Sizin reklam burada

“Binə” 14 günlüyə Gürcüstana gedir

Baxış Sayı:719

“Binə” 14 günlüyə Gürcüstana gedir
Mehman Babayev: “Bizdə sırf müdafiəyə oturub, rəqibi gözləmək adəti olmayacaq”

Növbəti mövsüm birinci divizionda çıxış edəcək “Binə” hazırlığı davam etdirir. Çox iddialı başlayan və aşağı dəstədə medallar uğrunda mübarizə aparmağı qarşıya məqsəd qoyan klub artıq bir neçə futbolçu ilə də müqavilə bağlayıb. Bunlar Elmin Çobanov, Ture Morifere, Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi və Bəxtiyar Soltanovdu. Ture "Şəmkir", Elmin MOİK, Elmir "Qaradağ Lökbatan", Mənsur "Mil-Muğan", Bəxtiyar AZAL-dan, Ramil isə Gürcüstanın ikinci liqasında çıxış edən “Sapovnela” klubundan gəlib. Adı çəkilənlər 2017/18 mövsümündə "Binə"nin uğurları üçün çalışacaq.
Gündə iki məşqə çıxan komandanın 3 yoxlama oyununda qüvvəsini sınadığını xəbər vermişdik. İlk oyunda “Səbail”lə heç-heçəyə (2:2) razılaşan komanda ikinci matçda “Neftçi”yə minimal hesabla məğlub olmuşdu – 0:1. Üçüncü qarşılaşmada isə “Binə” aşağı dəstənin daimi iştirakçısı, Azər Bağırovun çalışdırdığı “Qaradağ Lökbatan”dan üstün olub – 2:1.
Mövsümün startına hələ vaxt var. Bu üzdən “Binə”nin işləri, planları ilə maraqlanmaq üçün baş məşqçi Mehman Babayevlə əlaqə saxladıq. O, hazırlığın yüksək səviyyədə getdiyini bildirdi: “Hər şey yaxşıdı. Qarşıda bizi 4 yoxlama oyunu gözləyir. Biri sabaha (bu günə) planlaşdırılıb. 19 yaşadək futbolçulardan ibarət yığma ilə qarşılaşacağıq. İyulun 29-da isə “Dalğa Arena”da “İnter”in əsas komandası ilə oynayacağıq. Növbəti oyunlarımız avqustun 4-ü və 8-də baş tutmalıdı. Lakin rəqiblər hələ bəlli deyil. Hazırda komandalarla danışıqlar gedir. İstəyirik ki, güclü rəqiblərlə qarşılaşaq və özümüzü sınayaq”.
Babayevin sözlərinə görə, “Binə” Gürcüstanda da təlim-məşq toplanışı keçəcək: “Avqustun 8-də təlim-məşq toplanışının ilk hissəsi başa çatacaq. Ayın 11-də isə Gürcüstana gedəcəyik. Yollanacağımız yer Çakvi şəhəridi. Batuminin yaxınlığında yerləşir. Toplanış üçün əla yerdi. Ötən ay mən ora getmişdim. Hər şeyi yoxlamışam. Qalacağımız otel, demək olar ki, bəllidi. Amma bəzi məsələlərdə dəqiqləşdirmə aparırıq. Bu üzdən adını açıqlamaq istəmirəm. Yoxlama oyunları keçirəcəyimiz stadion da şəhərə yaxındı. Həm də dəniz kənarıdı. Rəqiblərimizin stadiona gəlib-getməsi baxımından çətinlik olmayacaq. Həmin təlim-məşq toplanışı 14 günlük olacaq. Orda 5 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərin ikisi məlumdu. Bunlar “Kobuleti” və Batumi “Dinamo”sudu. Biz ancaq Gürcüstanın yüksək liqasında oynayan komandalarla qarşılaşacağıq. Özümüz belə seçim etmişik”.
“Binə”nin çalışdırıcısı transfer məsələsində birinci diviziona tətbiq olunacaq limitin əsas rol oynayacağını vurğuladı: “Bəli, komandada yeni transferlər var. Onlar kollektivə uyğunlaşmağa çalışır. 8 yeni futbolçu cəlb etmişik. Bunlar Elmin Çobanov, Ture Morifere, Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi, Əli Əliyev, Bəxtiyar Soltanov və Məhəmməd Bədəlbəylidi. Bu, bizim birinci ilimizdi. Ona görə də heyətlə bağlı bəzi çətinliklərimiz var. Çalışacağıq ki, bunları aradan qaldıraq. Onu söyləyə bilərəm ki, heyətə cəlb etdiyimiz futbolçular bizi qane edir. Danışıq apardığımız oyunçular da var. İki legionerlə danışırıq. Ümid edirəm ki, onlar “Binə”nin şərəfini qorumaq istəyəcək. Hələ limit məsələsi də dəqiqləşməyib. Son məlumata görə, “8+3” olmalıdı. Yəni 8 təcrübəli, 3 gənc futbolçu və iki legioner. Elə legionerlər götürməliyik ki, sırf heyətə düşə bilsinlər. İşimizi məhz limitə uyğun quracağıq”.
Mehman bəy komandanın neçə faiz hazır olduğunu da gizlətmədi: “Komandanın hazırlıq dərəcəsini indidən açıqlamaq tezdi. Çünki qarşıda hələ çox vaxt var. Mən deyərdim ki, “Binə” birinci divizionda mübarizə aparmaq üçün 60-70 faiz hazırdı. Amma yenə artım olacaq. Təlim-məşq toplanışından sonra gücümüz artacaq. İndiyə kimi keçirdiyimiz məşqlər sırf futbolçu seçimi üçün idi. Narazı olduqlarımızı göndərdik, qalanlarını saxladıq”.
Sonda mütəxəssis “Binə”nin sərgiləyəcəyi futbol haqda da danışdı: “Hazırda işlədiyimiz sistem hücum futboluna əsaslanıb. İstəyirik ki, komanda çoxlu qol vursun. Eyni zamanda etibarlı müdafiə olunmağı da fikirləşirik. Bizdə sırf müdafiəyə oturub, riqibi gözləmək adəti olmayacaq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR