Sizin reklam burada

Erfan İran yığmasına cəlb olunmaq üçün Azərbaycanda oynamaq istəyir

Baxış Sayı:579

Erfan İran yığmasına cəlb olunmaq üçün Azərbaycanda oynamaq istəyir
“Son mövsüm 43 oyunda 42 qola imza atmışam”

Bu gün Cənubi Azərbaycan dediyimiz İranda milyonlarla soydaşımız yaşayır. Onların arasında karyerasını futbola həsr edənlərin sayı minlərlədi. Bariz nümunə kimi Fərzad Hatəmini göstərə bilərik. 2008/09 mövsümündə “Qəbələ”nin şərəfini qorumuş, adı Berti Foqtsun yığmaya dəvət etmək istədiyi futbolçular arasında olan həmin Hatəmi. Lakin o sonradan ailə durumunu nəzərə alaraq İran millisini üstün tutdu. İranda doğulub boya-başa çatan futbolçulardan biri də Erfan Cabbaridi. 1996-cı ildə anadan olan bu gənc illərini futbola həsr edib. İndi isə Azərbaycandadı, qohumlarını başa çəkmək üçün bura gəlib. Son mövsümdə İranın birinci divizionunda sərgilədiyi oyun və vurduğu qollarla diqqətləri üzərinə çəksə də, karyerasını orda yox, Azərbaycanda davam etdirmək istəyir. Səbəbini müsahibədə özü deyəcək... Bakıdakı məclislərin birində tanış olduğum Erfanın ilk baxışdan sakit təbiətli görünməsinin səbəbi, sən demə, yanında əyləşənlərin futboldan uzaq adamlar olmasıymış. Elə ki bəndənizlə həmsöhbət oldu, ondan sonra ürəyi açıldı.
- İranda doğulub, böyümüsən.
- Elədi.
- Hansı bölgədənsiz?
- Atam İran Biləsuvarındandı, anam İran Astarasından. Azərbaycanlıyıq.
- Futbola gəlişini necə xatırlayırsan?
- Futbola lap kiçik yaşlarımdan marağım olub. Televizorda, stadionlarda futbollara baxardım, özümü həmin futbolçuların yerində təsəvvür etmək istəyirdim. İş elə gətirdi ki, 10 yaşımda futbola yazıldım. Ərdəbilin “Zob Ahan” komandasında futbolun sirlərinə yiyələndim. Hardasa 4 il əvvəl Tehrana getdim. O vaxtdan “Stil Azin”in şərəfini qoruyuram. Sonuncu mövsümdə ikinci dəstədə mübarizə aparmışıq.
- Öz çıxışın haqda nə deyə bilərsən?
- Məncə, pis alınmadı. Mövsüm ərzində bütün oyunlarda meydana çıxdım. Çempionat və “Xomeyni kuboku” daxil olmaqla 43 görüşdə forma geydim. Qolların sayı isə üst-üstə 42 oldu.
- Deməli, hücumçusan.
- Elədi. Amma taran tipli deyiləm. Vinger deyərdim. İşlək ayağım sol olduğuna görə əsasən hücumun solunda çıxış edirəm.
- Bu cür məhsuldarlıqdan sonra nə üçün elita təmsilçiləri sənə maraq göstərmir?
- Bir klubdan təklif vardı, amma isti yanaşmadım. Mənim məqsədim milliyə yüksəlməkdi. İranın elitasında 1-2 il oynamaqla mümkün deyil. Gərək 3-5 il özünü göstərəsən. Ona görə də mənim kimi gənclər Avropaya can atır. Azərbaycan isə Avropadı, klubları avrokuboklarda çıxış edir. Burdan Avropanın aparıcı ölkələrinə yollanmaq da asandı. Azərbaycanda yaxşı çıxış etsəm, yığmaya cığır aça bilərəm. Çünki ölkə xaricində oynayan iranlıları diqqət mərkəzində saxlayırlar.
- Elədisə, İran çempionatında çıxış edən futbolçular milliyə necə dəvət alır?
- Onların çoxu uzun illərdi yüksək dəstədə oynayanlardı. Hamı onları tanıyır, güvənir. Mən isə təzəyəm. Yeni komandaya gedənə, uyğunlaşana, çempionatda özümü göstərənə kimi xeyli vaxt itirəcəm. Avropada çıxış etməklə yığmaya olan məsafə qısalır.
- İkili söhbətdə Azərbaycana valideynlərinlə gəldiyini dedin. Onlar nə yaxşı?
- Mənimlə gəlmişdilər. Həm yaxınlarımıza baş çəkməyə, həm də buraları gəzməyə. Bir müddət qalıb getdilər. Hazırda təkəm, qohum var, onlarda qalıram. Hazırda fərdi məşqlər edirəm ki, formamı itirməyim. Bununla yanaşı, Azərbaycan klubları ilə danışıq aparmaq istəyirəm. Amma bilmirəm, necə, nə cür. Təklif olsa, yoxlasınlar, baxsınlar, bacarığıma bələd olsunlar, ondan sonra yekun fikir bildirsinlər. Yaşıma görə bacarığıma güvənirəm.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR