Sizin reklam burada

“Qaradağ Lökbatan” çempionluğa oynayacaq

Baxış Sayı:583

“Qaradağ Lökbatan” çempionluğa oynayacaq
Azər Bağırov baxışda olanların əksəriyyətindən narazı qalıb
Növbəti mövsüm birinci divizionda əsas diqqətlər “Qaradağ Lökbatan”ın üzərində olacaq. Ötən “futbol ili”ni 4-cü yerdə başa vuran komanda premyer-liqada iştirak etmək istəsə də, çatışmazlıqlar buna imkan vermədi. Maliyyə məsələsi, daha doğrusu, bank təminatının olmaması klubun elitaya çıxmasına əngəl oldu. Azər Bağırovun başçılıq etdiyi komanda 15 gündən çoxdu hazırlığa başlayıb. Demək olar ki, “Qaradağ Lökbatan” aşağı dəstə təmsilçiləri arasında məşqlərə ilk başlayan komandalardandı. Srağagün və dünən komanda yoxlama oyunlarında qüvvəsini sınayıb. Şənbə günü lökbatanlılar “Şüvəlan”la qarşılaşıb. Həmin qarşılaşmada Bağırovun yetirmələri 1:3 hesabıyla uduzub. Dünən isə rəqib “İnter”in əvəzedici komandası olub. Matç “Qaradağ Lökbatan”ın məğlubiyyəti ilə bitib – 1:3.
Hazırlıq prosesi ilə maraqlanmaq üçün Azər Bağırovla əlaqə saxladıq. O hər şeyin qaydasında olduğunu vurğuladı: “Əsas yoxlama oyunumuz “Şüvəlan”la idi. Bilirsiz ki, onlar da növbəti mövsüm birinci divizionda çıxış edəcəklər. İlk hissədə əsas heyətlə meydana çıxdıq. 3-5-2 sxemi ilə oynadıq. Uşaqlar çox yaxşı oyun sərgilədilər. Bunun da məntiqi nəticəsi kimi fasiləyə 1:0 öndə yollandıq. Fasilədə isə heyəti dəyişdim. Demək olar ki, baxışa gələnlərin hamısına şans verdim. Onlar istədiyim oyun göstərmədilər. Aralarında iki-üç nəfərdən razı qaldım. Qalanları oyunda danışa, açıla bilmirdilər. Heç normal “sürüşmə” fəndi etməyi bacarmırdılar. Xətlərarası əlaqə tam itmişdi. Rəqib meydanda istədiyini edirdi. Bu üzdən 3 qol buraxdıq. Təbii ki, nəticə o qədər vacib deyil. Əsas məqsədimiz döyüşkən kollektiv formalaşdırmaqdı”.
Azər bəy qarşıdakı günlərdə də bir neçə yoxlama oyunu keçirəcəklərini söylədi: “Nə qədər çox oynasaq, o qədər yaxşıdı. Komandanın oyun praktikası çox olacaq və fiziki durumu yaxşılacaq. Yavaş-yavaş uşaqları “yükləmək” istəyirik. Bununla fiziki formanı zirvə həddinə çatdıra bilərik. Futbolçuların yorğun olacağını düşünmürəm. Onları hissə-hissə oynadırıq. Elələri var ki, 15-20 dəqiqə oynayır. Vaxt itirmək istəmirik. Yavaş-yavaş əsas heyəti daha çox oynadacağıq. Qarşıda yoxlama oyunlarımız olacaq. Sabah (bu gün) “Səbail”in əvəzedici komandası ilə qarşılaşacağıq. Növbəti rəqiblərimizin kim olacağını bilmirəm. Danışıqlar gedir. Ola bilər ki, xaricə təlim-məşq toplanışına da getdik. Rəhbərlikdən xəbər gözləyirik”.
Bağırovun sözlərinə görə, baxışa futbolçu çağıranda əsas diqqəti limitə yönəldir: “Hazırda baxışda futbolçu çoxdu. Amma onların hamısı qalmayacaq. Təbii ki, seçim edəcəyik. Limit məsələsi hələ də aktualdı. Dəyişiklik barədə rəsmi qərar olmasa da, deyilənlərə görə, dəyişəcək. Bundan sonra 8 təcrübəli futbolçu, üç nəfər isə 1996-cı ildən yuxarı təvəllüdlülləri meydana burxamalıyıq. 8 nəfərdən ikisi legioner ola bilər. Buna görə yaşa diqqət edərək oyunçular çağırırıq. Ötən mövsüm qış fasiləsinə yaxın komandaya gəldim. Amma istədiyim oyunçuları yığa bilmədim. Yayda dəyişikliklər etməli olduq. 13 nəfər komandadan göndərildi. Onlardan ikisi öz istəkləri ilə getdilər. Bir oyunçumuz, əsas qol silahımız Rüfət Məmmədov Türkiyənin BAL liqasına getdi. İndi də, demək olar ki, əsas heyəti yığmışıq”.
Çalışdırıcı yeni transferlər gözlənildiyini bildirdi: “Bəli, futbolçu almağı düşünürük. Hər xətti möhkəmləndirmək lazımdı. Hazırda iki yeni oyunçumuz var. “Sumqayıt”dan Mikayıl Rəhimovu aldıq. Onun kiçik zədəsi var idi. İndi tam sağalıb, komanda ilə məşqlərə başlayıb. “Turan Tovuz”dan isə Vüsal Qarayevi heyətə cəlb etmişik. Ümid edirəm ki, onlar ümidlərimizi doğruladacaq”.
Baş məşqçi komandanın qarşısında medallar uğrunda mübarizə aparmaq vəzifəsi qoyulduğunu dedi: “Əsas hədəf yüksək yerlərdi. Birinci və ya ikinci yeri tutmaq istəyirk. Çempionatın startından çox şey asılıdı. Görək, nə dərəcədə hazırıq. Rəqiblər də hazırlaşır. Hamısını izləyirik”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR