Sizin reklam burada

“Qarabağ” ÇL-in qapısına Tiraspolda əl uzatdı

Baxış Sayı:932

“Qarabağ” ÇL-in qapısına Tiraspolda əl uzatdı
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Şerif (Moldova) – Qarabağ 1:2 (0:1)

1. Zvonimir Mikuliç
15. Kristiano
6. Viktor Oliveyra
90. Vyaçeslav Posmak
55. Mateo Suşiç (k)
4. Petru Raku
39. Zidi Badibanqa
8. Ceremi De Noyer
(9. Stefan Muqoşa, 61)
30. Yosip Brezovets
(14. Benjamin Balima, 85)
20. Siril Bayala
99. Vitali Damaşkan
Ehtiyat oyunçular
25. Sergey Yurik
3. İon Jardan
18. Georgi Anton
32. Yevgeni Oansea
37. Vitali Bordian
Baş məşqçi: Roberto Bordin

13. İbrahim Şehiç
25. Ansi Aqolli
14. Rəşad Sadıqov (k)
55. Bədavi Hüseynov
5. Maksim Medvedev
(52. Yakup Jezniçak, 31)
2. Qara Qarayev
20. Riçard Almeyda
17. Donald Qerye
8. Miçel
11. Mahir Mədətov
(22. Əfran İsmayılov, 60)
9. Dino Ndlovu
(44. Ağabala Ramazanov, 89)
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
32. Elvin Yunuszadə
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qollar: D.Ndlovu, 45+3 (0:1). Miçel, 86 (0:2). Z.Badibanqa, 90+4-p. (1:2).
Vərəqələr: D.Qerye, 28. Miçel, 35. V.Posmak, 38. V.Damaşkan, 44. Y.Brezovets, 47. İ.Şehiç, 57. A.Aqolli, 73. R.Sadıqov, 90+4 – sarı.
Hakimlər: ROY REYNŞREYBER, Amihay Yehoşua Mozes, Dan Ukenik, Daniel Bar Natan (hamısı İsrail)
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya).
1 avqust. Tiraspol. “Şerif” stadionu. 7742 tamaşaçı.
Birinci hissəyə 5, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun – 0:0.
17 (9) qapıya (“çərçivə”yə) zərbə 8 (5)
4 korner 4
1 ofsayd 0
12 qayda pozuntusu 15
3 vərəqə (qırmızı) 5
Çempionlar Liqasında qrupun qapısını döymək, pley-offa yüksəlmək üçün illərlə gözləmək lazım gəldi. Təbii ki, ilk illərdə buna ümid etmək yersiz idi. Ancaq son illərdə “Qarabağ”ın ardıcıl cəhdləri ümidləndirmişdi hər kəsi. Hərçənd “Şerif”lə ötən həftə Bakıda baş tutan oyunun nəticəsi qorxutmuşdu bizi. “Yenə gələn yaya qaldı” deyə içimizdəki qorxunu büruzə verməyə başlamışdıq. Qismətdə bu tarixi uğuru səfərdə qeyd etmək var imiş. Moldovalıların “qaraçı hərisliyi” üzündən teleyayın təşkil edilmədiyi üçün pley-off sevincini heç də geniş audutoriya dadmadı. Əsas nəticədi, pley-offumuz mübarək!
İndi isə keçək Tiraspoldakı qarşılaşmanın reportajına. Əslində ilk oyundakı nəticə qənaətbəxş sayılmasa da, oyun ümid vermişdi. “Şerif”in evdə sona qədər müdafiədə oturacağı az inandırıcı idi. Fürsət gözləyən rəqibi “yuvadan çıxarmaq” və tələyə salmaq üçün isə onun əsəbləri ilə oynamaq lazım idi. Bir sözlə, psixoloji durumu güclü olan, soyuqqanlı davranan tərəf qazanacaqdı bu mücadiləni.
Qurban Qurbanov bütün imkanları səfərbər etmişdi. Gürcülərlə matçda zədələnən Rəşad Sadıqov və “Şerif”lə ilk görüşdə xarakter nümayiş etdirməsinə baxmayaraq, eyni səbəbdən sona qədər oyunu davam etdirə bilməyən Yakub Jezniçakın sıraya dönməsi məşqçilər korpusunun əlini gücləndirmişdi. Qurbanov ilk “11-lik”də Rəşada yer versə də, polşalı müdafiəçi də yarımsaat sonra meydanda idi. O bu dəfə xəsarət alan Maksimi cinahda əvəzlədi və hadisələri qabaqlayaraq qeyd edək ki, Medvedevdən də, əks cinahda çıxış edən Aqollidən də daha etibarlı idi. Üstəlik, yenə iki dəfə zədə alması onun mübarizə əzminə təsir göstərmədi.
Qarşılaşmadan bir gün əvvəl baş tutan mətbuat konfransında “Şerif” bizə sürpriz hazırlaya bilər” deyən Qurban Qurbanov intuisiyasında yanılmamışdı. İlk oyunda ultra-müdafiə taktikasına üstünlük verən moldovalılar bu dəfə ilk dəqiqələrdən meydan sahibi olduğunu hiss etdirdi. 5-ci dəqiqədə Bayalanın ideal ötürməsindən sonra Bədavini arxada qoyan Damaşkan Şehiçlə təkbətək çıxdı. Bosniyalı irəli çıxıb rəqibin manevr imkanını məhdudlaşdırdı və onu cinaha yönəltdi. Belədə moldovalının o mövqedən topu boş qapıya göndərməsi çətinləşdi. Yaxşı ki, bu epizodda “Şerif”in futbolçularından heç kim komanda yoldaşına dəstək vermirdi.
Tədricən hücumları artıran "Şerif" 19-cu dəqiqədə “Qarabağ”ın müdafiəsini həyəcanlandırdı. Susiçin zərbəsini Şehiç zərərsizləşdirdi. Ancaq əsas təzyiqi Badibanqa yaradırdı. Fiziki cəhətdən güclü olan hücumçunun qarşısını almaq üçün gah Maksim, gah Miçel, gah da Qerye kobudluğa əl atmalı olurdu. 26-cı dəqiqədə "Şerif" növbəti dəfə təhlükəli vəziyyət yaratdı. Brezovetsin cərimə zərbəsindən ötürdüyü topu Raku qapıya yönəltsə də, Şehiç bu dəfə də yaxşı oynadı.
Hissənin sonlarına doğru “Qarabağ” oyuna ağırlığını qoymağa başladı. Əvvəlcə Qara uzaqdan zərbə ilə qapıçının sayıqlığını yoxlamaq istədi, ancaq hədəfə düşə bilmədi. 42-ci dəqiqədə Qeryenin zərbəsindən sonra isə rəqib qapıçı topu “9-luq”dan çıxartdı. Əks halda, olduqca baxımlı qol izləyəcəkdik.
İlk yarıya 5 dəqiqə əlavə olundu ki, “Qarabağ”ı qələbəyə yaxınlaşdıran ilk qol da məhz həmin dəqiqələrə təsadüf etdi. 3-cü uzatma dəqiqəsində Almeyda topu cinaha meyillənən Ndlovuya göndərdi. Əslində qapıya məsafə uzaq idi. Ancaq bir hərəkətlə “Şerif”in kapitanının başını hərlədən Ndlovuya reydini tamamlamaq və əla zərbə ilə topu qapıya göndərmək üçün cəmi 10 saniyə kifayət etdi. Bu artıq pley-offun müjdəsi idi. Rəqibin qıcıqlanaraq ikinci hissədə daha böyük qüvvə ilə irəli atılacağı və belədə müdafiədə boşluqlar verəcəyi gözlənilən idi. “Qarabağ”ın paltardəyişmə otağında ləngiməsi də moldovalıların əsəbləriylə oynamağa hesablanmışdı.
Təmsilçimizin 60-cı dəqiqəyə kimi böyük təzyiqlə üzləşdiyini də qeyd etməliyik. 54-cü dəqiqədə Brezovetsin zərbəsindən sonra Şehiç qola imkan vermədi. Bir dəqiqə sonra Bayala növbəti şansı əldən verdi. 60-cı dəqiqədə Mahiri Əfranla əvəzləyən Qurbanovun bu gedişi yerinə düşdü. Həm tempi bir qədər aşağı salmaq mümkün oldu, həm də bundan sonra İsmayılovun topu özündə saxlaması ilə rəqibin kəskin həmlələrinin qarşısını ala bildik. 72-ci dəqiqədə Almeyda bütün suallara aydınlıq gətirə bilərdi. Qeryenin ötürməsindən sonra cərimə meydançasına daxil olan braziliyalının zərbəsindən sonra top qapıçının qucağında qaldı. Dəqiqələr “əridikcə” “Şerif”in ümidləri də azalırdı ki, belədə ağdamlılar daha rahat oynayırdı. 80-ci dəqiqədə Dinonun təhlükəli zərbəsini qapıçı Mikuliç dəf edə bildi. Ancaq 86-cı dəqiqədə o, Miçelin başla öldürücü vuruşu qarşısında aciz qaldı. O, əvvəlcə Dinonun asmasını yumruğuyla dəf etdi. Ancaq top bu dəfə əks tərəfdən hücuma dəstək verən Aqolliyə tərəf gəldi. Alban müdafiəçinin penalti nöqtəsinin üzərinə qaldırdığı topu isə Miçel mükəmməl vuruşla tora qovuşdurdu. Artıq rahat nəfəs almaq olardı. Rəşad Muqoşanı cərimə meydanında yıxıb penaltiyə də səbəbkar ola, Badibanqa fəallığının mükafatını “duran top”dan vurduğu qolla ala bilərdi. Son saniyələrə təsadüf edən bu qol "Qarabağ"ın tarixi ilki gerçəkləşdirməsini, ÇL-in pley-offuna yüksəlməsini əngəlləyə bilməzdi. ÇL-in o möhtəşəm himnini azarkeşlərə canlı dinlədəcəyinə görə alqışları haqq edən “köhlən atlar”ı avqustda Azərbaycan futboluna qızıl hərflərlə yazılacaq növbəti uğura səsləyirik. Haydı, “Qarabağ”, haydı, “kəhlən atlar”!
MİRAĞA

Maraqlıdı...
* “Qarabağ”ın ÇL-in cari mövsümündəki “quru” seriyası qırıldı. “Samtredia” ilə heç bir matçda qol buraxmayan (5:0, 1:0) “köhlən atlar” “Şerif”lə Bakıdakı oyunda da qapısını toxunulmaz saxlamışdı – 0:0. Moldovakı səfər qarşılaşmanın son dəqiqəsində bu seriyaya qırıldı. Ağdamlalar sonuncu dəfə ötən mövsüm AL-in qrupunda “Fiorentina” ilə evdəki görüşdə qol buraxmışdı. 236 gündən sonra məyus olan “Qarabağ”ın “quru” seriyası 373 dəqiqə davam etdi.
* Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” yubiley qələbəsini qazandı. “Şerif”lə cavab oyunu 2008-ci ildən ağdamlıları çalışdıran mütəxəssisin bu postda 30-cu avrokubok qələbəsi idi. Qurbanov “Qarabağ”ı indiyədək 68 dəfə qitəmiqyaslı turnirlərin oyununa çıxarıb. Bu qarşılaşmalarda onun yetirmələri 30 qələbə qazanıb, 20 heç-heçə edib və 18 dəfə uduzub. Komandası 79 top vuran çalışdırıcı 61 buraxılan qola üzülüb.
* "Qarabağ"ın Tiraspol zəfəri ilə avrokuboklarda qələbələrimizin sayı 85-ə çatdı. Heç-heçəmiz 74-ə, məğlubiyyətimiz 138-ə bərabərdi. Vurduğumuz qollar 273, buraxılan toplar isə 438-di.

Reaksiyalar
Yakub Jezniçak: “Burda zədələr sarıdan heç bəxtim gətirmir. İlk hissədə burnum, ikincidə isə barmağım qırıldı. Ancaq bu hələ başlanğıcdı”.
Riçard Almeyda: “Halal olsun, uşaqlar. Bizim yolumuz davam edəcək. Təslim olmaq lazım deyil. Bütün “Qarabağ” azarkeşlərini sevirəm. Hər şey üçün təşəkkürlər”.
Ağabala Ramazanov: “Çox vacib oyunda qələbə qazandıq. Buna görə çox sevincliyik. Matçın çətin keçəcəyini öncədən bilirdik. Komandada hər kəs ciddiyyəti hiss edirdi. Hamımız çox yaxşı hazırlamışıdıq. Həm oyun baxımından, həm də mənəvi cəhətdən. Sonda hər şey istədiyimiz kimi oldu. Layiqli qələbə qazandıq. Bizi dəstəkləyən, TV qarşısında əyləşib irəli səsləyən azarkeşləri təbrik edirəm. Oyundan sonra Qurban müəllimin tövsiyəsi oldu ki, rahatlaşmaq olmaz. Bundan sonrakı qarşılaşmalarda da mübarizə aparıb, gözəl oyun sərgiləyib, maksimum yaxşı nəticələr qazanmaq lazımdı. İndi bizi qarşıda çox çətin pley-off mərhələsi gözləyir. Orda zəif rəqib olmur. Var gücümüzlə mübarizə aparacaq, meydanda canımızı qoyacağıq”.
Qara Qarayev: “Çətin oyun oldu. Biz bunu gözləyirdik. Bakıdakı 0:0 hesabından sonra “Şerif”in qələbə üçün oynayacağını bilirdik. Amma biz mübarizə apardıq, sona qədər oynadıq. Vacib qələbə qazandıq. Bu qələbə bizi Çempionlar Liqasının pley-off mərhələsinə çıxardı. Yəni Azərbaycan futbol tarixində bir ilkə imza atdıq. Hamımız sevincliyik. Bu qələbənin dadını lazımınca çıxarmaq istəyirik. Amma arxayınlaşmaq olmaz. Qurban müəllim də oyundan sonra hamımızı təbrik etdi. Dedi ki, növbəti oyunlara köklənməliyik. İndiyə kimi üç dəfə Avroliqanın qrup mərhələsində oynamışam. Amma ÇL-in pley-offu tam başqa zövq verir. Xalqımızı təbrik edirəm. Ölkəmizdə ilk dəfə ÇL-in himni səslənəcək. Bu hissləri ifadə etmək çətindi. Hər şey istədiyimiz kimi olsun. Qrupa düşmək niyyətindəyik. Tezliklə rəqiblərimiz bilinəcək. Bu mərhələdə zəif komanda olmur. Var gücümüzlə mübarizə aparıb, qrupa düşməyə çalışacağıq. Hansı rəqibin düşməsi bizim üçün o qədər fərq eləmir. Amma arzum odu ki, qrupa düşsək, “Barselona”ya qarşı oynayım. Pley-off oyunlarından əvvəl premyer-liqanın birinci turunun oyunu var. “Neftçi” ilə qarşılaşacağıq. Bu mərhələni keçmişik deyə, çempionat oyununu unutmaq olmaz. Bütün gücümüzü, enerjimizi və emosiyaları bərpa edib, premyer-liqaya da maksimum nəticə ilə başlamalıyıq. Ondan sonra pley-off haqda düşünmək olar”.
Bədavi Hüseynov: “Oyunun çətin keçəcəyini bilirdik. Bakıdakı oyundan fərqli, “Şerif” çox aqressiv futbol oynadı. Onların ilk dəqiqələrdən hücum edəcəyini gözləyirdik. Bu üzdən Qurban Qurbanovun verdiyi tapşırıqları dəqiq yerinə yetirməyə çalışdıq. Dino və Miçelin vurduğu qollar futbolçuların ustalıq səviyyəsinin göstəricisidi. Hər ikisi əla qolla yadda qaldı. Miçel bu cür qolu ilk dəfə vurur. Biz komanda olaraq qələbə qazanmaq üçün əlimzdən gələni etdik. Bütün gücümüzü ortaya qoyduq. Komanda yoldaşlarıma əla oyuna görə təşəkkür edirəm. Məhz uşaqların zəhmətinə görə qalib gəldik. Qələbə qazanıb, pley-off mərhələsinə adladığımız üçün sevinirik. Bu qələbə Azərbaycan üçün tarixidi. Xoşbəxtik ki, bütün azarkeşlərimizə sevinc bəxş etdik. Ümud edirəm ki, pley-off oyunlarında da azarkeşləri sevindirəcəyik. Hər iki pley-off oyununda yaxşı nəticə əldə etməyə çalışacağıq. İndi bütün diqqətimizi həmin qarşılaşmalara yönəltmişik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR