Sizin reklam burada

FİFA referisi ilə federasiya arasında “soyuq müharibə”

Baxış Sayı:759

FİFA referisi ilə federasiya arasında “soyuq müharibə”
Rüfət Həsənov: “Yaxşı olardı ki, Həmzəyev son 4 ildə Avropada keçirilən turnirlərə təyinat almamasının səbəbini söyləsin”
Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevin üzləşdiyi problemə ötən sayımızda toxunmuşduq. Xatırladaq ki, bugünlərdə Su İdman Sarayının meydançalarında dörd komandanın - “Sumqayıt”, “Zirə”, “Neftçi” və “Səbail”in iştirakı ilə ölkə çempionatı keçirilir. İki dövrədən ibarət olan superliqada artıq 4 tur arxada qalıb. Ancaq nədənsə məhz çimərlik futbolu üzrə FİFA referisi statusunu daşıyan Əfqan Həmzəyev ölkə çempionatının qarşılaşmalarından kənarda qalıb ki, bu da ədalət təmsilçisini narahat edir. Yaşananlarla bağlı qəzetimizə açıqlama verən Əfqan bəy bunları bildirmişdi: “Özümə də kənarda qalmağım təəccüblü gəldi. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbət etdim. Xaqani müəllim üstüörtülü formada problemin federasiya rəhbərliyindən qaynaqlandığını bildirdi.Onun sözlərinə görə, Çimərlik Futbolu Federasiyasının rəsmiləri məni çempionatda iş başında görmək istəməyib”. Həmzəyev bizimlə söhbətdə problemin nədən qaynaqlandığını bilmədiyini, dəfələrlə bu məsələyə aydınlıq gətirmək üçün rəhbərliklə görüşmək istəyində olduğunu, ancaq rəsmilər təfindən qəbul olunmadığını vurğulayıb.
Məsələyə aydınlıq gətirmək üçün Çimərlik Futbolu Federasiyasının rəsmisi Rüfət Həsənovla əlaqə saxladıq. Rüfət bəy ölkə çempionatına hakim təyinatlarının Hakimlər Komitəsi tərəfindən gerçəkləşdiyini, federasiyanın bu cür məsələlərə qarışmadığını bildirdi: “Çirməlik futbolu üzrə ölkə çempionatını federasiya təşkil edir. Hakim təyinatına isə Hakimlər Komitəsi cavabdehlik daşıyır. Yaxşı olardı ki, Əfqan Həmzəyevin superliqa matçlarına təyinat almamasının səbəbini Xaqani Məmmədovla aydınlaşdırın. Çünki hakimlərə təyinatı onun rəhbərlik etdiyi qurum verir”.
Bu yerdə Həsənovun diqqətinə Əfqan bəyin səsləndirdiyi fikirləri çatdırdıq və bildirdik ki, FİFA referisi problemin federasiya rəhbərliyindən qaynaqlandığını söyləyib. Bu sözləri eşidən Rüfət bəy bir qədər fikirləşdikdən sonra bunları söylədi: “Yaxşı olardı ki, Həmzəyev son 4 ildə çimərlik futbolu üzrə Avropada keçirilən turnirlərə təyinat almamasının səbəbini sizə söyləsin. Siz ona bu sualı verin. Cavab versə, sizə də, ictimaiyyətə də hər şey aydın olacaq”.
Federasiya rəsmisinin ikibaşlı sözlərindən belə başa düşmək olar ki, Həmzəyev 4 il öncə beynəlxaq oyunlarda hansısa səhvə yol verib, ancaq heç kim bunu açıb-ağartmaq istəmir. Bu yerdə ortaya sual çıxır: Əfqan bəy qitəmiqyaslı turnirlərə təyinat almırsa, necə olur ki, hər il FİFA referisi statusuna sahib çıxır? Rüfət bəy bu sualla Həmzəyevə və Hakimlər Komitəsinin sədrinə müraciə etməli olduğumuzu bildirdi: “Bu sual artıq mənə yox, Xaqani müəllimə və Əfqan bəyə ünvanlamalıdı”.
Həsənovla söhbətdə 4 komandanın iştirakı ilə keçirilən ölkə çempionatına da toxunduq: “Premyer-liqada iştirak edən bütün klublara məktubla müraciət edib, ölkə çempionatında təmsil olunmalarını istəmişdik. Müraciətimizə 4 klub qarşılıq verdi və bu gün həmin komandalar superliqanın qalibi adı uğrunda mübarizə aparır. Ola bilsin, digər 4 klubun maddi imkanı çimərlik futbolunda komanda saxlamağa imkan vermir. Ümid edirk ki, növbəti mövsümdə iştirakçı komandaların sayında artım olacaq. Avqustun 9-da milli komanda Avropa çempionatının seçmə mərhələsinin təsnifat mərhələsində iştirak etmək üçün Macarıstana yollanacaq. Ondan sonra isə Almaniyaya səfər planlaşdırılıb. Ölkə çempionatında özünü yaxşı tərəfdən göstərən futbolçulardan milliyə cəlb olunanlar da olacaq”.
Həsənovun söylədiklərinə Əfqan bəyin də mövqeyini öyrənməyi lazım bildik: “Son 4 ildə 8 turnirə təyinat almışam. Bunu niyə unudurlar? Həsənovun dediyi müddətdə yalnız 2015-ci ildə turnirlərə qatılmamışam. Bunun da səbəbini federasiya rəsmiləri yaxşı bilir”.
Görünüdüyü kimi, tərəflər arasında “soyuq müharibə” davam edir. Bu polemikada heç bir tərəfin “öz ayranına turş deməməsi”, günahı qarşısındakının üstünə atması mövzunu açıq saxlayır. Yaxşı olardı ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ortaya çıxıb bütün suallara aydınlıq gətirsin. Onda biz də, ictimaiyyət də kimin haqlı olduğunu bilərdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR