupunda ilk “5-liy”i qapayıb və finala yüksəlib. Təəssüf ki, B qrupunda yer alan Nazim Babayev uğurlu çıxış edə bilməyib. 19 yaşlı atlet 16,61 metrlik nəticəylə 7-ci olub və mübarizəni başa vurub. Kopellonun da aralarında yer alacağı 12 iştirakçı isə avqustun 10-da finalda yarışacaq. Anna Skidan axşam saatlarında finalda çıxış edib. Ukraynalı legioner çəkici 73,38 metrə ataraq ilk “5-liy”i qapayıb. Skidan polşalı Anita Vlodarşik (77,90), çinli Jenq Vanq (75,98), polşalı Malvina Kopron (74,76) və çinli Venxiu Janqdan (74,53) geri qalıb.
Dünən həmçinin Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyev qaçış cığırına çıxıb. Sprinter 200 metr məsafəyə seçmə yarışda 20,16 saniyəyə finişə çataraq onunla eyni vaxtda start götürən bütün həmkarlarını qabaqlayıb. Bununla da Quliyev yarımfinala vəsiqə qazanıb. Yarımfinal mübarizəsinin sabah baş tutacağını da nəzərinizə çatdıq.