Sizin reklam burada

Mütəxəssislər “Qarabağ”ın Tiraspolda qələbə qazanacağına inanır

Baxış Sayı:559

Mütəxəssislər “Qarabağ”ın Tiraspolda qələbə qazanacağına inanır
Təbriz Həsənov: “Ümid edirəm ki, burda alınmayanlar rəqib meydanında həyata keçəcək”

“Samtredia” səddini adlayan “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsində “Şerif”lə qarşılaşacağını bilən əksər futbol mütəxəssisləri püşkü münasib sayırdı. Amma ilk oyundan sonra ehtiyatlı danışmağa məcburuq. Moldova təmsilçisi Bakıdan sərfəli nəticəylə dönməyi bacardı. İndi ağdamlıların psixoloji mübarizədən necə çıxacağı əksəriyyəti düşündürür. Komanda Moldovada necə oynamalıdı ki, “Şerif”in müqavimətini qıra bilsin? İlk oyunu canlı izləyən mütəxəssislərlə bu yöndə müzakirə apardıq.
Ağasəlim Mircavadov: “Qarşımıza sovetlər birliyindən rəqib çıxanda biz onu nəzərə almırıq. Deyirik ki, qalib gələcəyik, bizim üçün asan olacaq. Hiss olunurdu ki, “Qarabağ” da “Şerif”in gücünü lazımi qədər qiymətləndirməyib. Düzdü, Moldova təmsilçisi əvvəlki səviyyəsindən uzaqdı. “Şerif” mənə tanış rəqibdi. Vaxtilə “Birlik kuboku”nda iki dəfə onlarla qarşılaşmışam. Həmin vaxt bu klubun böyük imkanı var idi. İndiki “Şerif”i də izlədim, zəif komanda deyil. İstəklidilər, nə etməli olduqlarını bilirlər, indi ortabab komanda təsiri bağışlayırlar. Amma istənilən halda, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. “Qarabağ” birinci hissədə rəqibin heç də “asan yem” olmadığını görüb təzyiqi artırdı və moldovalılara xeyli problem yaratdı. Xüsusilə cinahlardan başağrı ola bildik. Sadəcə, “vuran ayaq” olmadı. Moldova çempionunun evdə və səfərdə fərqli oynayıb-oynamadığını bilmirəm. Amma rəqibin də çatışmazlıqları var və bu açıq-aşkar hiss olundu. “Qarabağ” rəqib meydanında da belə oynamalıdı. Ancaq qol imkanlarından maksimum yararlanmaq şərtilə. Mən komandamızın mərhələ adlayacağını düşünürəm”.
Arif Əsədov: “Qarabağ”ın oyunu barədə nə demək olar? Bələd olduğumuz “Qarabağ” daim cinahlardan hücum qurması və boşluq görən kimi ara ötürmələrdən istifadə etməsiylə fərqlənir. Eyni üsluba sadiq qalsa da, komandada fərdi səhvlər diqqəti çəkir. Üç-dörd ötürmədən sonra, xüsusilə “riskli ötürmələr”də əlaqə qırılır. Xətlərarası əlaqənin zəifliyi yeni oyunçuların komandaya tam uyğunlaşa bilməməsiylə bağlı ola bilər. Məsələn, Qara Qarayev hələ Qeryeni tam başa düşmür. Müdafiədən çıxmaq baxımından da səhvlər var. Amma “Qarabağ”ın getdikcə oyununu tapacağına və səhvlərin minimuma enəcəyinə əminəm. Çünki komanda əvvəlki avrokubok mövsümlərinə də zəif başlayıb, tədricən sürət yığıb və Avroliqanın qrupuna düşüb. Moldova çempionu “Qarabağ”ın yanında zəif görünə bilər. Ancaq ÇL-də zəif komanda anlayışı qəbulolunmazdı. Əksinə, “Şerif” təşkilatlanmış, müdafiə oluna bilən kollektiv olduğunu göstərdi. Hiss olunurdu ki, “Qarabağ”ı yaxşı təhlil ediblər və buna görə tam qapandılar. Ağdam təmsilçisi isə birinci hissədə oyuna tam “girə” bilmədi. İlk dəqiqələrdəki təhlükəli vəziyyəti nəzərə almasaq, rəqib üzərində ciddi təzyiq yarada bilmədik. Qurban Qurbanovun müdaxiləsi və göstərişlərindən sonra ikinci hissə fərqli məcrada keçdi. Bunun da nəticəsində rəqibin qapısı qarşısında daha çox qol vəziyyəti yarandı. Sadəcə, imkanlardan yararlana bilmədilər. Kimlərsə yol göstərə bilər ki, “Qarabağ” Moldovada Bakıdakı oyunun ikinci yarısındakı futbolu sərgiləməlidi. Ancaq mən ehtiyatlı oynamağı məsləhət görərdim. Rəqibi öz silahı ilə vurmaq lazımdı. Yəni müdafiədə daha diqqətli oynamaq və şansı gözləmək lazımdı. Oyunun davamı psixoloji mübarizə fonunda keçəcək. “Şerif” istər-istəməz öz meydanında qol axtarışına çıxacaq. Nəzərə alacaqlar ki, qol buraxsalar, bu onların sonu ola bilər. Belədə boşluqlar yaranacaq. O zaman əks-hücumlardan yararlanmaq mümkündü. Əminəm ki, “Qarabağ” səfərdə qol vuracaq və mərhələni keçəcək. Əsas şərt müdafiədə səhvsiz oynamaqdı. Jezniçakın durumundan çox şey asılıdı. O, cavab oyununda iştirak edə bilsə, arxa xəttin etibarlılığına inanmaq olar. Düzdü, Elvin Yunuszadə ilk oyunda meydana sonradan çıxsa da, inamlı göründü. Ancaq nəzərə alaq ki, burda onun üzərinə çox yük düşmədi, təzyiq hiss etmədi. Moldovada isə davamlı təzyiqlə üzləşə bilər ki, belədə oyun təcrübəsinin azlığı Elvinin çatışmazlıqlarını üzə çıxaracaq. “Qarabağ” ÇL-də bu mərhələni adlamalıdı. Belədə həm qrupa düşmək yolunda ciddi addım atmış olacaq, həm də Kintananın sıraya dönməsi üçün vaxt qazana bilər. Ağdamlıların heyətində onun yoxluğu daha ciddi hiss olunur”.
Təbriz Həsənov: “Hamı kimi mən də “Qarabağ”ın “Şerif”i Bakıda yenəcəyini proqnozlaşdırırdım. Açığı, rəqib gözlədiyimdən yaxşı təsir bağışladı. Məşqçi işi hiss olundu. İtaliyalı mütəxəssis müdafiəni qaydasına salıb. Rəqibin iki planı var idi: müdafiədən oynayıb qol buraxmamaq, əks-hücumlarda fərqlənmək. İkinci plan alınmasa da, başlıca vəzifənin öhdəsindən gəlməyi bacardılar. Rəqibə hörmət etmək lazımdı. “Samtredia” ilə müqayisə etsək, moldovalılar daha nizam-intizamlıdı. Amma mən yenə də öz fikrimdə qalıram ki, “Qarbağ” “Şerif”dən güclüdü və səfərdə mərhələni adlamaq vəzifəsinin öhdəsindən gələcək. Hətta mən heç-heçə yox, qələbə gözləyirəm. “Qarabağ” müdafiə futbolu oynaya bilmir. Ona görə də Qurban Qurbanovun komandası səfərdə də hücum edən tərəf olacaq. Ümid edirəm ki, burda alınmayanlar rəqib meydanında həyata keçəcək. “Şerif” boşluqlar verəcək. Çünki doğma azarkeşləri önündə tam qapanmayacaq və hücum edəcək. “Qarabağ”ın heyətində fərdi keyfiyyətləri ilə seçilən futbolçular olub, bu gün də var. Xüsusilə Qeryeni çox bəyənirəm. Qapalı oynayan rəqiblərə qarşı məhz belə futbolçuların fərdi oyununa güvənmək lazımdı”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR