Sizin reklam burada

Vüqar Həşimovun xatirəsinə turnir keçirilir

Title
Vüqar Həşimovun xatirəsinə turnir keçirilir
İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdü. Beynəlxalq qrossmeyster yaşasaydı, həmin gün 31 yaşı tamam olacaqdı. Onun doğum günündə əziz xatirəsini yad etmək məqsədi ilə 8-12 yaş aralığında şahmatçılar arasında beynəlxalq turnirə start verilib. Turnirin iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Mərhumun komanda yoldaşları Avropa çempionunun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıb. Vüqarın atası Qasım Həşimov açılış mərasimində çıxış edərək turnirin əhəmiyyətindən danışıb: “Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri keçirilsin. Bu gün siz belə yarışlarda iştirak etməklə bacarığınızı artırırsız. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildi keçirilir. Ümid edirəm ki, bu yarış hər il ənənəvi olaraq keçiriləcək. Vüqarın qısa, lakin şərəfli ömür yolu gənc şahmatçılarımıza nümunə olmalıdı. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.
Tanınmış şahmatçının komanda yoldaşı, Avropa çempionu Qədir Hüseynov gənc şahmatçılar üçün Vüqarın karyerasını, onun partiyalarını dərindən öyrənməyin önəmini vurğulayıb: “Mən şahmatçı kimi onun karyerasına yaxşı bələdəm. Amma xüsusən uşaqlar onun partiyalarından öyrənməlidi. Elə ölkələr var ki, Vüqarın əldə etdiyi nəticələrə yalnız arzu kimi baxır. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdı. Vüqar daim komanda yoldaşlarına, xüsusən azyaşlı şahmatçılara kömək etməyə çalışırdı. O, böyük turnirlərdə heç vaxt bizi tək qoymazdı. Özü oynamadığı günlərdə bizə fəal dəstək olurdu. Bu gün onun yoxluğunu qəbul etmək çətindi. Biz onu daim xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə potensiallarını artırmalı, uğur qazanmalıdı. Şahmata yeni başlayanda məşhur idmançılarla görüşlər bizim üçün əsl bayrama çevrilirdi. İndi uşaqların şahmat üzrə yığmamızın üzvləri ilə görüşmək, onlardan öyrənmək imkanları daha genişdi. Etiraf edək ki, son on ildə yeni şahmatçılar yetişib və onlar uğurla çıxış edir. Artıq rəqabət vaxtıdı. Arzu edirəm ki, bizdən sonrakı nəsil daha güclü oynayaraq ölkəmizi layiqincə təmsil edəcək”.
Vüqar Həşimovun məşqçisi olmuş, moldovalı Viorel Yordokesku mərhum şahmatçının xüsusi istedada malik olduğunu diqqətə çatdırıb: “O, həmişə digər tələbələrimdən fərqlənib. Şahmata olan sevgisini, komanda yoldaşları ilə dostluq münasibətini və nizam-intizamını həmişə yüksək rəğbətlə qarşılamışam. Vüqar Azərbaycanın şahmat tarixində silinməz iz buraxıb”.
Şahmatçı ilə bağlı xatirələrini bölüşən məşqçi Vüqar ilə ilk oyununu xatırlayaraq onun şahmatın sirlərinə dərindən bələd olduğunu və adının tanınmış şahmatçılar ilə bir arada çəkiləcəyinə əminliyini diqqətə çatdırıb. Çıxışlardan sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qaydalar haqda məlumat verib.
Sonra dövlət himni səsləndirilib və beynəlxalq turnir açıq elan olunub. Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq. Avqustun 1-dək davam edəcək mübarizəyə əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulub. Yarışın reytinq favoriti Xəzər Babazadədi.
Sonda mərhum şahmatçımızın xatirəsinə Kanadada da şahmat turniri keçirildiyini nəzərinizə çatdıraq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.