Sizin reklam burada

“Neftçi” ərəblərlə bacarmadı

Baxış Sayı:621

“Neftçi” ərəblərlə bacarmadı
Derlis Meza-Kolli ağ-qara formanı geyəcək

Növbəti mövsümə hazırlığın ikinci mərhələsini Avstriyada davam etdirən “Neftçi” dünən növbəti sınaq matçına çıxıb. “Ağ-qaralar” Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”lə üz-üzə gəlib. Qarşılaşma ilə bağlı bilgi verməzdən əvvəl bir məlumatı diqqətinizə çatdıraq. Belə ki, “Neftçi” növbəti transferini gerçəkləşdirib. Venesuelalı Edson Kastilyonu icarəyə verən paytaxt təmsilçisi yarımmüdafiə xəttinə tanış sima gətirib. Dünən paraqvaylı yarımmüdafiəçi Derlis Meza-Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti bir ildi. Meza-Kolli "Neftçi”də 10 nömrəli formanı geyəcək. Derlisin daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış etdiyini xatırladaq.
Oyuna gəlincə, Avstriyadakı ilk hazırlıq matçında Almaniya bundesliqası təmsilçisi “Şalke” ilə qarşılaşan və 0:1 hesabıyla məğlub olan Elxan Abdullayev komandasını bu dəfə ərəblərə qarşı sınaqdan keçirib. “Neftçi” qarşılaşmaya Səlahət Ağayev, Mateo Mujek, Ruslan Abışov, Kiril Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Derlis Meza-Kolli, Tərzin Cahangirov, Namiq Ələskərov, Rəhman Hacıyev və Uqo Barqasdan ibarət “11-lik”lə çıxıb. İlk yarıda hesab açılmayıb. İkinci yarıda əvvəlcə ərəblər fərqlənib. “Əl-Əyn” 59-cu dəqiqədə cərimə zərbəsindən vurulan qolla hesabda önə keçib. “Neftçi” məğlubiyyətdən sona 3 dəqiqə qalmış qurtula bilib. Meydana 78-ci dəqiqədə əvəzetmədən daxil olan Mirabdulla Abbasov az sonra bərabərliyi təmin edib. Qarşılaşma elə bu hesabla da başa çatıb. Elxan Abdullayevin ikinci hissədə Mirabdulla ilə yanaşı, Daniel Seqoviya, Məqsəd İsayev, İqnasio Errera, Elnur Cəfərov, Fəhmin Muradbəyli, Ömər Buludov və Anton Krivotsyukun da xidmətindən yararlanıb. Qeyd edək ki, paytaxt təmsilçisinin növbəti sınaqçı-rəqibi “Herta” olacaq. Almanlarla görüş avqustun 2-də baş tutacaq.
Prezident başsağlığı verdi, sədr unuduldu
"Neftçi”nin Müşahidə Şurasını üzvü, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə ağır itki üz verib. Xalq artistinin həyat yoldaşı Nailə xanım vəfat edib. Bununla bağlı klub prezidenti Orxan Hüseynzadə və "Neftçi” ailəsi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Diqqəti çəkən məqam başsağlığında klub prezidentinin adının ayrıca qeyd olunmasına rəğmən, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin unudulmasıdı.
Yada düşər “Neftçi”
Yay fasiləsində, daha doğrusu, iyulda komandadan ayrılan iki futbolçu “Neftçi”ni yada salıb, iş yerini dəyişməsinin səbəbini açıqlayıb. Qarşıdakı 6 ayı icarə əsasında ölkəsinin "Mineros Quayana” klubunda keçirəcək venesuelalı yarımmüdafiəçi Edson Kastilyo “Neftçi” karyerasının onun üçün faydalı olduğunu bildirib: “Çox xoşbəxtəm. Özümü evimə dönmüş kimi hiss edirəm. Avropa karyeramda müsbət məqamlarla qarşılaşdım. “Neftçi”də böyük təcrübə qazandım. Fərqli həyat tərzi, fərqli futbol gördüm. İndi özümü daha məsuliyyətli hesab edirəm. Ümid edirəm ki, komanda ilə görüşüb, vacib oyunçularından birinə çevriləcəm”. Qeyd edək ki, 23 yaşlı futbolçu 2016-cı ilin yayında “Mineros Quayana”dan “Neftçi”yə keçmişdi.
"Neftçi"nin gürcü legioneri Georgi Navalovski isə Bakıdan gedişinin səbəbini açıqlayıb. Məlum olduğu kimi, 31 yaşlı sol cinah müdafiəçisi karyerasını Rusiya premyer-liqasında davam etdirməyi üstün tutub. Navalovski vaxtilə müxtəlif dövrlərdə birinci divizionda şərəfini qoruduğu, bu dəfə isə premyer-liqanın debütantı olan "SKA-Xabarovsk" ilə müqavilə bağlayıb: "Əsas məsələ çempionatlar arasında fərqdi. Bu, seçimimdə sözünü dedi".
Xatırladaq ki, Gürcüstan millisinin üzvü olan Navalovski Rusiyada "Anji", "Tosna", "Volqa", "Metallurq-Novokuznetsk" klublarında da oynayıb.
Əvəzedicilər altıncı oyuna çıxdı
Bu arada "Neftçi”nin əvəzedicilərdən ibarət komandası təlim-məşq toplanışı çərçivəsində altıncı yoxlama oyununu keçirib. Komanda iyulun 29-da "Zirə”nin əvəzedicilərdən ibarət heyəti ilə münasibətləri aydınlaşdırıb. Klubun Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında baş tutman qarşılaşma məhsuldar “sülh”lə başa çatıb – 2:2. "Neftçi”nin heyətində Vladlen Normaniya və Orxan Sabirbəyli fərqlənib.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR