Sizin reklam burada

Vüqar Əsgərli qazaxlar üzərində qələbələrdən danışdı

Baxış Sayı:1 518

Vüqar Əsgərli qazaxlar üzərində qələbələrdən danışdı
Çempionlar Liqasına qatılmaq üçün qadın komandası yaradılacaq
Qadınlardan ibarət yığmamız Bakıda təlim-məşq toplanışı keçdi. Hazırlıq prosesi çərçivəsində Vüqar Əsgərlinin komandası Qazaxıstanla iki yoxlama oyununda qüvvəsini sınadı. İlk görüşdə rəqibinə 1:0 hesabıyla qalib gələn milli ikinci dueldən də qələbə ilə yarıldı. Bu dəfə Əsgərlinin yetirmələri 4:2 hesablı qələbəyə sevindilər.
Yoxlama oyunları ilə bağlı Vüqar bəyin fikirlərini öyrəndik: “Bilirsiz ki, gənc millimiz var. Komandanı formalaşdırıb rəsmi oyunlarda çıxış etmək istəyirik. İlk dəfə gücümüzü Dubayda sınamışdıq. Orda keçirdiyimiz hər iki oyunda qələbə qazanmışdıq. Qazaxıstan yığması isə daha təcrübəli komanda idi. Həm öz ölkələrində, həm də xaricdə top qovan oyunçuları var. Bu rəqiblə qarşılaşmalarımız maraqlı alındı. Komandadan razı qaldım, amma tam yox. Çatışmazlıqlar var. Bəzi oyunçularımız klubları ilə bağlı məsələlərə görə gələ bilməmişdilər. Buna baxmayaraq, pis oynamadıq. Ən əsası əzmkar komanda yaratmışıq. Bu oyunları izləyənlər arasında “Antalyaspor”un baş məşqçisi də var idi. Həmçinin Rusiya klublarının menecerləri də gəlmişdi. Bu isə qızların xarici klublarda top qovmaq perspektivindən xəbər verir. Futbolçular üçün təcrübə çox önəmlidi”.
Əsgərli gələcək planlardan da söz açdı: “Hələ ki qarşıda hansısa rəsmi yarış yoxdu. Gələn il üçün isə Çempionlar Liqasında iştirak edən bir klub yaratmaq istəyirik. Həmçinin milli səviyyəsində də pillə-pillə irəliləmək niyyətindəyik. Avropa və dünya çempionatının seçmə mərhələləri keçirilir. Ancaq qadın futbolunda belədi ki, mərhələ-mərhələ gedirsən. Əvvəlcə aşağıdan başlamalısan. Səbətlər var, orda oynayıb, daha sonra növbəti mərhələyə adlayırsan. Bizim də ilk məqsədimiz öncə həmin səbətlərdə iştirak etmək, daha sonra üst tura keçməkdi”.
Millinin çalışdırıcısı ölkəmizdə qadın futboluna marağın olduğunu da dilə gətirdi: “Əlbəttə, qadın futboluna bizdə maraq var. Bu təkcə FİFA-nın tələbidi deyə inkişaf etdirilmir. Əsas yığmadan başqa 15, 17 və 19 yaşadək futbolçulardan ibarət millilərimizin olduğunu bilirsiz. Hətta əsas millinin heyətində 2002 təvəllüdlü futbolçu da var idi. Uşaqlarda futbolla məşğul olmaq baxımından istək hiss olunur. Biz də bəzilərinin yaşının az olmasına baxmayaraq, yığmaya dəvət edirik. Yəni onun tanışı-bilişi, qohumlarının da futbola marağı artsın. Klublarda nə qədər çox oyunçu olarsa, bu bizim üçün seçim imkanının artması deməkdi. Hansısa yığma üzvünün xarici klubların maraq dairəsinə düşməsi də təbliğat və inkişaf deməkdi. Komanda üzvləri Qazaxıstanla oyunda özlərini yaxşı tərəfdən göstərə bildi. Oyunları müəyyən sayda azarkeş də izləyirdi. Valideynlərdə də qadın futboluna maraq artır. Bu da bizi sevindirir. Nə qədər uşaq çox olsa, milli üçün seçim edərkən hansısa çətinliklə üzləşməyəcəyik. Perspektiv var. Bunu daha da inkişaf etdirmək yönündə işlər gedir. Liqalar var, komandalar mübarizə aparır. İstədiyimiz odu ki, yüksək liqanı yüksək səviyyədə təşkil edək. Ora daha çox maraq olsun. Elitada 6 klubun olmasını və birinin ÇL-də iştirak etməsini istərdik. Bunun özü də milli üçün böyük təcrübədi. Hazırda U-19 və əsas millini mən çalışdırıram. U-15 və U-17-də isə baş məşqçi Siyasət Əsgərovdu. Əsas yığmada 2-3 legioner var. Heyətdə daha çox sırf azərbaycanlıdı. Bu da bizi sevindirir. UEFA-nın turnirlərində yerlilərin çox olması da bizim üçün müsbət hal kimi qiymətləndirilir. Gələcəkdə komandanın tam azərbaycanlılardan formalaşdırılmasını istəyirik”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR