Sizin reklam burada

Axundov gizlənir, Malıyev nala-mıxa vurur, “İnter”in adı dəyişir

Baxış Sayı:671

Axundov gizlənir, Malıyev nala-mıxa vurur, “İnter”in adı dəyişir
Rəhbərlik iki ayın maaşını və mükafatı ödəyə bilmir
Avroliqa ilə vidalaşan “İnter” çempionata hazırlığı davam etdirir. Lakin komandadan gələn xəbərlərin ardı-arası kəsilmir. İndi də klubun adının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, “İnter”in adı “Araz”la əvəzlənəcək. Daha əvvəl isə deyilirdi ki, klubun adı “Keşlə” olacaq. Qışda klub Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluqdan imtina etməsi ilə AFFA-nın himayəsinə keçdi. İndi də assosiasiya rəhbərliyi düşünür ki, klubun adını dəyişməklə borclardan qurtulmaq mümkün olacaq. Bundan əlavə, “İnter”in adına görə kluba sponsorluq etmək istəyənlər daha da geri çəkilir. AFFA “Araz” adı ilə kluba əlavə maliyyə cəlb edəcəyinə ümid edir. Həmçinin komandanın baş məşqçisi Zaur Svanadzenin müqaviləsinin müddəti iyulun 1-də bitsə də, onunla yeni sözləşmə imzalanmayıb. Daha doğrusu, “İnter” gürcü mütəxəssisə birillik müqavilə təklif edib. Amma deyilənə görə, Svanadze sənədləri imzalamaqda tələsmək istəmir. Halbuki özü qəzetimizə açıqlamasında sənədlərin hazırlandığını söyləmişdi. Əslində sənədlər çoxdan hazırdı. Sadəcə, təcrübəli çalışdırıcı risk etmək niyyətində deyil. Bunun da çox sadə səbəbi var. Çünki “İnter” rəhbərliyi hazırda müqaviləsinin müddəti bitmiş bəzi oyunçularla müqaviləni yeniləyə bilmir. Daha doğrusu, futbolçular klubun yaşayıb-yaşamayacağına əmin olmadıqları üçün yeni sözləşməyə imza atmaq istəmirlər. Üstəlik, maaşlar və Avroliqada Serbiya “Mladost”unu keçəndən sonra ödənilməli olan mükafat da verilməyib. Bir sözlə, hazırda klubda hər kəs narazıdı. Futbolçular komandada qalmaq istəməsə, Svanadze komandanı çalışdırmaya bilər. Həqiqətən də haqlıdı. Transfer qadağası olan klub əlində olan futbolçuları da itirsə, baş məşqçi kimi meydana buraxacaq?
Bütün bu məsələrlə bağlı rəsmi açıqlama almaq üçün “İnter”in Müşahidə Şurasının (MŞ) sədri Zaur Axundovla danışmaq istədik. Lakin o, telefon zənglərimizə və mesajlarımıza cavab vermədi. Halbuki “İnter” “Mladost”u səfərdə 3:0 hesabı ilə yenəndə, Zaur bəy İstanbul Hava Limanında telefonu açmış, bizimlə danışmışdı. İndi isə çox şey dəyişib. Əvvəla, komanda Lüksemburq təmsilçisi “Fola”ya biabırçı hesabla – 1:4 uduzub, Avroliqa ilə vidalaşıb. İkincisi isə hazırda “İnter”in problemləri başından aşır. Rəhbərlik onları yığıb-yığışdıra bilmir. Cavab verəcək tək şəxs isə Axundovdu. O da gizlənir.
Ardınca kluba AFFA tərəfindən təyin olunan icraçı direktoru Rəmiş Malıyevi aradıq. Xeyli zənglərdən sonra Malıyev dəstəyi qaldırdı və suallara cavab verdi. Buna cavab demək olarsa. Rəmiş bəy nala-mıxa vurdu, suallardan yayındı. Əvvəlcə ona komandanın “Dalğa Arena”ya nə vaxt tam köçəcəyi ilə bağlı sual ünvanladıq. Klub rəsmisinin cavabı belə oldu: “İnter Arena”nı tərk edirik. Hələ proses gedir. Mən indi deyə bilmərəm prosesin hansı fazasındayıq. Durub desəm ki, topla gedib, anbarı boşaltmışıq, doğru çıxmaz. İş bitəndə hər şeyi açıqlayarıq”.
Komandaya ödənilməyən iyun-iyul aylarının maaşları və Avroliqanın birinci təsnifat mərhələsini keçdiyi üçün nəzərdə tutulan mükafatın da ödəniləcəyi tarix bəlli deyil. Hər halda, Rəmiş bəy belə deyir: “Bütün maaşlar ödəniləcək. Çalışırıq ki, bu məsələni həll edək. Konkret tarix bəlli deyil. Bu yöndə işlər gedir. Bəli, “Mladost”u keçdikləri üçün komandaya mükafat da nəzərdə tutulub. Onu da ödəməmişik. Yaxın zamanda onu da ödəməyə çalışacağıq. Maliyyə vəziyyəti ilə bağlı onu deyə bilərəm ki, biz AFFA-dan pul alırıq. Yalnız assosiasiya kluba dəstək verir. Çalışırıq bu maliyyə ilə yavaş-yavaş işləri yoluna qoyaq”.
Zaur Svanadzenin müqaviləsinin rəsmi formada açıqlanmaması ilə bağlı sualımıza icraçı direktor qısa cavab verdi: “Yalnız bir şey deyə bilərəm. Svanadze növbəti mövsüm “İnter”in baş məşqçisi olacaq. Biz onunla yeni müqaviləni açıqlamamışıq. Svanadze üçün təqdimat keçirəsi deyilik ki. Heç sayta da qoyulmayacaq. Bütün bunlara baxmayaraq, siz narahat olmayın. Mövsümün sonuna kimi Svanadze bizimlə olacaq. Futbolçularla bağlı müqavilələrdə də problem yoxdu. Hamısı ilə razılıq əldə etmişik. Hər şey qaydasındadı”.
İcraçı director komandanın adının dəyişdiriləcəyi ilə bağlı söz-söhbətin gündəmdə olmadığını söylədi: “Bu cür xəbərləri mətbuatdan oxuyuram. Bu məsələ, ümumiyyətlə, gündəmdə deyil. Lakin nə vaxtsa ola bilər. İstisna deyil”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR