
Alesio Ramiz Çovdarovu yığmaya qaytarıb
İyulun 20-dən UEFA Futzal kubokunun əsas mərhələsinin hazırlığına başlayan “Araz” Joze Alesio da Silvanın rəhbərliyi altında məşqləri davam etdirir. Komandanın dünəndən tam heyətlə məşq keçəcəyi gözlənilsə də, Vassura hələ də düşərgəyə qayıtmayıb. Əldə etdiyimiz bilgiyə görə, braziliyalı Birləşmiş Ərəb Əmirliklərindədi. O, yığma və federasiya rəhbərliyindən icazə alaraq, Dubayda təşkil olunan futzal yarışına qatılıb. Millimizin üzvünün Vyetnam klublarından birinin heyətinə cəlb olunaraq, yüksək mükafat təyin olunan turnirdə gücünü sınayıb.
Bununla belə, “Araz”ın heyətində qələbəlikdi. “Köhnə qvardiya”nın üzvləri Bolinya, Qallo, Eduardo, həmçinin yeni transferlər Valelya və Qabriel, baxışda olan əslən cəlilabadlı Ramil Quliyev və dağıstanlı İbrahim Cəlilovdan başqa düşərgədə daha bir neçə yeni futzalçı var. Onlardan biri Lənkəran əsilli, ancaq Ramil kimi Rusiyada yaşayan Nurlan Yusubovdu ki, o da baxışdadı. Bundan başqa, premyer-liqanın debütantı olacaq “İtaldizayn”a icarəyə veriləcəyi gözlənilən Adil İsmayılov da hələ ki “Araz”da məşqlərini davam etdirir. Ramiz Çovdarova isə yeni deyə bilmərik. Sadəcə, Biro Jade ilə münasibətləri pozulan futzalçını Alesio geri qaytarıb.
“Araz”la bağlı daha bir dəyişikliyi diqqətinizə çatdıraq. Millinin və Naxçıvan klubunun inzibatçısı kimi tanıdığımız, ancaq bir müddət əvvəl Zaur Axundovun göstərişi ilə kənarlaşdırılan Ruslan Məmmədov yenidən iş başındadı. Ancaq o bu dəfə klubda həmin funksiyanı icra edəcək. Bütövlükdə həm milliyə, həm də “Araz”a nəzarət isə Futzal Federasiyasının baş katibi Mahmud Sadıqova həvalə olunub. O, klubda bir növ icraçı direktorun işlərini görəcək.
MİRAĞA