Sizin reklam burada

Dabo “Panatinaikos”a qarşı oynaya biləcək

Baxış Sayı:608

Dabo “Panatinaikos”a qarşı oynaya biləcək
“Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub”

“Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində “Panatinaikos”la səfərdə keçiriləcək ilk oyuna hazırlığı davam etdirir. 4 gün öncədən Afinaya yollanan “qırmızı-qaralar” gündə bir dəfə, axşam saatlarında Yunanıstanın paytaxtında məşqə çıxır. Komandada ab-hava yaxşıdı. Axı bölgə təmsilçisinin əsas hücumçusu Baqali Dabo sıraya dönüb. “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlıdan aldığımız məlumata görə, bir neçə gündü kollektiv məşqlərdə iştirak edən fransalı forvard sabahkı görüşdə meydana çıxa bilər.
Bu gün “Qəbələ” qarşılaşmanın keçiriləcəyi “Apostolos Nikolaidis” stadionunda ilk və son məşqinə çıxacaq. Hazırlıq prosesi 20.30-da başlayacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Roman Qriqorçukun iştirakıyla mətbuat konfransı start götürəcək.
Bu arada çətin matç ərəfəsində “Yagelloniya” səddinin keçilməsində əsas pay sahibi olan futbolçulardan biri, yeni transfer İlqar Qurbanov “Qəbələ”nin rəsmi saytına açıqlama verib: “Mübarizəyə başladığımız 2-ci təsnifat mərhələsini uğurla adladığımız üçün sevinirik. “Yagelloniya” ilə evdə keçirdiyimiz görüş bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Bu da normaldı. Çünki təlim-məşq toplanışından sonra ilk matçlar çətin olur. Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Səfər qarşılaşmasına daha yaxşı hazırlaşdıq. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.
“Panatinaikos” haqda fikirlərini açıqlayan Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını bildirib: “Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündü məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdu. “Panatinaikos” sözünü demiş komandadı. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.
Yeri gəlmişkən, “Panatinaikos” 27 yaşlı müdafiəçi Niklas Huntla müqavilə müddətini daha 1 illiyə uzadıb. Əvəzində qapıçı Luk Stillə yollar ayrılacaq. Qolkiper İngiltərə klublarının maraq dairəsindədi. Onun gedişindən sonra “yaşıllar”ın əsas qapıçısı Sokratis Diudis olacaq.
Sonda Bakıda keçiriləcək cavab oyununun başlama saatının da bəlli olduğunu qeyd edək. Avqustun 3-də “Bakcell Arena”da baş tutacaq həlledici görüş ənənəvi saatda - 21.00-da start götürəcək.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR