Sizin reklam burada

Elxan Məmmədov Gəncəyə təftişə yollandı

Title
Elxan Məmmədov Gəncəyə təftişə yollandı
AFFA-nın martda keçirilən Hesabat Konfransında jurnalsitlərlə görüşən assosiasiya prezidenti Rövnəq Abdullayev mayda Gəncə stadionunun ot örtüyünün dəyişdiriləcəyini söyləmişdi. Abdullayev onu da bildirmişdi ki, görüləcək bütün işlər AFFA tərəfindən maliyyələşəcək. Rövnəq bəy verdiyi vədi tutdu və dediyi vaxtda ölkənin ən böyük ikinci şəhərinin əsas arenasının qazonunun dəyişdirilməsi işlərinə start verdildi. Ötən saylarımızın birində onu da bildirmişdik ki, ot örtüyünün dəyişdirilməsi və yeni drenaj sisteminin qurulması bu sahə üzrə ixtisaslaşan, dünyanın bir çox böyük məşhur arenalarında iş təcrübəsinə malik İngiltərənin SİS şirkətinə həvalə olunub.
Vaxtaşırı Gəncə stadionunda görülən işlərdən sizi xəbərdar edirik. Köhnə ot örtüyünü qazıb çıxaran mütəxəssislər artıq yeni toxum da səpiblər. “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev arenada gedən işlərlə tanış olmaq üçün ötən həftə stadiona baş çəkmiş, meydanı gözdən keçirmişdi. Bununla yanaşı, klub rəsmisi bazada da təmir işlərinin aparılması, komandanın məşq etməsi üçün əlavə süni örtüklü meydançanın yaxın vaxtlarda salınması ilə bağlı göstəriş vermişdi.
Dünən isə AFFA-nın baş katibi Elxan Məmmədov Gəncə stadionunda görülən işlərlə yerində tanış olmaq üçün ölkənin ikinci şəhərinə səfər edib. Bu haqda bilgini “sarı-göylər”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğludan aldıq. Eyni zamanda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutan Mikayıl bəy baş katibin Gəncəyə səfəri barədə bunları söylədi: “Bildiyiniz kimi, arenanın ot örtüyünün dəyişdirilməsi AFFA tərəfindən maliyyələşir. Artıq 3 aya yaxındı bu işlərə start verilib. Elxan müəllim də görülən işlərlə tanış olmaq üçün bu gün (dünən) Gəncəyə gəlib. Bütün işlər əvvəlcədən tərtib olunmuş qrafikə uyğun aparılır. Ötən həftə klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev də arenaya baş çəkmişdi. Ümid edirik ki, görülən işlərdən sonra Gəncə stadionunun ot örtüyü ölkədə ən yaxşılardan biri olacaq”.
Mikayıl bəy yeni toxum səpilən qazonun sentyabrın sonuna kimi hazır olacağını bildirdi: “Qazonun dəyişdirilməsi ilə məşğul olan şirkətin əməkdaşlarının bildirdiyinə görə, meydança sentyabrın sonuna və ya oktyabrın əvvəlinə kimi tam hazır vəziyyətə gələcək. Yəni “Kəpəz” məhz həmin vaxt rəqibləri “doğma divarlar” arasında qəbul edəcək. Ona kimi isə başqa arenaların xidmətindən yararlanacağıq. “Dalğa Arena”dan çıxarılan süni örtük də bazanın ərazisindəki yardımçı meydana döşənəcək. Bununla da komanda ilin istənilən vaxtı öz bazasında məşq edə biləcək. Bazanın özünə də əl gəzdiriləcək. Ən azı paltardəyişmə və hakimlər otağı yenidən təmir olunacaq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.