Sizin reklam burada

Aqil Məmmədov işsiz qalmaqdan qorxmur

Baxış Sayı:703

Aqil Məmmədov işsiz qalmaqdan qorxmur
“Mil-Muğan”a normal büdcə ayrılmasa, İmişliyə qayıtmayacam”
Premyer-liqadan fərqli, birinci divizionda mübarizəyə sentyabrda start veriləcək. Hələ ki aşağı dəstədə neçə komandanın çıxış edəcəyi dəqiq məlum olmasa da, vaxtaşırı çempionatda iştirak edəcəyi şübhə doğurmayan klubların rəhbərliyi və baş məşqçiləri ilə əlaqə saxlayıb, yeni mövsümlə bağlı planlarını öyrənməyə çalışırıq. Fikrini öyrəndiklərimizin əksəriyyəti çatışmazlıqları qabardırlar. Kimi şəraitsizlikdən gileylənir, kimi maddi yöndə çətinliklərinin olduğunu, kimi də heyəti gücləndirmək yönündə problemlə üzləşdiyini bildirir. “Mil-Muğan”ın prezidenti Mirheydər Səfiyev isə açıqlamasında divizion təmsilçilərinə xas bütün bu problemləri sadalamaqla yanaşı, komandanın baş məşqçisi Aqil Məmmədovun yeni mövsümdə yenidən İmişli təmsilçisinin “sükanı arxasında” olub-olmayacağını bilinmədiyini söyləyib.
Klub prezidentinin səsləndirdiyi ikibaşlı fikirləri nəzərə alıb, Aqil bəyi aradıq. 45 yaşlı mütəxəssis Səfiyevin söylədiklərinə belə reaksiya verdi: “Mirheydər müəllimin açıqlamasıyla tanış deyiləm. Ancaq onun sözlərində müəyyən qədər həqiqət var. Düzdü, hələ ki son qərarımı verməmişəm. Ancaq ola bilsin, yeni mövsümdə “Mil-Muğan”ı çalışdırmadım. Hər şey büdcədən asılıdı. Heç olmasa, komandaya ötənilki kimi maliyyə ayrılsa, orda qalıb işləməyə dəyər. Əks halda yalandan vaxt keçirməyə dəyməz. Maaş xatirinə autsayder olacaq komandada işləmək mənilik deyil. Neçə illərdi futboldayam. Futbolçu kimi daim ölkənin aparıcı klublarının şərəfini qoruduğumdan, mükafatlar uğrunda mübarizə aparan komandanın üzvü olduğumdan, məşqçi kimi də iddialı, gələcəklə bağlı konkret hədəfləri olan komandanı çalışdırmaq istəyirəm. Söylədiyim kimi, “Mil-Muğan”a normal büdcə ayrılmasa, İmişliyə qayıtmayacam. İşsiz qalmaqdan isə qorxmuram, özüm-özümü aldada bilmərəm. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək”.
Göründüyü kimi, Məmmədovun İmişli təmsilçisinə qayıdıb-qayıtmayacağı maliyyədən asılıdı. Komandaya normal vəsait ayrılacağı halda, görəsən, Aqil bəyə yeni komanda formalaşdırmaq çətinlik yaratmayacaq ki? Hər halda, ötən mövsümlə müqayisədə bəzi aparıcı üzvlər “Mil-Muğan”ın düşərgəsini tərk edib. Raul Yaqubzadə və qapıçı Elxan Məmmədov elitanın debütantı “Səbail”ə üz tutubsa, bəzi futbolçular aşağı dəstənin başqa klublarına yollanıblar. Ancaq baş məşqçi heyətlə bağlı problemin olmayacağı fikrindədi: “Fikrimcə, kluba normal maliyyə ayrılsa, heyət formalaşdırmaqla bağlı problemlə üzləşməyəcəyik. Danişıq apardığımız bəzi futbolçular var. Onlar bizdən cavab gözləyirlər. Dediyim məsələyə aydınlıq gələn kimi onlarla əlaqə saxlayıb düşərgəyə dəvət edəcəyik. Avqustun 5-nə kimi bütün suallara cavab tapılsa, çox yaxşı olardı. İstəmirəm ki, ötən mövsümün əvvəlində üzləşdiyimiz çətinliklərlə bu dəfə də baş-başa qalaq. Xatırlayırsızsa, 2016/17 mövsümünün əvvəlində “Mil-Muğan” divizionun başqa təmsilçiləriylə müqayisədə toplanışa gec başladı. Bu da sonradan bizə müəyyən problemlər yaratdı. Elitaya iddialı klublar çempionata hazır vəziyyətdə başladığı halda bizim komanda turdan-tura formaya düşməyə başladı. Həmin müddətdə isə qızıldan qiymətli xallar itirdik. Komanda heç olmasa, 10 gün tez bir araya gəlsəydi, “Mil-Muğan” çempionatı ilk “üçlük”də başa vura bilərdi. Komanda normal forma yığıb, qələbələri sıraladığı zaman liderlərlə aramızda xal fərqi yetərincə çox idi. Qalan turlarda nə qədər çalışsaq da, fərqi aradan qaldıra bilmədik. Son qarşılamalarda isə futbolçular mükafatçılar sırasına düşə bilməyəcəyimizi görüb, meydana həvəssiz çıxırdılar. Odu ki, ötən ildən dərs çıxarmalıyıq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR