Sizin reklam burada

“Neftçi” “Şalke-04”ə minimal hesabla uduzdu

Baxış Sayı:488

“Neftçi” “Şalke-04”ə minimal hesabla uduzdu
Cari mövsümdə avrokuboklarda iştirak edən təmsilçilərimiz – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə”nin nəyə qadir olduğunu gördük və hələ də görməkdəyik. “İnter” xaric, başqaları heyətini gücləndirdi. Və növbəti mövsümdə yenidən medallar uğrunda mübarizə aparacaqları sirr deyil. Bu “dördlüy”ə çəkinmədən “Sumqayıt”ın da adını əlavə edə bilərik. Tural Axundov, Rəşad Eyubov, Cavid İmamverdiyev, Vüqar Bəybalayev, Cavid Tağıyevlə güclənən həmin “Sumqayıt”. Deməli, uğursuz mövsümdən sonra fırtına qoparacağı deyilən “Neftçi”nin işi heç də asan olmayacaq. Avrokuboklara vəsiqə verən yerlərdən birini tutmağı hədəfləyən “ağ-qaralar”a inananların sayı həddən artıq azdı. Buna səbəb isə heyətin istənilən səviyyədə gücləndirilməməsi və Bakıdakı yoldaşlıq görüşlərində qeydə alınan nəticələrdi. Təsəvvür edin, baş məşqçi Elxan Abdullayevin yetirmələri “Kəpəz”ə məğlub olmuş (0:2), birinci diviziona yeni yüksələn “Binə”ni 1:0 və cəmi 10-15 günün komandası olan “Şüvəlan”ı 2:0 hesabıyla udmuşdu. Hə, bir də son qarşılaşmada “Zirə”nin ehtiyatda qalan futbolçularını 1:0 yenmişdilər. Və hər qarşılaşmadan sonra Abdullayev sınaq matçlarına xüsusi önəm vermədiklərini, futbolçularının yüklənmələr fonunda meydana çıxdığını dilə gətirirdi. Deməli, “Şalke-04”lə dünən baş tutan oyun indiki “Neftçi”nin nəyə qadir olduğunu görmək baxımından əla şans idi. “Ağ-qaralar” kimi, Helzenkirhen təmsilçisi də buna qədər Çində bir neçə yoldaşlıq görüşü keçirmişdi. “Beşiktaş”ı məğlub edən (3:2) almanlar İtaliya “İnter”i ilə 1:1-lik heç-heçəyə razılaşmışdı.
“Meqa Sığorta” şirkətinin sponsorluğu ilə oyun “CBC Sport” telekanalının efirinə daşımışdı ki, buna görə həm şirkətin, həm də “Neftçi”nin rəhbərliyinə təşəkkür düşür. Avstriyada baş tutan oyuna kifayət qədər azarkeş marağı olsa da, havanın yağışlı, meydançanın isə həddən artıq ağır olması hər iki komandanın işini çətinləşdirirdi.
Hələ matçdan bir neçə gün öncədən əsas sual “Şalke-04”ün meydana hansı heyətlə çıxacağıyla bağlı idi. Bunu bilmək üçün isə vaxtilə “Ertsgebirge”də Dmitri Nazarovun məşqçisi olmuş Domeniko Tedeskonun qərarını gözləməliydik. Adlara baxanda bundesliqa təmsilçisinin meydana “diri” heyətlə çıxdığını görmək çətin deyildi. Benedikt Hövedes, Leon Qoretska, Atsuto Uçida kimi aparıcı oyunçular ehtiyatda qalsa da, başqaları meydanda idi. Elxan Abdullyev isə yeni transferlərin üçünə - Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov və Elnur Cəfərova ilk dəqiqələrdən oynamaq imkanı yaratmışdı.
Şalke-04: Ralf Fahrmann, Pablo İnsua, Matiya Nastasiç, Yohannes Qays, Nabil Bentaleb, Franko Di Santio, Bernard Tekpetey, Fabian Reze, Bastyan Ozipka, Koke, Naldo.
Neftçi: Səlahət Ağayev, Məqsəd İsayev, Pavel Dreksa, Kiril Petrov, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Tərzin Cahangirov, Namiq Ələsgərov, İqnasio Errera, Elnur Cəfərov, Daniel Seqoviya.
Rəqibin adlı-sanlı olması “Neftçi”nin futbolçularında əlavə təzyiq yaratmaya bilməzdi. Qazonun əlverişsiz durumu atletik futbolun həvəskarı olan almanların əl-qolunu açırdı. Qarşılaşmanın gedişində yaradılan bütün qol vəziyyətləri Tekbeteyin adıyla bağlıydı. 7-ci dəqiqədə Səlahətin çıxışda kobud səhvə yol verməsindən sonra Qana yığmasının üzvünün sevinmək şansı yarandı. Qaradərilinin zərbəsində azacıq dəqiqlik çatmadı. 23-cü dəqiqədə növbəti Səlahət - Tekpetey mübarizəsindən birinci qalib ayrıldı. Lakin qol özünü çox gözlətmədi. Məqsədin sol cinahdakı diqqətsizliyindən yararlanan Reze uzun məsafəni qət edib topu Tekpeteyə ötürdü. Qanalı futbolçu da toru silkələməkdə çətinlik çəkmədi. Buna qədər isə Səlahət Di Santionun vuruşunu çətinliklə zərərsizləşdirmişdi. Birinci hissədə “Neftçi”nin rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkdiyi açıq-aşkar hiss olunurdu. Ötürmələrdəki səhvlər və topu özlərində saxlaya bilməmələri “ağ-qaralar”ın başlıca problemiydi. Müxtəlif kombinasiyalarla hücum qurmaq planı isə yox dərəcəsində idi. Müdafiədən kor-koranə irəli vurulan toplar əksər hallarda alman müdafiəçilərə qismət olurdu. Yarımmüdafiədə yer alan ləng Ruslan Abışovun passiv oyunu, ağır Elnur Cəfərovun tez-tez top itkisinə yol verməsi “Neftçi”nin varlığını heçə endirirdi. Rəqibin üstünlüyü şəraitində keçən ilk yarı sakit məcrada başa çatdı.
Fasilədən sonra “Şalke-04”ün heyətində xeyli dəyişiklik olsa da, “Neftçi”də iki yeni oyunçu diqqəti çəkirdi. Seqoviyanı Hüqo Barqas, Elnuru Fəhmin Muradbəyli əvəzlədi. Məhz bu dəyişikliklərdən sonra bakılıların oyununda canlanma yarandı. İlk təhlükəli vəziyyət isə yenə almanlardan gəldi. 46-cı diqəqədə Tekpeteyin uzaqdan zərbəsinə Səlahət əla seyvlə qarşılıq verdi. Növbəti epizod isə oyuna fəal qoşulan Fəhminin adı ilə bağlı idi. 52-ci dəqiqədə bir hərəkətlə qarşısındakı futbolçunu yerə sərən Muradbəyli qapıya zərbə endirməyə imkan tapsa da, müdafiəçi son anda topu qapı xəttindən çıxardı. 6 dəqiqə sonra oyunu mavi ekran qarşısında izləyən azərbaycanlı azarkeşlər növbəti dəfə başını tutmalı oldu. Bu dəfə Məhəmməd Məqsədin asmasına istədiyi kimi baş qoya bilsəydi, hesab bərabərləşəcəkdi. Di gəl ki, tələskənlik müdafiəçinin işinə yaramadı. Ümumiyyətlə, bu dəqiqələrdə “Neftçi”nin ərazi üstünlüyü sözünü deyirdi. Topa sahib olan Abdullayevin yetirmələri rəqibi yormağa çalışır, bununla da boş mövqelər axtarırdı. Amma təcrübəli rəqibin müdafiə xəttini yarmaq mümkün olmurdu. Ehtiyatdakı futbolçulara şans verməyi məqsədəuyğun sayan “Neftçi”nin çalışdırıcısı növbə ilə Rahil Məmmədov, Rəhman Hacıyev, Ömər Buludov, Edson Kastilyo, Mirabdulla Abbasovu da meydana buraxdı. “Şalke-04”də isə DÇ-2014-ün qalibi Hövedes oyuna qoşuldu. İlk hissə ilə müqayisədə ikincidə oyunun tempinin aşağı düşdüyünü görmək çətin deyildi. Səbəb isə tez-tez əvəzetmələrin reallaşması, bununla da komandalarda oyun planının pozulmasıydı. Qarşılaşmanın son 10 dəqiqəsində bütün cəhdlərə baxmayaraq, hesab dəyişmədi.
Almaniyanın köklü klublarından biri olan “Şalke-04”ə məğlubiyyət “Neftçi” haqda müəyyən fikirlər formalaşdırdı. Demək ki, futbolçuların əsas problemi “Binə” və “Şüvəlan” kimi zəif rəqiblərə qarşı köklənə bilməməkdi. Bu dəfə meydanda can qoyan, bütün mübarizələrə girişən, müdafiədə ağıllı oyunla seçilən komanda və futbolçular gördük. Qeyd edək ki, bakılılar iyulun 30-da BƏƏ təmsilçisi “Əl-Əhli” ilə qarşılaşacaq. Avqustun 2-də baş tutacaq qarşılaşmadakı rəqib isə başqa bir bundesliqa təmsilçisi “Herta”dı.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR