Sizin reklam burada

Tahir Süleymanov israillilərin işindən razı qalıb

Müəllif: football Tarix: 3-08-2017, 14:30 773 Baxış
Tahir Süleymanov israillilərin işindən razı qalıb
“Belə anlar hakim idarəçiliyinə yardımdı”
“Qarabağ”ın tarixi qələbəsiylə bitən matçı İsraildən olan hakimlər briqadası idarə edirdi. Baş hakim Roy Reynşreyberin idarə etdiyi qarşılaşmaya meydan sahibləri aqressiv başladı. “Şerif”lilər həm pressinq edərkən, həm də müdafiə olunan zaman qaydaları tez-tez pozurdu. Lakin Ağdam klubunun üzvləri də kobudluqlardan xali deyildi. Kobudluq bir yana, “köhlən atlar”ın qapıçısı İbrahim Şehiç vaxtı uzatdığına görə çox tez sarı vərəqə ilə cəzalandı. Reynşreyber ümumilikdə 8 sarı vərəqə göstərdi ki, bunların da 5-i ağdamlıların payına düşdü. Bakıdakı matçda rəqib komandanın bəzi üzvləri “Qarabağ”ın qapısına penaltinin təyin olunmamasından şikayətlənmişdi. Mütəxəssislər də Maksim Medvedevin cərimə meydançasında rəqib oyunçuya qarşı kobudluq etdiyini təsdiqləmişdilər. Srağagünkü oyunda isə ciddi mübahisə doğurası epizod yaşanmadı. 4-cü uzatma dəqiqədə “Qarabağ”ın qapısına təyin olunan penalti zamanı da düşərgəmizdən kimsə narazılıq etmədi.
Bəs bu dəfə mütəxəssislər hakimliyi necə dəyərləndirəcək? Öncə onu qeyd edək ki, qarşılaşma ölkəmizdə yayınlanmadığından oyunu izləyən mütəxəssis tapmaq üçün xeyli əziyyət çəkdik. Lakin bir nəfər tapmaq mümkün oldu. Sabiq FİFA referisi Tahir Süleymanov çətinliklə də olsa, internet vasitəsilə matça baxa bilib. Onun idarəçilik haqda fikirləri belə oldu: “Oyuna baxmaq üçün xeyli əziyyət çəkdim. Axır ki birtəhər internet vasitəsilə matçı izləyə bildim. Keyfiyyətdən danışmağa dəyməz. Meydan kölgəli görünürdü. Bu üzdən idarəçiliyi detallı təhlil etmək doğru olmaz. Çünki epizodları tam dəqiq görmək olmurdu. Oyunun axarını nəzərə alsaq, "Şerif"in futbolçularının və yerli azarkeşlərin hakimlərə psixoloji təsiri açıq-aydın hiss olunurdu. Görüş idarəçilik baxımından asan olmadığı üçün baş hakim öz briqadası ilə oyunu yaxşı səviyyədə idarə etdi. Psixoloji cəhətdən görüşə tam hazır idi və yerlilərin təzyiqinə fikir vermirdi. "Qarabağ" kapitan Rəşad Sadıqovun timsalında öz təcrübəsini ortaya qoyaraq münaqişə, futbolçular arasında narazılığın yaranmasına imkan vermirdi. Hətta bir epizodda Miçelin hakimə etirazına müdaxilə edərək sakitləşdirdi. Belə anlar hakim idarəçiliyinə yardımdı. Eyni zamanda simpatiyanın qazanılmasıdı. Görüşün sonunda isə 11 metrlik cərimə zərbəsi epizodu artıq heç bir əhəmiyyət daşımırdı. Amma orda qaydanın pozulduğunu təsdiq edə bilərəm. Az da olsa, arxadan təmas var idi. Yaxşı ki, sonda hər şey istədiyimiz kimi oldu. “Qarabağ”a Çempionlar Liqasının pley-offunda uğurlar arzulayıram. Bundan da əlavə, gözəl, ədalətli hakim idarəçiliyinin olmasını istəyirəm”.
ŞƏFİ ŞƏFİYEV
SON XƏBƏRLƏR