Sizin reklam burada

“Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir

Baxış Sayı:712

“Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir
Ev oyunlarının harda keçiriləcəyi ilə bağlı qərar verilməyib

Növbəti mövsümdə həm gəncəli azarkeşlərin, həm də qərbin paytaxtında qonaq olan komandaların üzvlərinin üzləri güləcək. Gəncə şəhər stadionundakı meydança təmir olunur ki, yeni mövsümdən etibarən samanlığı xatırladan qazondan əsər-əlamət qalmayacaq. Sadəcə, bir əmma var. Yenilənməsinə mayın əvvəlində başlanan örtüyün tam hazır olması üçün müəyyən vaxt lazımdı. Həmin vaxt isə oktyabrda yetişəcək. Bu isə o deməkdi ki, “Kəpəz” çempionatın təxminən ayyarıma düşən hissəsində ev oyunlarını başqa stadionda keçirməlidi. Bu da hardasa 3 oyun edir.
Bir müddət əvvəl məsələnin izinə düşəndə məlumat əldə etmişdik. Ki, “sarı-qaralar” həmişəki kimi Bakıda məskunlaşmaq niyyətindədi. “İnter” Mərdəkana üz tutduğundan, “Dalğa Arena”nın xidmətindən yararlanmaq arzusu “suya düşür”. “Bakcell Arena”da “Neftçi”, “Bayıl Arena”da “Səbail” oynayacaq, “Tofiq Bəhramov” isə avrokuboklara görə “Qarabağ”a məxsusdu. Belədə iki variant qalırdı: “Əlincə Arena” və “Bakı”nın təlim-məşq bazası. Klub rəhbərliyi məhz bu iki stadionun xidmətindən yararlanmaqda maraqlıydı. Lakin sonradan səs-soraq çıxmadı.
Yeni mövsümün başlamasına təxminən 3 həftə vaxt qaldığından, məsələ ilə yenidən maraqlanmaq qərarına gəldik. Deyilənə görə, Tovuz variantı da müzakirə olunur. Birinci diviziona sentyabrın ortalarında start veriləcəyini nəzərə alsaq, “Turan Tovuz”un “Kəpəz”ə mane olmayacağı dəqiqdi. Bu həm də gəncəli fanatların ürəyincə olar. Lakin dünən əlaqə saxladığımız “Kəpəz”in mətbuat katibi Azad Mustafayevdən tam başqa xəbər eşitdik: “Hazırda bu yöndə hansısa müzakirə getmir. Klub rəhbərliyi püşkatmanı gözləyir. Yalnız bundan sonra hansısa fikir səsləndirmək olacaq. Püşkatmanın nəticələrindən sonra oyunları nə vaxt və harda keçirəcəyimiz bilinəcək. Belədə rəqiblərlə ev və səfər oyunlarının yerinin dəyişdirilməsi müzakirə olunacaq. Ola bilsin ki, ev oyunlarımızı da səfərdə keçirək, növbəti dövrədə səfərə düşən görüşləri evdə keçirək. Necə ki, ötən mövsüm “Neftçi” və “Qəbələ” ilə belə etmişdik. Bu variant alınmasa, rəqibləri lisenziyası olan stadionlarda qəbul edəcəyik. “Bayıl Arena”da ola bilər, “Dalğa Arena” da. Amma “Əlincə Arena” və “Bakı”nın təlim-məşq bazasıyla bağlı hansısa söhbət olmayıb. İstənilən halda, püşkatmanı gözləməliyik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR