Sizin reklam burada

Oqtay Abdullayev “Şərurspor”un prezidentiylə razılaşmadı

Baxış Sayı:837

Oqtay Abdullayev “Şərurspor”un prezidentiylə razılaşmadı
“Sərdar müəllimin əlində hansısa veteranla bağlı fakt varsa...”
Ötən mövsümün gedişində adı oyun alğı-satqısında hallandığına görə çempionatdan uzaqlaşdırılan “Şərurspor”un prezidenti Sərdar Bağırov ötən həftə qəzetimizə verdiyi müsahibədə bir çox çarpıcı açıqlamalarla yadda qalmışdı. Sərdar bəy AFFA-nın indiki rəhbərliyinin yarıtmaz idarəçilyini tənqid etmiş, rəsmiləri maliyyə yeyintisində ittiham etməklə yanaşı, belə davam edəcəyi təqdirdə ölkə futbolunun yaxın vaxtlarda tənəzzülə uğrayacağını bildirmişdi. Bağırov söhbət əsnasında futbol veteranlarının da “bostanına daş atmağı” unutmamışdı. Onun sözlərinə görə, veteranlar futbol təsərrüfatında yaşananlara münasibət bildirməkdən çəknirilər: “Ayda 3-5 min alıb susurlar. Onlar da yaxşı bilirlər ki, 20 il öncə bataqlıqda keçirilən futbol indikindən daha maraqlı idi. Təəssüf ki, veteranlarımız da etiraz etməyə özlərində cəsarət tapmırlar”.
“Şərurspor”un prezidentinin söylədiyi ittihamlara münasibət öyrənmək üçün Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevi aradıq. Doğrudanmı veteranlar yaşanan çatışmazlıqlara göz yumur, maddiyyat qarşılığında bir kənara çəkilib müşahidəçi funksiyasını yerinə yetirirlər? Abdullayev Sərdar bəyin söylədiklərinə belə reaksiya verdi: “Cəmiyyətin hər sahəsində olduğu kimi, futbolda da müəyyən çatışmazlıqlar var, olub və olacaq. Bu gün heç Avropanın aparıcı futbol ölkələrində bütün işlər ideal səviyyədə qurulmayıb. Bugünlərdə mətbuatda İspaniya Futbol Federasiyasının prezidentinin həbs olunduğunu oxudum. Bu fakt bir daha göstərir ki, özümüzə etalon seçdiyimiz ölkələrdə də neqativ hallar yaşanır. O ki qaldı Azərbaycan futboluna, düşünmürəm ki, ölkə futbolu acınacaqlı durumdadı. Düzdü, premyer-liqada mübarizə aparan klubların sayı azdı. Biz də istəyərdik ki, çempionatda ən azı 10-12 komanda çıxış etsin. Unutmayaq ki, son illər say azalsa da, keyfiyyət yüksəlib. Bu gün avrokuboklarda mübarizə aparan komandalarımızın qitəmiqyaslı turnirlərdə qazandığı uğurlar buna sübutdu. Yığma səviyyəsində də irəliləyiş var. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hələ ki DÇ-2018-ə yollanmaq şansını tam itirməyib. Bütün bunlar AFFA rəhbərliyinin gördüyü işlər sayəsində mümkün olub. Onu da nəzərə almaq lazımdı ki, hazırda bütün dünyada iqtisadi problemlər yaşanır ki, bu proses Azərbaycandan da yan keçməyib. Bu da iş adamlarının futbola sərmayə qoymasını əngəlləyir. Eşitdiyimə görə, növbəti mövsümdən premyer-liqada çıxış edən komandaların sayı artacaq”.
Veteranlar İttifaqının rəhbəri veteran futbolçuların maddiyyat qarşısında susması məsələsinə isə belə reaksiya verdi: “Sərdar müəllim hardan bilir ki, veteranlar ölkə futboluna biganədi? O nə bilir ki, biz ağzımıza su alıb oturmuşuq? Veteranlar ölkə futbolunda yaşanan bütün prosesləri yaxından izləyir və lazımi yerlərdə fikirlərimizi söyləyirik. Bununla bağlı Bağırova və yaxud başqasına hesabat vermək niyyətimiz də yoxdu. “3-5 min manat alıb susurlar” deməsi də yaxşı deyil. Heç bir veterana təqaüddən başqa pul verilmir. Həmin təqaüd də çəkdikləri zəhmətin qarşılığıdı. Sərdar müəllimin əlində hansısa veteranla bağlı fakt varsa, açıq söyləsin, ictimaiyyət də hər şeydən xəbərdar olsun. İllərini futbola, bu idman növünün inkişafına həsr edən insanları əldə dəlil-sübut olmadan ittiham etmək, qorxaq adlandırmaq, ictimaiyyətin gözündən salmaq yaxşı hal deyil”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR