Sizin reklam burada

"İnter" rəhbərliyi susur, futbolçuların maaşı və mükafatı gecikir

Baxış Sayı:472

"İnter" rəhbərliyi susur, futbolçuların maaşı və mükafatı gecikir
"İnter" Avroliqanın birinci təsnifat mərhələsində "Mladost"u keçəndə klub rəhbərliyindən hər kəs telefonu götürürdü, rahat fikir öyrənə bilirdik. Lakin ikinci mərhələdə "Fola"ya biabırçı məğlubiyyətdən sonra bu müşkül məsələyə çevrilib. Nə klubun Müşahidə Şurasının sədri Zaur Axundov, nə də icraçı direktor Rəmiş Malıyev telefon zənglərinə cavab verir. Yalnız baş məşqçi Zaur Svanadze ilə danışa bilirik. Udanda da, uduzanda da xoş ünsiyyət qura bilən gürcü mütəxəssis isə bəzi suallara cavab verməkdə çətinlik çəkir. Hərçənd o suallar rəhbərliyə ünvanlanmalıdı. Birinci məsələ ondan ibarətdi ki, "İnter" bəzi futbolçular və baş məşqçi ilə müqavilələrin müddətinin uzadılmasıyla bağlı şifahi razılıq əldə edib. Sözləşmələri bitən şəxslərlə müqavilələr yenilənmir. Səbəbini isə bilən yoxdu. Razılıq varsa, imza niyə yoxdu? Nəyi gözləyirlər? Onsuz da yaxın günlərdə klub premyer-liqada iştirak üçün PFL-ə futbolçu sifariş etməlidi. Yəni əvvəl-axır müqavilələr rəsmiləşməlidi. İkinci məsələ isə futbolçuların məvacibi ilə bağlıdı. Əldə etdiyimiz məlumata görə, "İnter" oyunçulara son 2 ayın maaşını ödəməyib. Üstəlik, komanda birinci təsnifat mərhələsini adladığına görə mükafat almalıydı. Lakin hələ səs-soraq yoxdu. Üçüncüsü, "İnter Arena"dan çıxarılan klubun "Dalğa Arena"ya köç məsələsidi. Prosesin nə vaxt yekunlaşacağı bilinmir.
Bütün bunlara aydınlıq gətirmək üçün ən son variant kimi klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq: "Müqavilələr hazırdı, tərəflər arasında imzalandıqdan sonra elan olunacaq. Dəqiq tarix demək hələlik çətindi. Futbolçuların bir ay maaşı qalıb. Mükafat barədə xəbər yoxdu, çünki bununla bağlı rəsmi məlumat verilməyib. Ona görə də məsələni şərh edə bilmirəm. "Dalğa Arena"ya köç böyük ölçüdə həll olunub. Bəzi təmir-tikinti işləri həyata keçirilir. Tam hazır olduqdan sonra Mərdəkana köçəcəyik. Bunun avqustun 1-də baş verəcəyini düşünürük".
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR