Sizin reklam burada

AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi

Baxış Sayı:538

AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi
2016-cı ilin əvvəlində də belə olmuşdu. Son illərdə ilk dəfə məhz 2015/16 mövsümünün qış fasiləsində hakimlər xaricə yollana bilməmişdi. AFFA premyer-liqa hakimlərini Milli Komandaların Təlim-Məşq Mərkəzinə “həbs etmiş”, Antalyaya getməyə qoymamışdı. Səbəb kimi də maliyyə vəziyyəti göstərilmişdi. Ancaq ötən yay Bolqarıstanda, qışda isə Türkiyədə hazırlıq keçmək üçün vəsait tapılmışdı. Gözlənilirdi ki, ədalət təmsilçiləri bu dəfə də Bolqarıstana gedəcəklər. Daha doğrusu, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mövsüm başa çatandan sonra qəzetimizə verdiyi müsahibədə bu barədə danışmışdı: “Hələ dəqiq bilinmir, nə vaxt, hara gedəcəyik. İstəyimiz var ki, toplanışımız ötən ildəki kimi Bolqarıstanda olsun. Adətən, bütün ölkələr yayda Avstriyaya gedir. Keçən ildən başlayaraq, Bolqarıstanın Bansko şəhəri bütün Avropanın diqqətini cəlb edib. İndi Avstriyaya yox, daha çox ora gedirlər. Hətta eşitmişəm ki, bizim bir-iki komanda da ora getmək istəyir. Bir il ərzində orda xeyli meydançalar salınıb. Şəhərdə otel doludu. İstəyimiz budu, nə dərəcədə reallaşacağını zaman göstərəcək”.
Ancaq komitə sədrinin “arzusu qursağında qalacaq”. Belə ki, əldə etdiyimiz bilgiyə görə, AFFA toplanışı ləğv edib. Səbəb kimi yenə maddi durumun yetərli olmaması göstərilib. Çox güman, təlim-məşq toplanışı yenə Bakıda keçiriləcək. Heç şübhəsiz, yoxlama oyunu idarə etməmələri hakimlərin durumuna təsirsiz ötüşməyəcək. Ədalət təmsilçiləri oyun təcrübəsinin olmamasından əziyyət çəkəcək. Düzdü, FİFA referiləri bir neçə beynəlxalq oyunda iştirak edib. Hərçənd gənc referi Ömər Paşayev FİFA və UEFA bayrağı altında idarə etdikləri oyunlarda da əziyyət çəkdiklərini dilə gətirmişdi: “Əslində idarəçiliyimizdə çatışmazlığı normal qəbul edirəm. Niyə? Çətinlik odu ki, fasilədi, oyun yoxdu. İki aydan çoxdu çempionat başa çatıb. Təlim-məşq toplanışı başlamayıb ki, yoxlama oyunları idarə edib formada qalaq. Düzdü, öz üzərimizdə işləyirik. Ancaq bu, fiziki hazırlığa kömək edir. Futbolçu məşq edir, ayağı topla olduğu üçün “yadırğamır”. Amma biz uzağı qaçırıq, fiziki hərəkətlər edirik. Oyun olmasa, hakim təcrübə baxımından axsayır”.
Qış toplanışına hardasa laqeyd yanaşmaq olar. Axı söhbət yeni mövsümə hazırlıqdan gedir. Belə görünür, bizi 2017/18 mövsümünün startında “toy-bayram” gözləyir...
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR