
Rəşad Sadiqovun “Zirə”dən qovulmasının səbəbi “Futbol+”də!
Ayxan Abbasov: “Kim intizama riyaət etməsə, cəzasını çəkəcək”
“Zirə”nin Rəşad Sadiqovla yollarını ayırması böyük müzakirələrə yol açdı. Klub bu haqda informasiya verərkən üç cümlə ilə kifayətlənmişdi: “Rəşad Sadiqov komandadan kənarlaşdırılıb. Baş məşqçi Ayxan Abbasov bu haqda rəhbərliyə təqdimat ünvanlayıb. Futbolçu intizamsız davranışına görə komandadan xaric edilib”. Ancaq bu haqda hərə bir versiya irəli sürdü. Sadiqovun məşqə gecikdiyini, “Astra” (Rumıniya) ilə oyunun gedişində Abbasova kəskin etiraz etdiyini deyənlər var idi. Ancaq əldə etdiyimiz bilgiyə görə, ayrılığın əsas səbəbi tam başqaymış...
Məlum olduğu kimi, “Zirə” iyulun 20-də “Astra” ilə cavab qarşılaşmasına (0:0) çıxdı. Həmin matç ilə qəsəbə təmsilçisi Avropa ilə vidalaşdı. Növbəti gün isə “qartallar” yoxlama oyununda qüvvəsini sınadı. “Neftçi” ilə qarşılaşmada (0:1) Abbasov “Astra” ilə görüşdə oynamayan və eləcə də az şans qazanan futbolçulara güvəndi. Məhz “ağ-qaralar”la yoldaşlıq oyunundan öncə Ayxan bəy komanda ilə söhbətdə “Astra” ilə görüşdə meydanda olanların məşqlə kifayətlənəcəyini, qalanların isə “Neftçi” ilə qarşılaşmada oynayacağını söyləyib. Sadiqov isə çalışdırıcya “məşq nəyə lazımdı, istirahət edək” şəklində etiraz edib. Abbasov planın belə olduğunu söylədikdə isə Rəşad “sənin planını “Astra” ilə səfər oyununda gördük” deməklə qığılcımı alovlandırıb. Məhz bundan sonra “iplər qopub”, sabiq komanda yoldaşları, bir-birinə yaxın olan Abbasovla Sadiqovun mübahisəsi böyüyüb. “Zirə”nin çalışdırıcısı məhz bundan sonra yarımmüdafiəçi ilə bağlı qərarını verib. Nizam-intizama əməl etməyən futbolçunun cəzalanması isə tam təbiidi.
Məsələnin məhz bu cür olub-olmadığını Ayxan Abbasovdan soruşduq: “Bu məsələ ilə bağlı hərə öz fikrini yazır. Müxtəlif şayiələr gəzir. Çox şeylər yazırlar. Peşəkar səviyyədə məlumat vermişdik ki, Rəşad Sadiqov intizamsızlığa görə komandadan uzalaşdırılıb. Bunu niyə edib, nə zaman edib kimi detallara varmırıq. Ümumiyyətlə, hər kəsin futbola öz baxışı var, futbolçulardan tələb etdiyi qaydalar mövcuddu. Bizim də tələblərimiz var. Buna uyan bizimlədi, uymayan bizimlə deyil. Burda çalışandan bizim, eləcə də klubun ən ciddi fikir verdiyi futbolçuların həm meydanda, həm də meydandan kənarda nizam-intizamıdı. Burda fərq etmir, hansı oyunçudu. Kim intizama riyaət etməsə, cəzasını çəkəcək. Bir sözlə, həmin söhbətə qayıtmayacam. Yenə deyirəm, biz öz səbəbimizi göstərmişik. Səbəb intizamsızlıqdı. Bu gün həmin söhbəti daha da böyüdürlər. Ona da ehtiyac görmürəm. Demək istəyirəm ki, istər “Astra” ilə, istərsə də digər mərhələdə “Zirə” normal çıxış etdi. Həmin yarışda yetərincə təcrübə qazandıq. Elə apardıqları mübarizəyə görə də futbolçulara təşəkkürümü bildirmişdim. “Astra” ilə oyundan sonra onlara elə bir iradım olmadı. Həmçinin böyük bir etiraz da yaşanmayıb. Rəşadla aramızda nə olubsa, ona da son qoyulub”.
Yeri gəlmişkən, “Zirə”nin futbolçularının artıq 3 aydı maaş ala bilmədiyi deyilir. Bu haqda da Abbasovdan fikir öyrəndik: “Mövsüm yeni başlayıb və 3 ay necə ola bilər ki? Ötən “futbol ili”ndən də klubun heç kimə borcu qalmayıb. “Zirə” yaranandan bu günə kimi heç kim deyə bilməz ki, klubun mənə borcu var. Bu baxımdan bizdə hər şey qaydasındadı. Bilirsiz ki, Avroliqada oynayırdıq. Hər kəsin yeni müqaviləsi var və maaşlar da veriləcək. Elə bir problemimiz yoxdu. İyul ayının maaşı avqustun 5-də verilir. Ona da hələ vaxt var”.
FARİZ