Sizin reklam burada

Ayxan Abbasov: “Futbolçular buna riayət etməyə borcludu”

Baxış Sayı:589

Ayxan Abbasov: “Futbolçular buna riayət etməyə borcludu”
Bu yay Avroliqada debüt edən “Zirə” ilk mərhələni uğurla dəf etsə də, daha da irəli gedə bilmədi. Qəsəbə təmsilçisi 2-ci mərhələdə Rumıniya “Astra”sına “ilişdi”. Artıq “qartallar” diqqətini növbəti mövsümə yönəldib.
Dünən “Zirə”nin baş məşqçisi Ayxan Abbasovla əlaqə saxlayıb, ümumi durumla maraqlandıq: “Avroliqanın cavab oyunundan sonra komandaya 3 günlük istirahət vermişdik. Daha sonra yığışdıq, məşqlərimiz davam edir. İki yoxlama oyunu fikirləşmişik. İyulun 29-da “Şüvəlan”la oynayacağıq. Avqustun 5-dəki rəqib isə çempionatın püşkatmasından asılı olacaq. Bildiyiniz kimi, gələn ayın ilk günündə püşk atılacaq. Görək rəqib kim olur. Çalışacağıq ki, elita iştirakçılarından biri ilə sınaq görüşü keçirək. Hazırlığa tez başlamışdıq. Bunun xeyri də var, çətinliyi də. Futbolçuları formada saxlamaq üçün bizə hər həftə oyun lazımdı. Bəlli proqrama uyğun hazırlığı davam etdiririk. Hər şey normaldı. Düzdü, zədəlilərimiz var - Jozef Bum və Kervens Belfort. Onlar da gələn həftə bizə qoşulacaqlar. Çempionatın startına kimi komanda şəklində tam hazır olacağıq”.
Maraqlıdı, “Zirə” artıq transfer çalışmalarına nöqtə qoyub? Nəzərə alaq ki, bir neçə gün öncə Rəşad Sadiqov komandadan göndərildi. Görəsən, klub onun əvəzinə futbolçu cəlb etməyi düşünür? Abbasovu dinləyək: “Avqustun sonuna kimi vaxtımız var. Bəyəndiyimiz, istədiyimiz oyunçu olsa, fikirləşməyə dəyər. Hələ ki belə bir oyunçu qarşımıza çıxmayıb. Əslində böyük ehtiyacımız yoxdu. Çünki hər mövqedə bizdə futbolçu var. Amma yenə də bir oyunçu istəyərdik. Sadiqovun gedişi ilə bağlı artıq danışmaq istəmirəm. Onunla bağlı qərarımızı vermişik. Həmin mövqedə Vüqar Mustafayev, Viktor İbokoyi, Milan Duriç və Orxan Əliyev var. Bizim üçün böyük itki deyil. Ümumiyyətlə, transfer məsələlərində tələsmək fikrimiz yoxdu. Bunu əvvəllər də demişəm. Arzuladığımız futbolçunu tapmaq istəyirik. Tələsik, komandaya oyunçu doldurmaq düşüncəsi ilə transfer etmirik. Ancaq yenə deyirəm, avqustun 31-nə kimi vaxtımız var, fikirləşəcəyik”.
Yeri gəlmişkən, mətbuatda “Zirə”nin qaydaları pozan futbolçularla bağlı tətbiq etdiyi cərimələrin konkret məbləğləri göstərilib. “Qartallar”ın çalışdırıcısı bu məsələyə də toxundu: “Düzü, mətbuatda bu haqda nə yazıldığını bilmirəm. Ancaq hər bir klubun nizam-intizam məcəlləsi var. Necə futbolçular peşəkar şəkildə vaxtında pullarını alırlarsa, klubda da cərimələrin olması normaldı. Burda böyük bir problem yoxdu. Hər bir klubda nizam-intizam məcəlləsi olduğu kimi, futbolçular da buna riayət etməyə borcludu”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR