Sizin reklam burada

Ruslan Tağızadə, Ramazan Abbasov və Saşa Yunisoğlu “Göyçə”də!

Baxış Sayı:770

Ruslan Tağızadə, Ramazan Abbasov və Saşa Yunisoğlu “Göyçə”də!
Bəhmən Həsənov: “Təbii ki, əsas hədəfimiz premyer-liqaya vəsiqə qazanmaqdı”

Premyer-liqada mövsümün başlayacağı tarix bilinsə də, hələlik birinci divizionun startı ilə bağlı məlumat yoxdu. Çox güman, aşağı dəstədə mübarizəyə sentyabrın ortalarında start veriləcək. Neçə klubla? Bu sual da açıq qalır. Amma bir klub var ki, hansısa fövqəladə hadisə baş verməsə, aşağı dəstədə təmsil olunacaq. Bu “Göyçə”di. Bir müddət əvvəl yaradılan komandanın baş məşqçisi Bəhmən Həsənovdu. Artıq Bəhmən bəyin komandası hazırlığa başlayıb. “Göyçə” həvəskarlar liqasında mübarizə aparan “Bakı”nın bazasında məşq edir. Komandaya bir neçə təcrübəli futbolçu da cəlb olunub.
“Göyçə”nin hazırlığı, komandadakı son durum ilə bağlı məlumat almaq üçün Həsənovla əlaqə saxladıq. O, komandanın formalaşdırılması yönündə işlərin tamamlanmaq üzrə olduğunu bildirdi: “Artıq bir həftədi toplaşmışıq. Bundan əvvəl də seleksiya xarakterli toplanışımız olmuşdu. Hazırda gündə iki dəfə məşq edirik. Toplanış rejiminə sabahdan (bu gündən) keçəcəyik. Toplanış çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Ayın 17, 22, 24, 26 və 28-də yoxlama oyunları keçirəcəyik. Komandaların bəziləri dəqiq bilinir. İlk rəqibimiz birinci divizionda mübarizə aparacaq “Şüvəlan”dı. Sonra “Binə”, MOİK və “Qaradağ Lökbatan”la qarşılaşmaq istəyirik. Qarşı tərəfdən razılıq ala bilsək, dediyim rəqiblərlə oyunlar baş tutacaq. Toplanışın son oyununda premyer-liqa klubu ilə oynamaq niyyətindəyik. Bilirsiz ki, sentyabrın əvvəlində millinin oyunu ilə bağlı çempionatda fasilə olacaq. Boşda olan klublardan birinə qarşı oynamaq və gücümüzü sınamaq istəyirik. Hər halda, elita təmsilçisi ilə birinci divizion klubunun səviyyəsi arasında fərq var”.
Təcrübəli mütəxəssis heyətdə 24 futbolçunun olduğunu qeyd etdi: “Yaxşı heyətimiz var. Düşərgədə 24 futbolçu yer alıb. Hamısı da sağlamdı. Futbolçuların sayı arta bilər. Bu, toplanışdan asılıdı. Hansı zonaya oyunçu lazım olsa, almağa çalışacağıq. Heyət əsasən ötən mövsümlərdə aşağı dəstə və premyer-liqada çıxış etmiş oyunçulardan qurulub”.
Baş məşqçi bəzi futbolçuların adını açıqladı. Onların arasında futbol ictimaiyyətinə yaxşı tanış olan adlar da var: “Heyətimizin kifayət qədər güclü olduğunu düşünürəm. Təcrübəli oyunçularımız çoxdu. Ruslan Tağızadə, Orxan Səfiyaroğlu, Tagim Novruzov, Elşad Manafov, Ramazan Abbasov, Saşa Yunisoğlu, Məhəmməd Alıyev, Yasin Həmid, Cavad Kazımov, Samir Abdulov, Kamil Nurəhmədov və başqa oyunçular bizimlə müqavilə bağlayıb. Adını çəkdiklərimdən başqa, cavan uşaqlarımız da var. Onlar yetərincə potensiallı futbolçulardı. Bundan əlavə, komandada bir legioner var. Bu, iranlı Meysam Camidi. O, ötən mövsümün ikinci yarısında birinci divizionda “Rəvan”ın heyətində oynayıb. 5 turda meydana çıxıb. Çox yaxşı oyunçudu. O vaxt da Meysamı mən dəvət etmişdim. Onun yenə bizə kömək etməsini istədim. Yaxın günlərdə bir legioner qapıçı da olacaq. Adını hələ açıqlamaq istəmirəm”.
Bəhmən bəy “Göyçə”nin ev oyunlarını keçirəcəyi stadionun adını da açıqladı: “Ev oyunlarını “Bakı”nın bazasında, təbii örtüklü meydanda keçirəcəyik. Digər meydanda isə məşq edəcəyik. Elə toplanışımız da “Bakı”nın bazasında olacaq”.
O, hədəfin premyer-liqaya vəsiqə qazanmaq olduğunu söylədi: “Təbii ki, əsas hədəfimiz premyer-liqaya vəsiqə qazanmaqdı. Başqa nə ola bilər ki?! Yaxşı heyətimiz var, futbolçulara yaxşı maaş verilir, mükafat vəd olunub, hər cür şərait yaradılıb. Niyə çempion olub, elitaya yüksəlməyək? Bunun üçün əlimizdən gələni edəcəyik. Artıq klub üçün bank təminatı da almışıq. Birinci gün PFL-ə təqdim edəcəyik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR