Sizin reklam burada

Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb

Baxış Sayı:651

Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb
“Onlar istədiklərini ala bildilər”

Ardınca isə media nümayəndələrinin qarşısına Qurban Qurbanov çıxdı. Təbii ki, həmişəki kimi təmkinli və soyuqqanlı. O, rəqibdən belə oyun gözlədiyini bildirdi: “Gözlədiyimiz oyun oldu. Rəqibdən bu cür çıxış gözləyirdik. Bu turnir bir daha göstərdi ki, burda zəif komanda yoxdu, hamısı öz ölkəsinin çempionudu. İstədiyimiz bəzi şeylər alınmadı. Amma komandadan razı qaldım. O mənada ki, sona qədər mübarizə apardılar. Sadəcə, texniki səhvlərimiz çox oldu. Evdə 0:0 hesabı da pis nəticə deyil. Evdə qol buraxmamaq da üstünlükdü. Rəqibi daha yaxşı təhlil edib, cavab görüşünə hazırlaşacağıq. Azarkeşlərin qola sevinməmələrinə üzüldüm. Hamısına təşəkkür edirəm. Bizə inanırlar, onların bu inamını doğrultmağa çalışacağıq”.
- Sanki ilk hissədə ya onlar sizi yaxşı təhlil etmişdilər, ya da siz rəqibi yaxşı təhlil edə bilməmişdiz...
- Bu komanda fərqli sistemlərdə çıxış edir. Onların 20 nömrəli oyunçusu ən fəal futbolçu idi. 90 dəqiqə ərzində dayanmadı, ancaq qaçdı. Biz bunlara hazırlaşmışdıq. İlk hissədə rəqibin imkan verdiyi qədər oynamağa çalışdıq. Evdə daha açıq futbol oynayacaqlar. Buna hazırlaşacağıq. Futbolda bəzən belə olur. “Şerif” müdafiədə səhv etməyən komandadı. Onlar istədiklərini ala bildilər.
- Yakub Jezniçakın zədəsi nə yerdədi?
- Məncə, ciddi bir şey yoxdu. Amma yenə də həkimlər sabah (bu gün) dəqiq cavab verəcəklər. Çünki əzələ ağrısı futbolçuya xoş olmayan zədədi. Ümid edirəm ki, hər şey yaxşı olar.
- “Qarabağ” rəqibdən güclü olsa da, funksional cəhətdən hazır deyil. Cavab görüşünə qədər nəsə dəyişə biləcəksizmi?
- Öz proqramımız üzrə çalışırıq. Bəzi oyunçular üçün əlavə proqram tuturuq. Hansı oyunçunun funksional səviyyəsi aşağıdısa, onun üzərində çalışacağıq. Komanda bu il az müddət bir yerdə oldu. Bəzi çalışmazlıqlar var ki, bu da vaxtla bağlıdı. Bu da oyundan-oyuna düzələcək.
- “Qarabağ”ın bu gün fiziki cəhətdən zəif görünməsi nə ilə bağlıdı?
- Rəqib ikinci hissədə nadir hallarda hücuma keçirdi. Qeyd olunduğu kimi, bəzi oyunçuların funksional hazırlığı aşağıdı. Ancaq Çempionlar Liqasındakı üç oyun hazırlıq səviyyəmizin yüksəlməsi baxımından çox kömək oldu. Bu gün də öz proqramımızla gedirik. Problemli bir şey yoxdu. Ola bilər ki, başqa komandalar daha çox oyun keçiriblər. Avstriya toplanışına gedəndə ixtiyarımızda 10 oyunçu var idi. Komanda tam tərkibdə gec məşq etdi. Hələ vaxtımız var.
- Əfranın yerinə Mahir meydana çıxandan sonra hücumunuz daha kəsərli oldu. Cavab görüşündə necə oynamağı düşünürsüz?
- Cavab oyununun heyətini bu gündən deyə bilmərəm. Hələ bir həftə vaxtımız var. Orda hansı oyun üslubunu quracağıq? Buna təhlil etdikdən sonra qərar verəcəyik. Lazım olsa, müdafiə olunacağıq. Hücumda oynamaq lazım olsa da, belə çıxış edəcəyik. Oyunun axarına görə əlavələr mütləq olacaq.
- Gözlədiyiniz “Şerif”i meydanda gördüz?
- Gözlədiyimdən də aqressiv komanda gördüm. Təcrübəli kollektivdi. Onları indi daha yaxşı tanıdıq. Onlar nəticəyə oynamağa bacarırlar. Bu gün də bunun şahidi olduq. Bəzən biz müdafiə olunanda azarkeşlərə birtəhər gəlir. “Şerif” lazım olsa, 90 dəqiqə hücum etməyi və ya müdafiə olunmağı bacarır. Bizi neçə dəfə əks-hücumda tuta bilərdilər. Müdafiəçilərimiz diqqətli oldular. Səfərdəki oyunda tam fərqli komanda ilə qarşılaşa bilərik. “Kukesi” ilə oyunlarda da fərqli futbol sərgiləmişdilər. Oyunumuzda mütləq dəyişiklik olacaq.
- Pley-off ərəfəsində evdə qolsuz bərabərlik komandada gərginlik yarada bilərmi?
- Bu hesabın hansısa gərginliyə səbəb olacağını düşünmürəm. Çalışacağıq nəticə üçün oynayaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.
- Ağabalanı meydana gec buraxmağınız nə ilə bağlı idi?
- Donald yorulmuşdu. Buna görə də Ağabalanı meydana buraxdım.
- “Şerif”in “Kukesi” ilə oyunlarını yəqin ki izləmisiniz. Onların fərqli çıxışını necə dəyərləndirmək olar?
- Hər iki oyunlarını izləmişdim. “Kukesi” ilə səfər matçına qalib kimi getmişdilər. Bu üzdən əsas məqsədləri qol buraxmamaq idi. Məşqçilər, futbolçular daha da inkişaf edirlər, rəqibi daha yaxşı tanıyırlar.
- İlk hissədə çoxlu top itkilərindən sonra meydanı yoxladız. Buna səbəb nə idi?
- Meydança yaxşı sulanmadığından top yaxşı getmirdi. Buna görə də fasilədə meydança çox sulandı və ikinci hissədə daha sürətli oynadıq.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR