“Zirə”nin “Qarabağ”dan zəif olduğunu nəzərə alsaq, Rəşad Sadıqovun oyunu penalti seriyasına daşımaq istəyi tam təbii və anlaşılan idi. Penalti seriyası artıq lotereyadı, burda ən zəif komanda da ən nəhəng rəqibi məğlub edə bilər. “Zirə”nin baş məşqçisinin əlini gücləndirən amil də var idi. Belə ki, “qartallar” cəmi 28 gün öncə - arpelin 29-da “Neftçi”ni məhz penaltiləri daha dəqiq yerinə yetirməklə sıradan çıxarmışdı. İndi isə hər iki oyunda “Zirə”nin futbolçularının “nöqtə”yə yaxınlaşmaq ardıcıllığına baxaq. “Ağ-qaralar”la oyunda Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov ardıcıllıqla zərbələri dəqiq yerinə yetirdi, Eddi İsrafilov topu yandan vurduğundan, Mehdi Cənnətov isə Patonun zərbəsini qaytardığından heç 5-ci cəhdə ehtiyac qalmadı. Kubokun finalında necə oldu? Deməli, yenə Keyta vurdu və qol oldu. Təmkinlə Qismət meydanda olmadığından “nöqtə”yə 2-ci Volkov yaxınlaşdı. Əlbəttə, Rəşad bəy yetirmələrinin potensialını daha yaxşı bilir. Ancaq “suyu sıxılmış limona” bənzəyən gürcünün əvəzinə sonrakı zərbələri dəqiq yerinə yetirən Ahmed Ayzayanın və ya yaşına uyğun olmayan soyuqqanlılıq nümayiş etdirən Cəlal Hüseynovun 2-ci zərbəni yerinə yetirməsi daha yaxşı olmazdımı? Belədə Davit “Neftçi” ilə oyunda olduğu kimi, yenə 4-cü zərbəni vurardı. Və ya həlledici anda yaradıcı Mohamed Hamdaui meydanda ola-ola, müdafiəyəmeyilli Sərtan Taşkına güvənmək yanlış deyildimi? Dediyim odu ki, penaltiləri yetərincə yaxşı yerinə yetirən Təmkinlə Qismətin yoxluğunda da baş məşqçinin manevr imkanları geniş idi.
Hə, bir də Şahruddin Məhəmmədəliyevin təxribatçı davranışına toxunmaq lazımdı. Ölkə kubokunun 2013-cü il mayın 28-də - “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı finalında Saşa Stamenkoviçin oxşar hərəkətlərinin də sonrakı biabırçılıqda, bayramın az qala matəmə çevrilməsində böyük rolu oldu. Bu dəfə isə Şahruddin hər zərbə ərəfəsində “Zirə”nin oyunçularına yaxınlaşır, hiyləgər gülüş və söz atmaq ilə onların əsəblərini tarıma çəkirdi. Oyunu bütövlükdə yaxşı idarə edən Elçin Məsiyev nədənsə “Qarabağ”ın qapıçısının hərəkətlərinə göz yumurdu. Eynən Fariz Yusifov 2013-də serb qapıçını bağışladığı kimi...
HUŞƏNG