Sizin reklam burada

Mirbağır İsayev U-17-ni Bosniya və Hersoqovinaya aparacaq

Baxış Sayı:516

Mirbağır İsayev U-17-ni Bosniya və Hersoqovinaya aparacaq
Bakı toplanışında Təbriz İsazadənin ayağı çatlayıb

Bu ilin oktyabrında Bolqarıstanda 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsinin oyunları keçiriləcək. U-17 yığmamız 11-ci qrupda yer alıb. Komandamızın rəqibləri İrlandiya, Ukrayna və Bolqarıstan yığmalarıdı. Görünən odu ki, həm assosiasiya, həm də millinin məşqçilər korpusu bu raunda ciddi yanaşır. Milli artıq ikinci təlim-məşq toplanışına start verib. Toplanış Qax rayonunda, İlisuda təşkil olunub. Avqustun 1-dək davam edəcək toplanışa 25 futbolçu cəlb olunub. Mirbağır İsayevin komandası toplanış çərçivəsində bir yoxlama oyununda da qüvvəsini sınayıb. Rəqib isə “Kəpəz”in əvəzedici heyəti olub. Xəbər verdiyimiz kimi, srağagün baş tutan qarşılaşma millinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Yığmanın düşərgəsindən daha ətraflı məlumat almaq üçün Mirbağır bəy ilə danışmağı lazım bildik. O, komandanın hazırkı durumundan razı qaldığını bildirdi: “İyulun 18-dən İlisudayıq. Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Yaxşı hazırlaşırıq. Gündə iki dəfə məşq edirik. Burda 3 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Plana uyğun hərəkət edirik. Hələlik hər şey yolunda gedir, qənaətbəxşdi. Komandanı ən yaxşı formaya gətirməyə çalışırıq. Bundan öncə “Dalğa Arena”da da toplanış keçmişdik. Həmin toplanış seleksiya xarakterli oldu”.
Baş məşqçi Qaxda toplanış keçmələrinin səbəbini belə izah etdi: “Xeyr, “Dalğa Arena”da yer olmadığı üçün bura gəlməmişik. Səbəb tam fərqlidi. İlisu dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. Nə qədər yüksək yerdə məşq etsən, o qədər fiziki durumun yaxşı olacaq. Sırf bunu düşünmüşük. Yayda dəniz kənarında, istidə məşq olmur. Burda isə hava əladı. Mən bu cür sınağı əvvəl də etmişdim. Vaxtilə “Neftçi”nin əvəzedici heyətində çalışanda da bura gəlmişdik. Həmin toplanışın effektini görmüşdüm. İnanıram ki, bu dəfə də toplanış xeyrimizə işləyəcək. AFFA rəhbərliyinə bizə hər cür şərait yaratdığı üçün təşəkkür edirəm. Biz də onların ümidlərini doğrultmağa çalışacağıq”.
İsayev toplanışa 26 futbolçu çağırsa da, Qaxa 25 nəfərlə yollanıb. O, bir oyunçunun “Dalğa Arena”dakı toplanış zamanı sıradan çıxdığını söylədi: “Hazırlığa 26 nəfərlə başlamışdıq. Heyətdə xüsusi dəyişiklik yoxdu. İlisuya 25 nəfər gətirməli oldum. Bir nəfər ağır zədə aldı. Təbriz İsazadənin ayağında məşq zamanı çat əmələ gəldi. Onun ayağı hazırda gipsdədi. Ümid edirəm ki, müalicəsi yaxşı gedəcək. Qalan oyunçuların hamısı burdadı. Şükürlər olsun ki, aralarında zədəli yoxdu”.
Çalışdırıcı U-17-nin “Kəpəz”lə keçirdiyi yoldaşlıq oyunundan razı qaldığını vurğuladı: “Kəpəz”ə qarşı oyun yüksək səviyyədə keçdi. 2:0 hesabı ilə qalib gəldik. Bizim üçün əsas nəticə deyil. İlk növbədə yorğunluq fonunda komandanın sərgilədiyi oyun bizə maraqlıdı. Uşaqlar taktiki-texniki göstərişlərin hamısını yerinə yetirdilər. Komandadan tam razıyam. İyulun 24-də öz aramızda yoxlama oyunu keçirmişik. Ayın 29-da isə Qəbələyə gedəcəyik. Orda rəqibimiz “Qəbələ”nin əvəzedici komandası olacaq”.
Təcrübəli mütəxəssis qarşıdakı planlardan da danışdı: “Avqustun 1-də toplanışı başa vurub, Bakıya dönəcəyik. Komandaya 3-4 günlük istirahət veriləcək. Sonra yenə bir araya gələcəyik. Ayın 8-də Bosniya və Hersoqovinaya yola düşəcəyik. Orda U-17-ni iki beynəlxalq yoldaşlıq oyunu gözləyir. Avqustun 14-ü və 16-də Bosniya və Hersoqovinanın eyni yaş qrupu üzrə millisi ilə qarşılaşacağıq. Sonra Bakıya dönüb, hazırlığı davam etdirəcəyik”.
Mirbağır bəy həm də elit-raunddakı rəqiblərdən danışdı: “Yaxşı qrupa düşmüşük. İrlandiya, Ukrayna və Bolqarıstanla qarşılaşacağıq. Rəqiblərimiz o qədər də zəif deyil. Onların da düşərgəsi ilə maraqlanırıq. Hətta oyunlarına da baxırıq, qeydlərimizi götürürük. Əsas odu ki, öz komandamızı hazırlayaq. Əla formada olmalıyıq ki, bu raundu keçək. Hazırkı heyətə inanıram. Futbolda hər şey olur. İnanıram ki, millimiz uğurlu çıxış edəcək. Bu qədər əziyyət, zəhmət çəkiriksə, Allah da bizim üçün bir şans verər. Yığma ilə maraqlandığınız üçün sizə minnətdarlığımı bildirirəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR