Sizin reklam burada

“Panatinaikos”lular böyük hesablı qələbəni qaçırdıqlarına təəssüflənir

Müəllif: football Tarix: 1-08-2017, 14:26 640 Baxış
“Panatinaikos”lular böyük hesablı qələbəni qaçırdıqlarına təəssüflənir
Gilyerme Molins: “Bakıda diqqətli oynamalıyıq”

Srağagün baş tutan “Panatinaikos” – “Qəbələ” oyunundan sonra meydan sahiblərinin futbolçuları matçla bağlı Yunanıstan mətbuatına açıqlamalar veriblər. “Yoncalar”ın, demək olar ki, bütün futbolçuları cavab qarşılaşması ərəfəsində inamlı danışıb və növbəti mərhələyə adlamaq şanslarının çox olduğunu vurğulayıb. “Yaşıllar”ın 20 yaşlı forvadı Anastasios Çatzigiovannis minimal hesabla da olsa, qalib gəldiklərinə görə sevindiklərini bildirib: “2-3 qol vurmaq istəyirdik. Amma əsas odu ki, qələbə qazandıq.1:0 hesablı qalibiyyət də yaxşı nəticədi. Meydana “Qəbələ”ni məğlub etmək üçün çıxmışdıq. Bu missiyanın öhdəsindən gəldik. Sona qədər mübarizə apardıq. Baxımlı oyun nümayiş etdirdiyimizi düşünürəm. Yaxşı komanda olduğumuzu sübuta yetirdik. Matç ərzində daha 1-2 qol vura bilərdik. Bunun üçün şanslarımız oldu. Amma qol imkanlarından lazımınca yararlana bilmədik”.
Afina təmsilçisinin daha bir forvardı, matçda vurulan yeganə qolun müəllifi Gilyermo Molins isə düşərgədəki ab-havanın yüksək olmasını bildirməklə yanaşı, cavab matçında çətinliklə üzləşəcəklərini vurğulayıb: “Ötən illə müqayisədə indi kollektivdə ab-hava daha yaxşıdı. Yayda komandaya yeni oyunçular gəldi və onlar müəyyən düzəlişlər etdilər. Biz doğru yoldayıq. Yaxşı oyun keçirdik və intizamlı çıxış etdik. Ancaq qarşıda bizi daha bir ağır matç gözləyir. Səfərdə 90 dəqiqəlik mübarizəmiz olacaq. Bakıda diqqətli oynamalıyıq. Ciddi zədə aldığım üçün uzun müddət komandadan ayrı qalmışdım. Kollektivə dönmək çox vaxtımı aldı. Ancaq indi hər şey qaydasındadı. Baş məşqçi də mənə şans verir. Hücumçu şans əldə edəndə, qarşısına hədəflər qoyur. Mən də belə etdim”.
“Panatinaikos”un kapitanı Karlos Zeka isə yunan həmkarlarımızla söhbətdə rəqibdən daha üstün təsir bağışladıqlarını, ancaq hesabdan narazı qaldığını deyib: “Bu gün biz daha güclü idik. Bakıya qələbə ilə yollanmaq vacib idi. Buna da nail olduq. Amma daha çox qol vurmağa layiq idik. Düzdü, 1:0 hesablı qələbə də yaxşı nəticədi. Əsas odu ki, ilk oyunda qalib gəldik. Sadəcə, hesab arasındakı fərq daha böyük olmalı idi. Adətən, qol imkanlarını xərcləyəndə öz qapından top buraxırsan. Yaxşı ki, bu baş vermədi. Üstünlüyümüz var, amma səfərdə bunu qorumaq üçün oynasaq, problemlə üzləşə bilərik. Buna görə də Bakıdakı görüşə də qələbə üçün çıxacağıq”.
Xristos Donis isə ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarını vurğulayıb: “İlk görüşdə qələbə qazanmağımız yaxşı oldu. Bu yaxşı nəticədi. Komanda kimi də rəqibdən üstün təsir bağışladıq. Gələn həftə Bakıdakı matçı da yüksək səviyyədə keçirməklə, növbəti mərhələyə adlayan tərəf olmaq istəyirik. Öz meydanımızda daha çox qol vura bilərdik. Yalnız bu baxımdan məyusluq yaşayıram. Ümid edirəm ki, səfər qarşılaşmasında daha çox fərqlənəcəyik. Göstərdiyimiz oyun xoş sözlərə layiqdi. Onu da nəzərə alaq ki, mövsümdə ilk rəsmi görüşümüzü keçirirdik. Qələbədə azarkeşlərimizin dəstəyi də böyük rol oynadı. Onları növbəti matçlarda da sevindirməyə çalışacağıq”.
“Yaşıllar”ın qolkiperi Odisseas Vlaxodimos da minimal hesablı qələbəni dəyərləndirib: “Çox yaxşı oyun keçirdik. Uşaqlar əllərindən gələni etdilər. Baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirdiyimizi düşünürəm. Belədə niyə çox qol vura bilmədiyimizə cavab tapa bilmirəm. Buna baxmayaraq, oyunumuzla göstərdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq öz əlimizdədi. Rəqib qarşısında risk etmək istəmədik. Baş məşqçi bizə tapşırmışdı ki, “Qəbələ” futbolçularının meydanın bizə aid hissəsində rahat top qəbul etmələrinə imkan verməyək. Onların hücumda rahat oynamamaları üçün müdafiədə aqressiv futbol sərgilədik. Əsas odu ki, ilk matçda qol buraxmadan qələbə qazandıq. İki il əvvəl “Qəbələ” mərhələ adlayan tərəf olmuşdu. Ancaq bu, iki il əvvəldə qalıb. Nə olur-olsun, “Qəbələ”yə normal rəqib gözü ilə baxırıq, önümüzdəki bir maneə olaraq görürük. Yəni bu rəqibə qarşı xüsusi heç nə hiss etmirik. Rəqibin kimliyi yox, mərhələni adlamaq bizim üçün əsas məsələdi”.
RƏŞAD hazırladı
SON XƏBƏRLƏR